Ələtdə günəş panelləri, külək turbinləri və enerji saxlama sistemlərinin istehsalı planlaşdırılır
sizinxeber.az xəbər saytı

Ələtdə günəş panelləri, külək turbinləri və enerji saxlama sistemlərinin istehsalı planlaşdırılır


Ələt Azad İqtisadi Zonasında bərpa olunan enerji avadanlıqlarının istehsalının təşkili nəzərdə tutulur.

"Sizinxeber.az-Economics" xəbər verir ki, bunu Ələt Azad İqtisadi Zonasının İdarə Heyətinin sədri Valeh Ələsgərov Bakıda keçirilən "Texnovasiya - dayanıqlı iqtisadi transformasiya naminə elm və innovasiya" tədbirində deyib.

Onun sözlərinə görə, iri həcmli külək enerjisi layihələri üçün istifadə olunan avadanlıqların xaricdən daşınması həm mürəkkəb, həm də yüksək xərc tələb edən prosesdir.

Valeh Ələsgərov bildirib ki, bu səbəbdən Ələt Azad İqtisadi Zonasında günəş panelləri istehsalı müəssisələrinin yaradılması istiqamətində iş aparılır.

O qeyd edib ki, ilkin mərhələdə bu müəssisələrin ümumi istehsal gücünün 3 giqavat olması, sonrakı mərhələdə isə 10 giqavata çatdırılması nəzərdə tutulur.

İdarə Heyətinin sədri vurğulayıb ki, növbəti mərhələdə külək elektrik stansiyaları üçün qanadların və qüllələrin yerli istehsalının təşkili də planlaşdırılır.

Valeh Ələsgərov diqqətə çatdırıb ki, enerji saxlama sistemlərinin istehsalı da prioritet istiqamətlərdən biridir: "Enerji saxlama sistemləri olmadan günəş və külək enerjisi istehsalının həcmini artırmaq çətindir. Bir çox elektrik şəbəkələri yüksək həcmdə yaşıl enerjini qəbul etməyə hazır deyil".

Onun sözlərinə görə, günəş panelləri, külək turbinlərinin əsas komponentləri və enerji saxlama sistemlərinin istehsalı Azərbaycanda yaşıl enerji sənayesinin inkişafını sürətləndirə bilər.

Oxşar xəbərlər

Valeh Ələsgərov: Ələt Azad İqtisadi Zonasının yanaşmasına görə bəzən tənqid olunuruq
Çin şirkəti Ələtdə günəş panelləri istehsalı müəssisəsinin tikintisinə hazırlaşır
Valeh Ələsgərov: Ələtdə tikilən hava limanından ancaq yükdaşımalarda istifadə olunmayacaq
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Valeh Ələsgərov: “Ələt Azad İqtisadi Zonasında 138 hektar ərazi investorlara təqdim ediləcək”

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər