Azərbaycanda dayanıqlı maliyyə alətləri daha da genişləndiriləcək
sizinxeber.az xəbər saytı

Azərbaycanda dayanıqlı maliyyə alətləri daha da genişləndiriləcək


Azərbaycanda növbəti dövrlərdə dayanıqlı maliyyə alətlərinin daha da genişləndirilməsi nəzərdə tutulur.

"Report" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Maliyyə Sektorunun Davamlı İnkişafı Departamentinin direktoru Rüstəm Tahirov Bakıda keçirilən İslam İnkişaf Bankı (IsDB) Qrupunun 51-ci İllik Toplantısı çərçivəsində təşkil olunmuş "8-ci DİM Dialoqu: Dayanıqlı İnkişaf üçün İnnovativ Maliyyələşdirmə: Yardım və Ənənəvi Rəsmi İnkişaf Yardımından (RİY) Kənar" tədbirində bildirib.

Onun sözlərinə görə, AMB "yaşıl kredit"lər və dayanıqlılıqla əlaqəli kreditlər üzrə müvafiq qaydaları qəbul edib və bu istiqamətdə işlər davam etdirilir: "Gələcəkdə yeni dayanıqlı maliyyə alətləri "yaşıl istiqraz"lar, dayanıqlılıqla əlaqəli istiqrazlar, "mavi istiqraz"lar və sosial istiqrazlar ola bilər. Bu tənzimləyici çərçivə dayanıqlı maliyyənin möhkəm əsasını formalaşdırır və artıq öz müsbət nəticələrini verməyə başlayır. Bildiyimiz kimi, Azərbaycan iki il əvvəl COP29-a ev sahibliyi edib. Bu tədbir ölkə üzrə maarifləndirmənin artırılması və ümumi müzakirələrdən konkret öhdəlik və layihələrə keçid baxımından mühüm impuls rolunu oynayıb. COP29 çərçivəsində Azərbaycan bank sektoru dayanıqlı və yaşıl layihələrin maliyyələşdirilməsi və keçidini dəstəkləmək məqsədilə 2 milyard manatlıq dayanıqlı maliyyə öhdəliyi qəbul edib".

Bununla belə, onun sözlərinə görə, Azərbaycanda bankların maliyyələşdirə biləcəyi layihələrin sayı - yaşıl və dayanıqlı maliyyələşməyə olan tələb kifayət qədər yüksək deyil: "Bizim tənzimləyici çərçivəmiz nəticəsində banklar yaşıl və dayanıqlı layihələri maliyyələşdirməyə başlayıblar. Bunu artıq praktiki olaraq müşahidə edirik. Banklar bərpa olunan enerji layihələrini, enerji səmərəliliyi təşəbbüslərini, ağıllı və dayanıqlı kənd təsərrüfatını, eləcə də dayanıqlı su idarəçiliyi layihələrini maliyyələşdirirlər. Bu sahələr Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Biz də bu istiqamətdə fəaliyyətimizi davam etdirəcəyik.

"Eyni zamanda, biz AMB-nin mandatının və siyasət çərçivəsinin müəyyən məhdudiyyətlərini də qəbul edirik. Biznes sektoru bildirir ki, banklar yaşıl və dayanıqlı layihələrin maliyyələşdirilməsində yetərincə aktiv deyil. Bu isə onu göstərir ki, müəyyən boşluqlar mövcuddur və hər iki tərəfin öz baxış bucağından əsaslı arqumentləri var. Bu, gözləniləndir, çünki söhbət yeni formalaşan bir maliyyə seqmentindən gedir və bu sahənin inkişafı zaman tələb edir. Digər mühüm çağırış məlumat bazası və hesabatlılıq çərçivəsi ilə bağlıdır. Banklardan dayanıqlılıq məlumatlarını IFRS S1 və S2 standartlarına uyğun açıqlamaq tələb olunsa da, qeyri-maliyyə sektoruna aid şirkətlər üçün bu tələblər hələ tam tətbiq edilmir. Bu isə məlumatların toplanılması yükünü əsasən maliyyə institutlarının üzərinə qoyur. Bu baxımdan, Maliyyə Nazirliyinin qeyri-maliyyə korporasiyaları üçün məlumat açıqlama çərçivəsi üzərində işə başlaması mühüm addımdır və gələcəkdə sistemin daha da təkmilləşdirilməsinə töhfə verəcək", - deyə AMB rəsmisi əlavə edib.

Oxşar xəbərlər

AMB rəsmisi: "Banklarında ekoloji risklərin idarə olunması gücləndirilib"
Azərbaycanda "yaşıl maliyyə" və dayanıqlı inkişaf forumu keçiriləcək
AMB: Maliyyə ekosistemində "yaşıl inkişaf" hədəfləri genişləndirilir
Nazir müavini: "Dayanıqlı inkişafın maliyyələşdirilməsində ciddi kəsir var"
Mərkəzi Asiyada dayanıqlı "yaşıl maliyyə"nin cəlbi ilə bağlı əsas maneələr açıqlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər