Bakı–Tbilisi-Bakı qatarında aktiv bilet satışı dövrü 90 günə çatdırılacaq
sizinxeber.az xəbər saytı

Bakı–Tbilisi-Bakı qatarında aktiv bilet satışı dövrü 90 günə çatdırılacaq


Bakı–Tbilisi–Bakı marşrutu üzrə qatarlarda aktiv bilet satışı dövrünün hazırkı 30 gündən 90 günə qədər artırılması mexanizminin yaxın günlərdə tətbiqini planlaşdırılır.

"Report" "Azərbaycan Dəmir Yolları"na QSC (ADY) istinadən xəbər verir ki, bunu qurumun Sərnişin daşımaları departamentinin rəisi Azər Fərəcov bildirib.

Onun sözlərinə görə, "Azərbaycan Dəmir Yolları"nda bilet satışı həm onlayn (ADY-nin rəsmi saytı və "ADY Mobile" tətbiqi üzərindən), həm də dəmiryol kassalarında tam şəffaf şəkildə həyata keçirilir:

"ADY-də 2024-cü ilin noyabr ayından tətbiq edilən dinamik qiymət siyasətinə əsasən, sərnişinlər biletləri 25-30 gün əvvəl aldıqda daha sərfəli qiymətlərdən yararlana bilirlər. Bu həm sərnişinlərin səfərlərini planlaşdırmasını asanlaşdırır, həm də ADY tərəfindən tələbatın vaxtında müəyyənləşdirilməsinə və buna uyğun tədbirlər görülməsinə, məsələn, əlavə reyslərin təyin edilməsi və ya qatara əlavə vaqon qoşulmasına imkan verir.

Bilet satışı hər zaman 30 günlük dövrü əhatə edir. Yəni hər gün növbəti 30-cu gün üçün yeni biletlər satışa çıxarılır. Bundan əvvəl kassalarda və onlayn sistemdə satış prosesi saat 00:30-dan sonra aktiv olurdu. Həmin saatdan etibarən yüklənməni nəzərə alaraq, artıq biletlər hər növbəti 30-cu gün üçün fərqli saatlarda sistemdə əks olunur.

Hazırda Bakı–Tbilisi–Bakı marşrutu üzrə tələbat çox yüksək olduğundan biletlər satışa çıxarılandan qısa müddət ərzində satılır. Ona görə də sərnişinlərimizə səyahət tarixinə uyğun biletləri mütəmadi olaraq yoxlamağı tövsiyə edirik".

A.Fərəcov vurğulayıb ki, sərnişin tələbatını qarşılamaq məqsədilə 11 iyundan etibarən Bakı–Tbilisi–Bakı marşrutu üzrə qatarlara əlavə vaqon qoşulub və müvafiq olaraq satışa yeni biletlər təqdim edilib:

"Hazırda qarşıdakı 30 günlük dövr üçün Azərbaycandan Gürcüstana olan reyslər üzrə biletlərin böyük əksəriyyəti, Gürcüstandan Azərbaycana olan reyslər, o cümlədən əlavə satışa çıxarılan bütün biletlər də qısa müddətdə satılıb. Bildiyiniz kimi, mövcud qaydaya əsasən, xarici ölkə vətəndaşlarının Azərbaycanı quru yolla tərk etməsinə məhdudiyyət yoxdur. Lakin Azərbaycana girişə yalnız təyyarə və qatarla icazə verilir ki, bu da Gürcüstandan Azərbaycana qatar reysləri üzrə biletlərə kütləvi tələbatın yaranmasına səbəb olur".

Oxşar xəbərlər

Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet satışı başlayıb
Azər Fərəcov: "Hər hansı vasitəçi bir neçə bilet alıb saxlaya bilməz"
ADY: Bakı–Tbilisi istiqaməti üzrə heç bir turizm şirkətinə kvota ayırmırıq
Azərbaycanda qatarlara 1 ay əvvəlcədən bilet alanlara 15 % endirim ediləcək
Bakı-Tbilisi-Bakı qatarına əlavə vaqonlar qoşulacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər