Nazir müavini: "Fermerlər üçün orqanik sertifikatlaşma prosesi sadələşdirilməlidir"
sizinxeber.az xəbər saytı

Nazir müavini: "Fermerlər üçün orqanik sertifikatlaşma prosesi sadələşdirilməlidir"


İntensiv tipli bağlarda müşahidə olunan məhsuldarlıq göstəriciləri ənənəvi üsulla salınmış bağlardakından 2-3 dəfə çoxdur.

"Sizinxeber.az"un Ağdaşa ezam olunmuş əməkdaşı xəbər verir ki, bu barədə kənd təsərrüfatı nazirinin müavini Seymur Səfərli jurnalistlərə açıqlamasında bildirib.

Nazir müavini qeyd edib ki, hazırda ölkə üzrə intensiv bağların ümumi əkin sahəsi 50 min hektarı əhatə edir: "Bu intensiv bağlarda aparılmış araşdırmaların nəticələri göstərir ki, intensiv bağlardakı məhsuldarlıq səviyyəsi ənənəvi bağlarla müqayisədə 2-3 dəfə yüksəkdir. Bu səbəbdən biz intensiv bağların sahəsinin 50 min hektardan 70 min hektara qədər genişləndirilməsini prioritet hədəf kimi müəyyənləşdirilib.

Əsas məqsəd fermer təsərrüfatları üçün sertifikatlaşma prosesini həyata keçirmək, yəni orqanik sertifikatların alınmasını onlar üçün sadələşdirmək və beynəlxalq ticarət bazarlarına çıxış məsələsində onlara köməklik göstərməkdir. Məlumdur ki, dövlət başçısının imzaladığı son sərəncamlarla ixrac istiqamətində logistika dəstəklərinin təmin edilməsi də nəzərdə tutulub. Bütün bunlar fermerlərimizə xarici bazarlara daxil olmaq üçün əhəmiyyətli imkanlar yaradacaq".

S. Səfərli Azərbaycanda intensiv kənd təsərrüfatının inkişafı əsas prioritetlərinə toxunaraq qeyd edib ki: "Bugünkü məqsədimiz regionlarda keçirilən müşavirələr səviyyəsində fermerlərin, sahibkarların, yerli icra hakimiyyətlərinin və dövlət qurumlarının dövlət proqramı ilə bağlı məlumatlandırılması, kənd təsərrüfatında proqram çərçivəsində həyata keçiriləcək tədbirlərin onlara çatdırılması və yerlərdə kənd təsərrüfatının inkişafına nail olmaqdır.

Bu məqsədlə ilk olaraq Ağdaş rayonunda müşavirə keçirilib. Fermerlər, sahibkarlar, o cümlədən müxtəlif dövlət qurumlarının iştirakı ilə keçirilən müşavirədə kənd təsərrüfatının əsas prioritet istiqamətləri müəyyənləşdirilib. İlk növbədə məhsuldarlığın artırılmasına, xüsusilə ərzaqlıq buğda və pambıq istehsalında məhsuldarlığın yüksəldilməsinə nail olmaq hədəflənir. İntensiv kənd təsərrüfatının, intensiv bağçılığın, istixana sahələrinin inkişafı əsas prioritetlərdən biridir. Məqsədimiz təkcə sahələrin artırılması deyil, eyni zamanda intensiv əkinçiliyin, intensiv heyvandarlığın inkişafı ilə daha çox məhsul istehsalına nail olmaqdan ibarətdir".

Nazir müavininin sözlərinə görə, əsas istiqamətlərdən biri ixrac potensialının artırılmasıdır: "Yerlərdə emal sənayesinin inkişaf etdirilməsi, məhsulun tarladan birbaşa son emal məhsuluna çevrilərək əlavə dəyər yaradılması və onun ixrac potensialının genişləndirilməsindən ibarətdir. Son nəticədə bütün bu proseslər ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasına və fermerlərin gəlirlərinin artmasına səbəb olacaq".

Oxşar xəbərlər

ADSEA: Azərbaycanda regionlar üzrə su balansı əsasında əkin planlaması aparılacaq
İlhamə Qədimova: "Azərbaycanın aqrar sektorunda artım ixracyönümlü sahələr hesabınadır"
Azərbaycanda intensiv bağçılıq və istixana ilə bağlı əsas prioritetlər açıqlanıb
Nazir: "Qarabağda 14 min hektara yaxın kənd təsərrüfatı torpağı investorlara verilib" – EKSKLÜZİV
Netanyahu: Girovların azad edilməsi üçün intensiv danışıqlar gedir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər