Danimarka səfiri: Azərbaycanla Avropada sülhün və sabitliyin qorunmasında ortaq maraqlarımız var - MÜSAHİBƏ
Danimarkanın iqamətgahı Ankarada olan Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ole Toft "Sizinxeber.az"un Türkiyə bürosuna müsahibəsində iki ölkə arasında əlaqələrin tarixi, bu günü, hər iki ölkənin Avropadakı mövqeyi, Azərbaycanın regiondakı rolu və digər məsələlərdən bəhs edib:
- Cənab səfir, hələ 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti dövründə Bakıda Birjevaya küçəsi 32 ünvanında (indiki Üzeyir Hacıbəyov küçəsi-red) "Elektriçeskaya Sila" şirkətinin binasında Danimarkanın nümayəndəliyi yerləşib. 1992-ci ilin aprelində ölkələrimiz arasında diplomatik əlaqələr qurulub. Bu əlaqələri necə dəyərləndirirsiz? Azərbaycan-Danimarka münasibətlərində prioritet hesab olunan regional və beynəlxalq məsələlər hansılardır?
- Həqiqətən də, Azərbaycan ilə Danimarka arasındakı münasibətlərin dərin tarixi kökləri var. Sizin də qeyd etdiyiniz kimi, Azərbaycan Xalq Cümhuriyyəti dövründə Danimarkanın Bakıda nümayəndəliyi fəaliyyət göstərib. Bu, həmin dövrdə Azərbaycanın ticarət və enerji sahəsində mühüm mərkəz kimi rolunun, eləcə də regiondakı strateji əhəmiyyətinin tanındığını göstərirdi.
Düşünürəm ki, hər şeydən əvvəl, Köhnə Dünyanın fərqli ucunda yerləşən iki Avropa ölkəsiyik: Danimarka şimal-qərbdə, Azərbaycan isə cənub-şərqdədir. Buna görə də qitəmizdə sülhün və sabitliyin qorunmasında ortaq maraqlarımız var. Məhz bu səbəbdən belə məsələlərin ətrafında davamlı dialoqun aparılmasına böyük önəm veririk.
Bu zərurət xüsusilə Ukraynada gedən müharibədən sonra daha da güclənib. Çünki İkinci dünya müharibəsindən bəri ilk dəfədir ki, Avropada belə genişmiqyaslı bir savaşla üz-üzəyik. Bu vəziyyət hamımızın qitəmizdə sülh və sabitliyin təmin olunması istiqamətində birgə çalışmağımızın vacibliyini bir daha göstərir.
Eyni zamanda, Danimarka və Azərbaycan iqtisadi-ticari əlaqələrin inkişaf etdirilməsində də maraqlıdır. Son illərdə Cənubi Qafqazda müşahidə olunan müsbət proseslər, sülh gündəliyinin irəliləməsi, eləcə də Azərbaycan üzərindən keçən yeni və daha inkişaf etmiş nəqliyyat, enerji dəhlizlərinin yaradılması imkanları bu əməkdaşlığı daha da gücləndirir.
Bu gün Azərbaycanı müəyyən mənada regionun əsas qovşaqlarından biri adlandırmaq olar. Ölkə həm avtomobil və nəqliyyat infrastrukturu, həm də enerji sahəsində region üçün mühüm bir mərkəzə çevrilməkdədir.
Dediyim kimi, Avropada sülh və sabitliyin təmin olunması ilə bağlı ortaq maraq əsasında aramızda həm də siyasi dialoq mövcuddur. Eyni zamanda iqtisadi və ticarət əməkdaşlığımız da sürətlə artır. Danimarka kiçik ölkə olsa da, bir sıra böyük şirkətlərimiz var.
Mən görürəm ki, Danimarka şirkətləri Azərbaycan və Cənubi Qafqazda baş verən inkişaf proseslərinə maraq göstərir, xüsusilə Orta Dəhlizdəki imkanlar və Azərbaycanın enerji sektorunun inkişafı baxımından – həm neft və qaz, həm də bərpa olunan enerji sahələrində. Bərpa olunan enerji sahəsində Danimarkanın böyük şirkətləri mövcuddur və onlardan bəziləri Azərbaycanda fəaliyyət göstərir.
- Yaxın günlərdə Danimarkanın rəsmi nümayəndə heyəti ilə birlikdə Azərbaycanda səfərdə oldunuz. Əsas müzakirə mövzuları nələr idi?
- Bəli, mən Bakıda Danimarkanın bir əczaçılıq şirkətinin yeni məhsulunun təqdimatında iştirak etdim. Həmçinin Danimarka nümayəndə heyəti ilə birlikdə Azərbaycanın iqtisadiyyat naziri ilə də görüşdüm. Bizim nazirlik nümayəndələri ilə mütəmadi əlaqələrimiz olur.
Bu, 2026-cı ildə Azərbaycana üçüncü səfərim idi, yəni təxminən hər iki aydan bir orada oluram. Bu da Danimarka ilə Azərbaycan arasında artan əməkdaşlığın göstəricisidir. Azərbaycan Xarici İşlər Nazirliyində, həmçinin Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov ilə görüşlər keçirmişəm. Yəni Azərbaycan tərəfi ilə mütəmadi görüşlərimiz olur. Eyni zamanda, Azərbaycanın Stokholmda yerləşən səfirliyi ilə çox yaxşı əməkdaşlığımız mövcuddur.
- Sizcə, Prezident İlham Əliyevin 2025-ci ilin oktyabrın 1-də Kopenhagendə keçirilən Danimarka Kralı və Kraliçası adından verilən ziyafətdə iştirakı Azərbaycan-Danimarka münasibətlərinin inkişafına, hansı töhfələr verdi, gələcək əməkdaşlıq üçün hansı imkanlar açdı?
- Bu cür görüşlər, əlbəttə ki, çox böyük əhəmiyyət kəsb edir və biz Azərbaycan Prezidentinin ötən il Danimarkaya səfəri, Avropa Əlaqələri üzrə Əməkdaşlıq Şurasının (AƏƏK) iclasında iştirak etməsindən şərəf duyuruq.
Azərbaycan da eynilə 2028-ci ilin yazında Avropa Əlaqələri üzrə Əməkdaşlıq Şurasının toplantısına ev sahibliyi edəcək. Rəsmi Danimarka sözügedən tədbirdə iştirak edəcək və əlbəttə ki, biz bunu səbirsizliklə gözləyirik. Danimarka Baş naziri də COP29 ilə əlaqədar Azərbaycana səfər edib və həmin tədbirdə iştirak edib. Buna görə də yüksək səviyyədə keçirilən bu görüşlər son dərəcə mühüm əhəmiyyət daşıyır.
- Yeri gəlmişkən, son illər Azərbaycanın irimiqyaslı beynəlxalq tədbirlərə ev sahibliyi etməsindəki rolunu necə qiymətləndirirsiniz?
- Azərbaycan və Bakı bu cür böyük beynəlxalq tədbirlərin keçirildiyi çox yaxşı məkan kimi tanınır. Mən hesab edirəm ki, COP29 uğurlu oldu. Ötən il mən Beynəlxalq Telekommunikasiya İttifaqının konqresində də iştirak etmişdim - bu da Bakıda keçirilən çox böyük bir tədbir idi. Həmçinin Bakı Ümumdünya Şəhərsalma Forumuna (WUF13) ev sahibliyi etdi, bu da olduqca genişmiqyaslı bir konfransdır. Ümumilikdə, Azərbaycan bu cür böyük tədbirləri və görüşləri hər zaman çox peşəkar şəkildə təşkil edir.
- Danimarka Azərbaycan ilə iqtisadi sahədə yeni layihə və investisiya imkanlarını görürmü? İki ölkə arasında ticarət dövriyyəsinin artırılması üçün konkret addımlar atılacaqmı? Azərbaycan iqtisadiyyatının hansı sektorları Danimarka investorları üçün cəlbedici hesab olunur?
- Əvvəl də dediyim kimi, biz Orta Dəhliz ideyası, regionda yeni nəqliyyat dəhlizlərinin yaradılması və həmçinin yeni enerji bağlantılarının formalaşdırılması ilə bağlı açılan bütün imkanlara böyük maraq göstəririk. Nəqliyyat və logistika sektorunda dünyanın ən böyük şirkətlərindən bəziləri Danimarkanındır. Eyni zamanda, bərpa olunan enerji sahəsində də çox böyük şirkətlərimiz var.
Buna görə də biz həm Azərbaycan və regionda nəqliyyat infrastrukturunun inkişafına, həm də bərpa olunan enerji potensialının, o cümlədən Xəzərdə dəniz külək enerjisinin inkişaf etdirilməsi imkanlarına böyük maraq göstəririk.
- Ölkələrimiz arasında hazırkı ticarət əməkdaşlığının səviyyəsi necədir? Hər iki tərəf üzrə əsas ixrac və idxal məhsulları hansılardır?
- Biz iki istiqamətdə çox müxtəlif məhsullarla ticarət aparırıq. Ticarətdə ciddi şəkildə üstünlük təşkil edən tək bir məhsul yoxdur; əksinə, ticarət kifayət qədər şaxələnib. Danimarka tərəfindən Azərbaycana ixrac edilən əsas məhsullardan biri əczaçılıq məhsullarıdır. Azərbaycandan isə Danimarkaya kənd təsərrüfatı məhsulları idxal edirik.
- Ölkələrimiz arasında turizm əlaqələrinin vəziyyətini necə xarakterizə edərdiniz?
- Mən hesab edirəm ki, hər iki istiqamətdə güclü inkişaf potensialı var. Cənubi Qafqaz, o cümlədən Azərbaycan, eləcə də Mərkəzi Asiya Danimarka turistləri üçün getdikcə daha populyar istiqamətlərə çevrilir. Düşünürəm ki, turizm orada inkişaf edən bir fəaliyyətdir.
Azərbaycanın güclü idman mədəniyyətinin olduğunu bilirəm. Siz Olimpiya Oyunlarında daima yaxşı nəticələr göstərirsiniz. Keçən il mən Bakıda olarkən Danimarkanın futbol çempionu FC "Kopenhagen" ilə sizin "Qarabağ" FK arasında Çempionlar Liqasının oyununu izləmişəm. "Qarabağ" həmin oyunda qalib gəldi. Bizim komandamız məğlub olsa da, çox xoş və maraqlı bir axşam və gözəl bir oyun idi.
- Siz Bakıya bir neçə dəfə səfər etdiyinizi dediniz. Bu səfərlərinizdən hər hansı xatirə suveniri aldınızmı?
- Mən kiçik bir xalça almışam. Azərbaycan xalça mədəniyyəti mənə çox maraqlıdır. Bakıda Xalça Muzeyini ziyarət etdim - möhtəşəmdir. Azərbaycan xalçaları xüsusi və unikaldır, Danimarkada gördüyünüz əksər xalçalardan - əsasən fars xalçalarından xeyli fərqlənir. Azərbaycan xalçalarının özünəməxsus üslubu var. Gördüyüm qədərilə keyfiyyətləri də yüksəkdir.
Mən həmçinin neft emalı zavodunun yaxınlığında böyümüşəm, çünki atam orada menecer idi. Buna görə də neft sənayesinin tarixinə marağım özəldir. Bu səbəbdən Bakıya səfər mənim üçün xüsusilə maraqlıdır, Azərbaycanda XIX əsrin sonlarında neft sənayesinin inkişafı haqqında məlumat əldə edə bildim.
– Maraqlı söhbətə görə çox sağ olun.
– Buyurun.
Oxşar xəbərlər
Azərbaycan və Danimarka səhiyyə sektorunda tərəfdaşlıq imkanlarını müzakirə edib
Ole Toft: “Yaşıl” keçid iqlim dəyişikliyi problemini həll etmək üçün şərt oldu
Oman səfiri: Azərbaycanla əlaqələri bütün sahələrdə inkişaf etdirmək prioritetlərdəndir
Prezident: Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması böyük tarixi hadisə idi
İqamətgahı Ankarada olan Somalinin Azərbaycandakı səfiri əməkdaşlıq məsələlərini müzakirə üçün Bakıya səfər edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İlham Əliyev: "Bu gün yoxsulluğun və işsizliyin səviyyəsi təqribən 5 faiz təşkil edir"
-
Qana millisinin baş məşqçisi Karluş Keyroş: "Dünya çempionatında qələbə asan əldə olunmur"
-
Tramp və Pezeşkian ABŞ-İran sazişinin nüsxəsini imzalayıblar
-
Ağakərim Səmədzadə: "Azərbaycan ekoloji siyasəti iqtisadiyyatın bütün əsas sahələrinə inteqrasiya edir"
-
Cəlal Hüseynov: "Rumıniya klubuna keçidim karyeramda irəliyə atılan addımdır"
-
Yəmən sahilində daha bir gəmiyə silahlı hücum oldu
