"Müasir şəhərsalmada piyada təhlükəsizliyi" layihəsi çərçivəsində ictimai müzakirə keçirilib
sizinxeber.az xəbər saytı

"Müasir şəhərsalmada piyada təhlükəsizliyi" layihəsi çərçivəsində ictimai müzakirə keçirilib


Azərbaycan Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə "Müstəqil Nəqliyyatçılar" Məsləhət və İnformasiya İctimai Birliyinin təşkil etdiyi "Müasir şəhərsalmada piyada təhlükəsizliyi" adlı layihə çərçivəsində ictimai müzakirə keçirilib.

"Sizinxeber.az"un xəbərinə görə, tədbirdə deputatlar, ekspertlər, media və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Müzakirələr zamanı piyada təhlükəsizliyinin artırılması, yol-nəqliyyat hadisələrinin qarşısının alınması, piyadaların və sürücülərin məsuliyyətinin yüksəldilməsi istiqamətində görüləcək işlər barədə danışılıb. İştirakçılar mövzu ilə bağlı təklif və tövsiyələrini səsləndiriblər.

Tədbirin açılışında "Müstəqil Nəqliyyatçılar" Məsləhət və İnformasiya İctimai Birliyinin sədri şəhərsalma prosesində piyada təhlükəsizliyinin vacibliyindən danışaraq bu sahədə diqqət yetirilməli əsas məqamları iştirakçıların diqqətinə çatdırıb.

Daha sonra nəqliyyat eksperti Elməddin Muradlı çıxış edərək piyada təhlükəsizliyi, yol hərəkətinin təşkili və maarifləndirmə tədbirlərinin əhəmiyyəti ilə bağlı fikirlərini bölüşüb.

Tədbirdə Milli Məclisin deputatları Vüqar Rəhimzadə və Arzuxan Əlizadə çıxış edərək piyada təhlükəsizliyinin artırılması istiqamətində görülən işlərin əhəmiyyətindən və bu sahədə ictimai təşəbbüslərin rolundan danışıblar.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis mayoru Toğrul Nəsirli çıxışında piyadaların da üzərinə düşən məsuliyyətləri sadalayıb.

DYP nümayəndəsi qeyd edib ki, piyadaların yol hərəkəti qaydalarına laqeyd münasibəti yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olan əsas amillərdən biri kimi qalır:

"Aparılan müşahidələr göstərir ki, piyadaların iştirakı ilə qeydə alınan qəzaların əksəriyyəti işıqlandırılmayan ərazilərdə, eləcə də nizamlanmayan piyada keçidlərində baş verir. Piyadaların hərəkət zamanı mobil telefondan və qulaqlıqlardan istifadə etməsi diqqətin yayınmasına, nəticədə isə ağır yol-nəqliyyat hadisələrinə gətirib çıxarır".

O vurğulayıb ki, qəzaların sayının azaldılması məqsədilə yol hərəkəti təhlükəsizliyi ilə bağlı maarifləndirmə işlərinin gücləndirilməsi vacibdir: "Xüsusilə ibtidai siniflərdən başlayaraq məktəblərdə yol hərəkəti qaydalarına dair təlim və maarifləndirici proqramların keçirilməsi gələcəkdə daha məsuliyyətli hərəkət iştirakçılarının formalaşmasına töhfə verə bilər. Baş Dövlət Yol Polisi İdarəsi də mütəmadi olaraq sosial şəbəkələrdə maarifləndirici videolar paylaşır. Bu videoların əsas məqsədi vətəndaşları yol hərəkəti qaydalarına daha məsuliyyətlə yanaşmağa çağırmaq, onların diqqətini təhlükəsizlik məsələlərinə yönəltmək və yol-nəqliyyat hadisələrinin qarşısının alınmasına dəstək olmaqdır"

Oxşar xəbərlər

DYP: Qeyri-sabit hava şəraiti ilə bağlı piyada təhlükəsizliyi tərəfimizdən xüsusi olaraq diqqətdə saxlanılır
Bakıda daha bir ərazidə piyada keçidləri yenilənib
DYP: Hava şəraitinə görə piyada təhlükəsizliyi xüsusi diqqətdə saxlanılır - YENİLƏNİB
DYP qeyri-sabit havada piyada təhlükəsizliyi ilə bağlı müraciət edib
NİİM: 8 Noyabr prospektində 70 avtomobil, 48 piyada svetoforu quraşdırılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər