
Fuad Nağıyev: "Azərbaycan Avropanı regionla birləşdirən əlçatan mərkəzə çevrilib"

Fuad Nağıyev: "Azərbaycan Avropanı regionla birləşdirən əlçatan mərkəzə çevrilib"
Azərbaycan hazırda Avropa ölkələrini regionun digər istiqamətləri ilə birləşdirən əlçatan və strateji mərkəzə çevrilib.
“Report” xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Bakıda keçirilən BMT-nin Turizmin Avropa üzrə Regional Komissiyasının 71-ci iclasında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, turizm sektoru 2023-cü ildə Azərbaycanın ümumi daxili məhsuluna (ÜDM) 4,5 % töhfə verib və bu müsbət dinamikanın 2025-ci ildə də davam edəcəyi gözlənilir:
“Azərbaycan bir çox Avropa ölkələri üçün strateji tərəfdaş olaraq, həmçinin Avropanın enerji xəritəsində mühüm yer tutur. Biz turizm də daxil olmaqla müxtəlif sahələr üzrə Avropa tərəfdaşlarımızla əməkdaşlığın gücləndirilməsinə sadiqik. Birbaşa hava bağlantılarının genişlənməsi, sadələşdirilmiş elektron viza sistemi və qonaqpərvər mühit sayəsində Azərbaycan bu gün Avropanı regionun digər istiqamətləri ilə birləşdirən əlçatan mərkəz statusunu möhkəmləndirib”.
F. Nağıyev qeyd edib ki, Azərbaycanın 2024-cü ildə COP29-a ev sahibliyi etməsi ölkənin beynəlxalq turizm sahəsində rolunu əhəmiyyətli dərəcədə artırıb:
“Bu il ilk dəfə olaraq turizm məsələləri COP gündəliyinə daxil edilib. Bu da Azərbaycanın BMT-nin Turizm Təşkilatı ilə tərəfdaşlığı nəticəsində mümkün olub. COP29 Prezidentliyi, Dövlət Turizm Agentliyi və BMT Turizm Təşkilatı tərəfindən iki yüksək səviyyəli dəyirmi masa ilə yanaşı ilk turizm nazirləri tədbiri də təşkil olunub. Bu çərçivədə əsas nəticə kimi “Turizmdə Gücləndirilmiş İqlim Fəaliyyəti üzrə COP29 Bəyannaməsi” təqdim edilib. Artıq bu təşəbbüs 70-dən çox ölkə, o cümlədən bir sıra Avropa dövlətləri tərəfindən dəstəklənib. Biz fürsətdən istifadə edərək digər tərəfdaş ölkələri də bu mühüm təşəbbüsə qoşulmağa dəvət edirik”.