Dünya Bankı: KOB və startapların dəstəklənməsi iqtisadi artım üçün vacibdir
sizinxeber.az xəbər saytı

Dünya Bankı: KOB və startapların dəstəklənməsi iqtisadi artım üçün vacibdir


Regionda KOB və startapların dəstəklənməsi iqtisadi artım üçün əsas imkanlardan biri kimi qiymətləndirilir.

"Report" xəbər verir ki, bunu Dünya Bankının İnkişaf layihələri üzrə baş mütəxəssisi Ramil Məhərrəmov Bakıda keçirilən İslam İnkişaf Bankı (IsDB) Qrupunun 51-ci İllik Toplantısı çərçivəsində təşkil olunmuş "Sərhədsiz Gənclik: Müştərək Regional Rifahın Hərəkətverici Qüvvəsi" tədbirində bildirib.

Onun sözlərinə görə, regionda aparılan araşdırmalar göstərir ki, bir çox ölkələrdə aşağı məhsuldarlığa malik bizneslərin payı yüksəkdir: "Bununla belə, ölkələr öz artım potensiallarını artırmaq üçün dəstəyini daha çox Kiçik və Orta Sahibkarlıq (KOB) subyektlərinə və startaplar da daxil olmaqla innovativ şirkətlərə yönəltməklə ciddi irəliləyiş əldə edə bilərlər. Bu yanaşma regionun ümumi inkişaf potensialını daha dolğun şəkildə üzə çıxara bilər".

R.Məhərrəmov əlavə edib ki, region ölkələri və İslam Əməkdaşlıq Təşkilatının (İƏT) dəstək verə biləcəyi digər vacib istiqamət gənclərin hərəkətliliyinin, xüsusilə təhsil məqsədli mobilliyin liberallaşdırılmasıdır: "Məsələn, hazırda xaricdə təhsil alan təxminən yarım milyon tələbənin təqribən 25 %-i Türkiyəyə üz tutur, qalan hissə isə müxtəlif ölkələrdə təhsil alır. Bu kontekstdə Körfəz ölkələrində mövcud olan geniş təhsil imkanlarından daha effektiv istifadə edilə, eyni zamanda Körfəz regionundan digər ölkələrə də akademik açılımlar təmin oluna bilər. Çünki dünyanın bu hissəsində və Körfəz ölkələrində bir sıra nüfuzlu ali təhsil müəssisələri fəaliyyət göstərir".

"Region kontekstində, əlbəttə ki, mövcud regional əməkdaşlıq və inteqrasiya səyləri də nəzərə alınmalıdır. Bunlardan biri güclü iqtisadi inteqrasiya modeli kimi Körfəz regionudur. Digəri Azərbaycanın da daxil olduğu Mərkəzi Asiya və Qafqaz əməkdaşlıq məkanıdır. Üçüncüsü isə daha geniş Avrasiya iqtisadi məkanıdır. Bu ölkələr arasında ticarətin genişləndirilməsi üçün ciddi potensial mövcuddur. Hazırda region ölkələri arasında ticarətin payı olduqca aşağıdır - təxminən 5–7 % səviyyəsindədir. Əvəzində ticarətin böyük hissəsi Çinlə həyata keçirilir, ikinci yerdə isə Rusiya dayanır. Bu isə onu göstərir ki, region ölkələri üçün Körfəz dövlətləri, digər İƏT üzvləri və hətta Afrika ölkələri ilə ticarət əlaqələrinin genişləndirilməsi üçün böyük imkanlar mövcuddur.

Ticarətlə yanaşı, işçi qüvvəsinin və xüsusilə gənclərin azad hərəkətliliyi də bu prosesə əlavə dəyər qazandıra bilər - istər regiona gəlməklə, istərsə də regiondan kənara çıxmaqla. Bir sıra ölkələr innovativ və yaradıcı gənclərin axınından ciddi şəkildə faydalana bilər. İƏT-in həyata keçirdiyi bütün layihələrdə "gənclərin təsir qiymətləndirilməsi" mexanizminin tətbiqi regionda gənclər təşəbbüslərinə mühüm töhfə verə bilər", - deyə Dünya Bankının nümayəndəsi qeyd edib.

Oxşar xəbərlər

Dünya Bankı: Regionda inteqrasiyanın dərinləşməsi gənclərə yeni perspektivlər açır
IsDB: Üzv ölkələrdə 150 milyon gənc iqtisadi inkişafdan kənardadır
OECD: Son 3 ildə DİM-in maliyyələşdirilməsində 25 % azalma müşahidə olunur
İdrissa Dia: "Orta Dəhliz və Bakı Limanı gənclər üçün imkanlara aparan yoldur"
Qvineyalı nazir: "DİM-in qlobal maliyyələşdirilməsinə yeni maliyyə arxitekturası tələb olunur"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər