İlhamə Qədimova: Məhsulu beynəlxalq bazarların tələb etdiyi standartlara uyğun təqdim etməliyik
Kənd təsərrüfatında mühüm istiqamətlərdən biri də texnika təminatının yaxşılaşdırılmasıdır. Bu gün məhsuldarlığın artırılması üçün müasir texnika ilə təminat əsas şərtlərdən biridir. Vaxtında səpin, vaxtında becərmə, vaxtında yığım — bunların hamısı texnikanın mövcudluğundan və onun düzgün idarə olunmasından asılıdır.
Sizinxeber.az xəbər verir ki, bunu bunu kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın müzakirəsi ilə bağlı Şəmkirdə Qazax-Tovuz iqtisadi rayonu rayonu üzrə regional müşavirədə deyib.
O bildirib ki, “2026-2030-cu illər üzrə kənd təsərrüfatının, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafı ilə bağlı Dövlət Proqramı”nda 22 rayon üçün kombayn parkının 571 ədəd yeni kombaynla yenilənməsi nəzərdə tutulur. Bu, taxılçılıqda məhsul itkilərinin azaldılması və yığım prosesinin optimal müddətdə başa çatdırılması baxımından mühüm addımdır:
"Torpaq resurslarından səmərəli istifadə Proqramın əsas istiqamətlərindən biridir. Bu sahədə ən mühüm texnologiyalardan biri lazer hamarlama, yəni lazer mala texnologiyasıdır.
Lazer hamarlama torpağın səthinin bərabər formada hazırlanmasını təmin edir. Bu texnologiya suvarmanın daha bərabər aparılmasına, su itkilərinin azalmasına, torpağın şoranlaşma riskinin aşağı düşməsinə, toxumun daha bərabər çıxış verməsinə və nəticədə məhsuldarlığın artmasına şərait yaradır.
Dövlət Proqramında lazer hamarlama texnologiyasının tətbiqi üçün subsidiya mexanizminin tətbiqi nəzərdə tutulur. Ümumilikdə 22 rayonda 84,9 min hektar sahədə lazer hamarlamanın tətbiqi planlaşdırılır.
Bu, xüsusilə suvarılan taxıl sahələri üçün çox vacibdir. Çünki sahə düzgün hamarlanmadıqda su bir hissədə yığılır, digər hissəyə çatmır. Nəticədə bir yerdə bitki boğulur, başqa yerdə susuz qalır. Lazer hamarlama isə suvarmanın səmərəliliyini artırır və sahənin bütün hissələrində bərabər inkişaf üçün şərait yaradır.
Fermerlərə bu istiqamətdə tövsiyəmiz ondan ibarətdir ki, iri sahələrdə, xüsusilə 5 hektardan yuxarı əkinlərdə lazer hamarlama texnologiyasının tətbiqinə ciddi yanaşsınlar. Bu, ilk mərhələdə xərc kimi görünə bilər, lakin suya qənaət, məhsuldarlıq artımı və torpağın uzunmüddətli qorunması baxımından iqtisadi cəhətdən səmərəli yanaşmadır".
İlhamə Qədimova əlavə edib ki, növbəti istiqamət taxıl siloları və soyuducu anbar infrastrukturunun yaxşılaşdırılmasıdır. İstehsalı artırmaq vacibdir, lakin məhsulu düzgün saxlamaq və bazara düzgün çıxarmaq da bir o qədər vacibdir:
"Əgər fermer məhsulu yığdıqdan sonra saxlama imkanı yoxdursa, o, məhsulu dərhal və çox vaxt aşağı qiymətə satmağa məcbur olur. Bu isə fermerin gəlirinə mənfi təsir göstərir. Eyni zamanda məhsul itkiləri artır, keyfiyyət qorunmur, emal və ixrac imkanları məhdudlaşır.
Dövlət Proqramında 150 min ton əlavə taxıl silolarının qurulması üçün dəstək mexanizmlərinin hazırlanması və tətbiqi nəzərdə tutulur. Bu istiqamətdə avadanlıqların qiymətinin 40 faizinə güzəşt, 40-50 faizinə isə kredit faiz subsidiyası tətbiq ediləcək.
Soyuducu anbarlar üzrə də 100 min ton əlavə tutumun yaradılması təşviq olunacaq. Burada da avadanlıqların qiymətinin 40 faizinə güzəşt, 40-50 faizinə kredit faiz subsidiyası nəzərdə tutulur.
Bu dəstək mexanizmləri həm taxılçılıqda, həm meyvəçilikdə, həm tərəvəzçilikdə, həm də ixracyönümlü məhsul istehsalında böyük əhəmiyyət daşıyır. Məhsulun saxlanması fermerə bazara daha uyğun zamanda çıxmaq imkanı verir. Bu isə gəlirin artmasına, ixracın genişlənməsinə və ərzaq təhlükəsizliyinin güclənməsinə xidmət edir.
Qazax-Tovuz iqtisadi rayonu üçün bu istiqamət xüsusi önəm daşıyır. Regionda taxılçılıqla yanaşı, meyvəçilik, tərəvəzçilik potensialı var. Bu potensialın dəyərə çevrilməsi üçün saxlama, soyutma, çeşidləmə, qablaşdırma və emal infrastrukturu genişləndirilməlidir.
Dövlət Proqramının mühüm istiqamətlərindən biri də intensiv bağçılığın genişləndirilməsidir. İntensiv və super intensiv bağlar müasir kənd təsərrüfatının ən perspektivli sahələrindən biridir. Bu bağlarda bir hektardan daha çox məhsul götürmək, su və torpaq resurslarından daha səmərəli istifadə etmək, məhsulun keyfiyyətini və ixrac imkanlarını artırmaq mümkündür.
2030-cu ilə qədər intensiv bağların genişləndirilməsi, istehsal həcminin artırılması və bağçılıqda dəyər zəncirinin gücləndirilməsi əsas hədəflərdən biridir. Bu istiqamətdə fermerlərə ilkin investisiya dəstəyinin göstərilməsi nəzərdə tutulur. Bu çox vacibdir, çünki intensiv bağın salınması ilkin mərhələdə daha böyük yatırım tələb edir.
Bundan əlavə, intensiv və super intensiv bağlarda müasir suvarma sistemlərinin tətbiqi dəstəklənəcək. Bu sahədə suvarma düzgün qurulmasa, bağın məhsuldarlığı və davamlılığı təmin oluna bilməz. Ona görə də bağçılıqla suvarma siyasəti birlikdə aparılmalıdır.
Bağçılıqda aqrotexniki qulluq üçün nəzərdə tutulan subsidiyanın bir hissəsinin avans şəklində əvvəlcədən ödənilməsi də mühüm dəstək mexanizmi olacaqdır. Çünki bağçılıqda budama, gübrələmə, xəstəlik və zərərvericilərə qarşı mübarizə, suvarma və digər qulluq tədbirləri vaxtında aparılmalıdır. Fermerin mövsümün əvvəlində maliyyə imkanının olması bu tədbirlərin keyfiyyətinə birbaşa təsir edir".
Nazir müavini əlavə edib ki, sertifikatlaşma subsidiyasının tətbiqi nəzərdə tutulur. Global G.A.P. və orqanik sertifikatlar ixrac bazarlarına çıxış üçün mühüm şərtdir. Biz yalnız məhsul istehsal etməməliyik, həm də həmin məhsulu beynəlxalq bazarların tələb etdiyi standartlara uyğun təqdim etməliyik.
Məhsul subsidiyasının alma və nar üzrə tətbiqi də bağçılıqda istehsalçıların təşviqi baxımından əhəmiyyətlidir. Bu, həm məhsuldarlığın artırılmasına, həm də ixracyönümlü bağçılığın inkişafına xidmət edəcək.
Oxşar xəbərlər
Kənd təsərrüfatında pivot, damlama və sprinkler suvarma sistemlərinin tətbiqi genişləndiriləcək
İlhamə Qədimova: Buğda istehsalında məhsuldarlığın artırılması üçün yalnız subsidiya kifayət deyil
ADSEA sədri: Dövlət Proqramının ana xəttini intensiv təsərrüfatçılığa keçid təşkil edir
Nazir müavini: Yeni dövlət proqramı aqrar dəyər zəncirinin bütün mərhələlərini əhatə edir
Xüsusi nümayəndə: Qarabağ və Şərqi Zəngəzur ümumi su balansımıza tam inteqrasiya olunur
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İlham Əliyev: "Bu gün yoxsulluğun və işsizliyin səviyyəsi təqribən 5 faiz təşkil edir"
-
Qana millisinin baş məşqçisi Karluş Keyroş: "Dünya çempionatında qələbə asan əldə olunmur"
-
Ağakərim Səmədzadə: "Azərbaycan ekoloji siyasəti iqtisadiyyatın bütün əsas sahələrinə inteqrasiya edir"
-
Cəlal Hüseynov: "Rumıniya klubuna keçidim karyeramda irəliyə atılan addımdır"
-
Yəmən sahilində daha bir gəmiyə silahlı hücum oldu
-
"İnter" Marko Palestra üçün "Atalanta"ya təklif göndərib
