AMB rəsmisi: "Banklarında ekoloji risklərin idarə olunması gücləndirilib"
sizinxeber.az xəbər saytı

AMB rəsmisi: "Banklarında ekoloji risklərin idarə olunması gücləndirilib"


Azərbaycan banklarında ekoloji risklərin idarə olunması gücləndirilib.

"Sizinxeber.az" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Maliyyə Sektorunun Davamlı İnkişafı Departamentinin direktoru Rüstəm Tahirov Bakıda keçirilən İslam İnkişaf Bankı (IsDB) Qrupunun 51-ci İllik Toplantısı çərçivəsində təşkil olunmuş "8-ci DİM Dialoqu: Dayanıqlı İnkişaf üçün İnnovativ Maliyyələşdirmə: Yardım və Ənənəvi Rəsmi İnkişaf Yardımından (RİY) Kənar" tədbirində bildirib.

Onun sözlərinə görə, dayanıqlı maliyyə AMB-nin strateji fəaliyyət çərçivəsinin əsas sütunlarından biridir: "Bunun bir neçə mühüm səbəbi var. Birincisi, Azərbaycanın iqlim və digər ekoloji risklərə məruz qalma dərəcəsi yüksəkdir. Bu risklər həm keçid, həm də fiziki riskləri əhatə edir. Eyni zamanda, bu risklər bəzi maliyyə institutlarında özünü büruzə verərək Mərkəzi Bankın əsas mandatına, xüsusilə maliyyə sabitliyi mandatına təsir göstərir. Buna görə də AMB risklərin idarə olunması və aşağı karbonlu iqtisadiyyata keçidin yaratdığı imkanlardan faydalanmaq məqsədilə dayanıqlı maliyyəni strateji prioritetlərindən biri kimi müəyyən edib. Bu yanaşma çərçivəsində dayanıqlı maliyyə yol xəritəsi və yaşıl taksonomiya qəbul edilib, banklarda iqlim və digər ekoloji risklərin idarə edilməsinə dair qaydalar tətbiq olunub, həmçinin hesabatlılıq və məlumatların açıqlanması tələbləri gücləndirilib. Bu tənzimləyici tədbirlər dayanıqlı və yaşıl fəaliyyətlərə vəsait axınının təmin olunması üçün möhkəm əsas formalaşdırılıb".

"İlk növbədə, dayanıqlı maliyyə çərçivəsi - xüsusilə yaşıl maliyyə və yaşıl taksonomiya - həm dövlət, həm də özəl sektor üçün vəsaitlərin yönləndirilməsinə xidmət edən strateji bir alətdir. Digər tərəfdən isə Azərbaycan hökumətinin xüsusilə Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr (NDC3) çərçivəsində beynəlxalq iqlim öhdəlikləri mövcuddur. Taksonomiya bu kontekstdə vəsaitlərin prioritet sahələrə yönəldilməsinə və dekarbonizasiya prosesinin sürətləndirilməsinə imkan verir", - deyə AMB rəsmisi əlavə edib.

Bundan başqa, o deyib ki, Dünya Bankının qiymətləndirmələrinə görə, ölkənin xalis sıfır (net-zero) emissiyalara nail olması üçün hər il ÜDM-in təxminən 2,3 %-i qədər əlavə maliyyələşməyə ehtiyacı olacaq: "Bu, kifayət qədər böyük məbləğdir və taksonomiya bu məqsədə çatmaq üçün mühüm alət rolunu oynaya bilər. Özəl sektor üçün isə bu, eyni zamanda bir imkandır. Taksonomiyanın tətbiqi özəl sektorun maliyyələşmə bazasını genişləndirməyə və diversifikasiya etməyə şərait yaradır, həmçinin dayanıqlı biznes inkişafı və keçid planlaması üçün yaşıl maliyyə alətlərinə çıxışı asanlaşdırır. Bu, xüsusilə əhəmiyyətlidir. Eyni zamanda, taksonomiya bazar iştirakçıları üçün aydınlıq yaradır: yaşıl nədir, keçid mərhələsində olan fəaliyyətlər hansılardır və uyğun fəaliyyətlər necə müəyyən edilir. Bu isə bazarın dürüstlüyünün və etibarlılığının qorunması baxımından vacib rol oynayır".

Oxşar xəbərlər

Şahin Mahmudzadə: "ESG və iqlim risklərinin prudensial çərçivəyə inteqrasiyası bu il tamamlanacaq"
AMB: Maliyyə ekosistemində "yaşıl inkişaf" hədəfləri genişləndirilir
Azərbaycanda dayanıqlı maliyyə alətləri daha da genişləndiriləcək
OECD: Son 3 ildə DİM-in maliyyələşdirilməsində 25 % azalma müşahidə olunur
Nazir müavini: "Dayanıqlı inkişafın maliyyələşdirilməsində ciddi kəsir var"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər