“Mənim səsim – mənim hüquqlarım” mövzusunda konfrans keçirilib - FOTO
sizinxeber.az xəbər saytı

“Mənim səsim – mənim hüquqlarım” mövzusunda konfrans keçirilib - FOTO


Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş “Mənim səsim – mənim hüquqlarım” mövzusunda konfrans keçirilib.

APA xəbər verir ki, tədbirdə Uşaq Səfirlər Məclisinin Bakı və region nümayəndələrindən ibarət 100 uşaq iştirak edib.

Konfransdan öncə Uşaq Səfirlər Məclisinin Bakı və region nümayəndələrinin əl işlərindən ibarət rəsm sərgisi ilə tanış olublar. Bununla yanaşı, uşaqların maraq və bacarıqlarının nümayiş etdirilməsi məqsədilə yaradıcılıq, musiqi və “Uşaq tribunası” guşələri təşkil olunub. Tədbirdən əvvəl “Uşaq tribunası” guşəsində uşaqlara öz fikirlərini sərbəst şəkildə ifadə etmək imkanı yaradılıb.

Konfransda çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününün uşaqların hüquq və mənafelərinin qorunmasına diqqətin artırılması, onların rifahı, sağlamlığı, təhsili və təhlükəsiz gələcəyi naminə birgə səylərin təşviqi baxımından əhəmiyyətini vurğulayıb. O, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə uşaqların rifahının, təhlükəsizliyinin, təhsil və sağlamlıq hüquqlarının təmin olunması istiqamətində ardıcıl tədbirlərin həyata keçirildiyini, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüslərinin bu sahədə mühüm nəticələrə töhfə verdiyini qeyd edib.

Bahar Muradova Dövlət Komitəsinin son bir il ərzində uşaq hüquqlarının müdafiəsi, maarifləndirmə və ictimai iştirakçılığın təşviqi istiqamətində geniş fəaliyyət həyata keçirdiyini diqqətə çatdırıb. Bildirib ki, müxtəlif təlim, seminar, konfrans və layihələr minlərlə uşaq və ailəni əhatə edib.

Konfrans çərçivəsində Uşaq Səfirlər Məclisinin Bakı şəhəri və regionlar üzrə illik fəaliyyət hesabatları təqdim olunub. Hesabatlarda ötən dövr ərzində həyata keçirilən layihələr, maarifləndirici tədbirlər, sosial təşəbbüslər və uşaqların inkişafına yönəlmiş fəaliyyətlər barədə ətraflı məlumat verilib. Bildirilib ki, 2020-ci ildə fəaliyyətə 15 iştirakçı ilə başlayan Məclis hazırda ölkə üzrə 6 mindən çox uşağı öz ətrafında birləşdirir.

Tədbirdə, həmçinin Uşaq Səfirlər Məclisinin məzun üzvləri tərəfindən təsis edilmiş Azərbaycan Uşaqlarının İnkişaf Platformasının illik fəaliyyətinə dair təqdimat keçirilib. “Azərbaycan Uşaqlarının İnkişaf Platforması” İctimai Birliyinin sədri Misir Məmmədov platforma çərçivəsində il ərzində həyata keçirilən layihələr, uşaqların və gənclərin inkişafı, iştirakçılığının təşviqi və onların təşəbbüslərinin dəstəklənməsi istiqamətində görülən işlər barədə məlumat verib.

Konfransın növbəti hissəsində uşaqları maraqlandıran aktual mövzular üzrə çıxışlar dinlənilib. “Uşaq iştirakçılığı”, “Uşaqların zərərli informasiyadan qorunması”, “18 yaşadək əlilliyi olan şəxslərin inkişafı və cəmiyyətə inteqrasiyası”, “Uşaqlar arasında davranış və ünsiyyət qaydaları” və “Asudə vaxtın səmərəli təşkili” mövzularında çıxış edən Məclis üzvləri öz fikir və təkliflərini iştirakçılarla bölüşüblər.

Daha sonra “100 uşağın səsi” interaktiv stendində iştirakçı uşaqlar tərəfindən qeyd edilən fikir, arzu və təkliflər ümumiləşdirilərək səsləndirilib.

Oxşar xəbərlər

Elm və təhsil naziri Emin Əmrullayev Uşaq Səfirlər Məclisinin üzvləri ilə görüşüb - FOTO
Bahar Muradova: Azərbaycanda doğum halları ilə bağlı vəziyyət kritik həddə deyil
Bahar Muradova: Azərbaycanda uşaqlar hələ də partlamamış minaların yaratdığı təhlükə ilə üz-üzədir
Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumu keçirilib - FOTO
Dövlət Komitəsinin şöbə müdiri: Boşanmaların təşəbbüskarının 70 faizi qadınlardır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər