AFFA yerli futbolçuların meydana çıxmasına görə klublara veriləcək mükafatı açıqlayıb
sizinxeber.az xəbər saytı

AFFA yerli futbolçuların meydana çıxmasına görə klublara veriləcək mükafatı açıqlayıb


AFFA İcraiyyə Komitəsinin fevralın 3-dəki qərarına əsasən, 2025/2026 mövsümündə Misli Premyer Liqasında çıxış edən klubların heyətində yerli futbolçuların meydana çıxmasına görə maliyyə təşviq mexanizmi tətbiq edilir.

"Report" milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, qərara əsasən, bonus fondu çempionatda iştirak edən klubların sifariş vərəqəsində yer alan legioner futbolçular üzrə ödəniləcək rüsumlardan formalaşacaq.

Yeni qaydaya əsasən, legioner rüsumlarından ayrılacaq vəsaitin müəyyən hissəsi (minimum 1 000 000 manat) Premyer Liqada çıxış edən klublar arasında bölüşdürüləcək. Həmçinin mövsüm ərzində yerli futbolçuların (əmsallar nəzərə alınmaqla) ən çox xal topladığı klub əlavə mükafat (ümumi məbləğdən 50 000 manat) qazanacaq.

Hər bir klubun heyətində meydana çıxmış yerli futbolçuların oynadığı ümumi dəqiqə sayı Premyer Liqanın bütün klublarının yerli futbolçularının ümumi dəqiqə sayındakı faiz payına uyğun olaraq hesablanacaq.

Çempionat çərçivəsində keçiriləcək oyunlar üzrə ümumi yerli futbolçu 1,0 əmsal, 21 yaş və daha gənc yerli futbolçu 1,5 əmsal, klubun yetirməsi (əsas komandaya yüksələnə qədər eyni klubun aşağı yaş qruplarında və ya əvəzedici komandasında ardıcıl minimum 3 mövsüm çıxış etmiş futbolçu) isə 2,0 əmsalla qiymətləndiriləcək.

Hesablama yalnız 90 dəqiqəlik əsas oyun vaxtını əhatə edəcək. Əlavə edilən vaxtda meydana çıxan oyunçular üçün yalnız 1 dəqiqə qeyd olunacaq. Bir futbolçu eyni zamanda bir neçə kateqoriyaya uyğun gəldikdə, onun oyun dəqiqələri ən yüksək əmsalla hesablanacaq.

Oxşar xəbərlər

Azərbaycan Premyer Liqasında legioner limiti ləğv olunub
AFFA Məşqçilər Komitəsinin sədri: “Limitin ləğvi istər-istəməz Premyer Liqanın səviyyəsini yüksəldəcək”
"Qarabağ" çempionatda meydana ən çox legioner buraxan komanda olub
"Neftçi"nin İdarə Heyətinin üzvü Premyer Liqada legioner limitinin ləğv olunmasına münasibət bildirib
AFFA Premyer Liqaya yüksəlmiş klublara bir mövsümlük möhlət verib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər