Özbəkistan beynəlxalq investisiyaların cəlb edilməsi üçün dörd əsas istiqaməti müəyyən edib
sizinxeber.az xəbər saytı

Özbəkistan beynəlxalq investisiyaların cəlb edilməsi üçün dörd əsas istiqaməti müəyyən edib


Özbəkistan beynəlxalq maliyyə institutlarından investisiyaların cəlb edilməsi üçün dörd əsas istiqaməti müəyyən edib.

"Report"un Almatıya ezam olunmuş müxbiri xəbər verir ki, bunu Özbəkistanın investisiya, sənaye və ticarət nazirinin müavini Xurram Teşabayev Avrasiya İnkişaf Bankının (EDB) illik toplantısı və biznes forumunda "Avrasiya 2030+: investisiyalar, artım və yeni imkanlar" adlı plenar sessiyada deyib.

Onun sözlərinə görə, beynəlxalq maliyyə institutları təkcə kapitala çıxışı deyil, həm də irimiqyaslı regionlararası layihələrin həyata keçirilməsi üçün zəruri olan beynəlxalq standartların, texnologiyaların və idarəetmə həllərinin tətbiqini təmin edir: "Biz investisiyaların cəlb edilməsi üçün EDB-nin iştirakının xüsusilə vacib ola biləcəyi dörd perspektivli istiqamət görürük. Birinci istiqamət region ölkələrinin nəqliyyat əlaqələrinin inkişafıdır. Bu, birgə maliyyələşdirmə üçün açıq olan kapital tutumlu sahədir. Biz region ölkələrinin Cənubi Asiya bazarlarına ən qısa yolla çıxışını təmin edəcək Trans-Əfqan nəqliyyat dəhlizinin tikintisi, eləcə də Orta Dəhlizin və Şimal-Cənub marşrutunun inkişafı da daxil olmaqla, strateji layihələrdə EDB-nin iştirakını vacib hesab edirik. Məhz bu istiqamətlər regionlararası ticarətin əsasını formalaşdırır".

X.Teşabayev vurğulayıb ki, ikinci prioritet sənaye kooperasiyasının inkişafı və əlavə dəyər zəncirlərinin yaradılmasıdır: "Biz yüksək əlavə dəyərə malik birgə istehsalların yaradılmasına töhfə verən investisiyalarda maraqlıyıq. Prioritetlərə xammalın dərin emalı, istehsalın lokallaşdırılması və yeni regional istehsal zəncirlərinin yaradılması daxildir".

O əlavə edib ki, üçüncü istiqamət "yaşıl iqtisadiyyat" və dayanıqlı enerjidir: "Bu istiqamət öz investisiya cəlbediciliyini artıq sübut edib. Bərpa olunan enerji, enerji saxlama sistemləri və elektrik şəbəkəsi infrastrukturunun modernləşdirilməsi sahəsində layihələr prioritetdir. Dördüncü prioritet isə rəqəmsal iqtisadiyyat və süni intellektdir. Biz süni intellektin inkişafı üzrə milli strategiya çərçivəsində rəqəmsal infrastruktura, data-mərkəzlərə və texnoloji platformalara investisiyalar cəlb edirik. Sərhədlərarası elektron ticarətdə, süni intellekt texnologiyalarının tətbiqində və rəqəmsal iqtisadiyyat üçün kadr hazırlığında xüsusi potensial görürük".

Oxşar xəbərlər

Qazaxıstanın Baş naziri: "İnvestisiya və texnologiyalar uğrunda rəqabət Avrasiya regionunun əhəmiyyətini artırır"
Özbəkistan İnvestisiya Təşviqi Agentliyi: Beynəlxalq investorlar üçün yeni imkanlar yaradılır
Qazaxıstanın maliyyə naziri Orta Dəhlizin inkişafını EDB üçün yeni imkanlarla əlaqələndirib
Qaydar Abdikerimov: “Orta Dəhlizin inkişafı çərçivəsində investisiya layihələri paketi formalaşdırılıb”
Nazir müavini: “Özbəkistan və Azərbaycan elektron ticarət platformasının yaradılması üzərində işləyir”

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər