Bakıda süni intellektin əmək bazarına təsiri müzakirə olunub
"Süni intellekt dövründə insan hüquqları: imkanlar, risklər və məsuliyyətlər" mövzusunda Ombudsmanların Beynəlxalq Bakı Sammitində "Süni intellektin əmək bazarına və məşğulluğa təsiri" adlı panel sessiyası keçirilib.
"Report"un məlumatına görə, Türkiyənin İnsan Hüquqları və Bərabərlik Qurumunun sədri Vasip Şahin Vasip Şahin deyib ki, süni intellekt sistemlərinin əsaslandığı məlumatlarda mövcud olan qərəzlər bəzən müxtəlif sosial qruplar üçün mənfi nəticələrə gətirib çıxara bilər:
"Bu baxımdan qadınlar, yaşlı şəxslər, əlilliyi olan insanlar və miqrantlar ayrı-seçkilik riskləri ilə daha çox qarşılaşa bilərlər. Məhz buna görə də texnoloji dəyişimin insan ləyaqətinə uyğun və layiqli əmək prinsiplərini dəstəkləməsini təmin etmək üçün yeni bacarıqların inkişafına yönəlmiş təhsil siyasətləri, ömürboyu öyrənmə imkanları və inklüziv sosial müdafiə mexanizmlərinin yaradılması hər zamankından daha böyük əhəmiyyət daşıyır".
Macarıstanın Fundamental Hüquqlar üzrə Müvəkkili İmre Yuhas bildirib ki, əmək dünyası və onun ayrılmaz hissəsi olan insan amili böyük dəyişikliklər qarşısındadır:
"Süni intellekt insanı yorucu, təkrarlanan və təhlükəli işlərdən azad edə bilər. O, məhsuldarlığı artırır, qərarverməni sürətləndirir və tamamilə yeni iqtisadi sahələrin yaranmasına şərait yaradır. Əhalinin yaşlandığı və işçi qüvvəsi çatışmazlığının olduğu cəmiyyətlərdə bu texnologiyalar həmin boşluğu azaltmağa kömək edə bilər. Təhlükəli işlərdə insan həyatını və əmək təhlükəsizliyini qoruya bilər. Düzgün və məsuliyyətli istifadə edildikdə texnologiya insanı əvəz etmir, əksinə, insan imkanlarını genişləndirir".
Monteneqronun İnsan Hüquqları və Azadlıqlarının Müdafiəçisi (Ombudsman) Sinişa Bjekoviç qeyd edib ki, süni intellekt bu gün həyatın, o cümlədən əmək fəaliyyətimizin bütün sahələrinə daxil olduğu üçün əmək bazarına böyük və əhəmiyyətli təsir göstərir:
"Süni intellekt təkrarlanan və rutin işləri daha sürətli yerinə yetirə bilər və bununla da əməkdaşlara daha mürəkkəb, yaradıcı və yüksək dəyər yaradan fəaliyyətlərə yönəlmək imkanı verər".
İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin icraçı direktoru Fariz Cəfərov isə səhiyyə sahəsində də süni intellektin böyük imkanlar yaratdığını bildirib:
"Müasir texnologiyalar milyonlarla tibbi məlumatı qısa zaman ərzində təhlil edərək həkimlərə diaqnostika və müalicə prosesində dəstək göstərə bilər. Süni intellekt mövcud tibbi məlumatlar, genetik faktorlar və digər göstəricilər əsasında mümkün riskləri daha erkən müəyyən etməyə kömək edə bilər. Beləliklə, süni intellekt insanı əvəz edən deyil, insanın imkanlarını genişləndirən bir texnologiya kimi çıxış edir".
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın İdarə Heyəti sədrinin müavini Elçin Süleymanov vurğulayıb ki, son illərdə vakansiyalara olan tələblər də dəyişib:
"Süni intellekt, kompleks proqramlaşdırma, məlumat analitikası və iş proseslərinin optimallaşdırılması üzrə bacarıqlara malik mütəxəssislərə ciddi ehtiyac yaranıb. Qlobal əmək bazarında bu dəyişikliklər sürətlə davam edir və bir çox ölkələrdə yeni ixtisaslar formalaşır. Bu kontekstdə Azərbaycanda da süni intellekt və rəqəmsal texnologiyaların tətbiqi ilə bağlı fəaliyyət göstərən şirkətlərin sayı artmaqdadır".
Panel müzakirələri sual-cavab sessiyası ilə davam edib.
Oxşar xəbərlər
Ombudsmanların Beynəlxalq Bakı Sammiti başlayıb
Səbinə Əliyeva: Süni intellekt sistemləri insan ləyaqətinə hörmət prinsipləri ilə uzlaşdırılmalıdır
İmre Yuhas: Texnologiya insanı əvəz etmir, imkanlarını genişləndirir
İlham Əliyev: Azərbaycanda süni intellektin məsuliyyətli tətbiqi üçün mühüm addımlar atılır
BƏT-in Baş direktoru: Süni intellekt və rəqəmsallaşma əməyin təhlükəsizliyi üçün geniş imkanlar yaradır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əlilliyi olan şəxslərin və digər həssas qrupların sosial xidmətlərə əlçatanlığı müzakirə edilib
-
Tomas Tuxel: "Xorvatiyaya qarşı öz oyunumuzu tapmağımız üçün bir qədər vaxt lazım gəldi"
-
DÇ-2026: İngiltərə Xorvatiyanı məğlub edib
-
Ümid Mamadaminov: "Xəzərdən keçən enerji dəhlizinin TİƏ-nin birinci mərhələsi gələn il başa çatacaq" - EKSKLÜZİV
-
"QHT işi" üzrə ittiham olunan mərkəz rəhbərinə hökm oxunub
-
Qana millisinin baş məşqçisi Karluş Keyroş: "Dünya çempionatında qələbə asan əldə olunmur"
