Türk dünyasının ortaq sığorta hovuzu yaradıla bilər
sizinxeber.az xəbər saytı

Türk dünyasının ortaq sığorta hovuzu yaradıla bilər


Türk dövlətləri arasında ortaq sığorta bazarının yaradılması mümkündür.

Bunu "Report"a açıqlamasında Türkiyə Sığorta Birliyinin sədri Əhməd Yaşar bildirib.

"Bildiyiniz kimi, biz Türk Dünyası Sığorta Birliyini yaratmışıq. Birliyə ilk dövrlərdə Azərbaycan sədrlik edib, hazırda sədrlik Türkiyəyə keçib. Bu ilin oktyabr ayında Qaziantepdə növbəti Baş Assambleyamızı keçirməyi planlaşdırırıq. Apardığımız müzakirələr göstərir ki, bir çox istiqamətlərdə əməkdaşlığı genişləndirib Birliyin daha səmərəli fəaliyyətini təmin edə bilərik. Bu əməkdaşlıq gələcəkdə Türk dünyasında ortaq sığorta hovuzunun formalaşdırılmasına, ortaq tutumdan istifadəyə, təkrarsığorta sahəsində əməkdaşlığın gücləndirilməsinə və ölkələr arasında qarşılıqlı iş birliyinin genişlənməsinə imkan verəcək. Bu isə bütövlükdə sığorta sektorunun inkişafına xidmət edəcək.

Dünyada baş verən təbii fəlakətlər sığortanın əhəmiyyətini bir daha ortaya qoyur. Məsələn, son günlər Venesuelada baş verən ardıcıl zəlzələlər ölkənin üzləşdiyi riskləri və itkiləri bir daha nümayiş etdirdi. Bu cür hadisələr ölkələrin inkişafı qarşısında ciddi maneələr yaradır. Məhz buna görə sığorta artıq bütün dünyada ölkələrin dayanıqlılığı üçün əsas amillərdən birinə çevrilib. Siyasət formalaşdıran qurumlar sığorta sahəsində hansı addımların atılacağını müəyyənləşdirməli, risklərin necə idarə olunacağını qiymətləndirməli və bundan sonra yaranan problemlərin həlli yollarını axtarmalıdır", - deyə o qeyd edib.

Bundan başqa, sədr deyib ki, türk dövlətləri iqlim dəyişikliyi və təbii fəlakət risklərinə qarşı ortaq mexanizmlər hazırlayır: "Türk Dünyası Sığorta Birliyi çərçivəsində də bu məsələlər üzərində işləməyə başlamışıq. Bu gün həmn risklər Türkiyə üçün kifayət qədər yüksəkdir. Söhbət yalnız zəlzələdən getmir. Sel və torpaq sürüşmələri də demək olar ki, hər gün qarşılaşdığımız hadisələrə çevrilib. Eyni vəziyyət türk cümhuriyyətləri üçün də keçərlidir. Azərbaycanda da oxşar risklər mövcuddur.

Burada əsas məsələ bu risk tutumlarındamn birlikdə necə istifadə edə biləcəyimizdir. Eyni zamanda, qorunma boşluqlarını birlikdə necə aradan qaldıra biləcəyimizi düşünürük. Bunlar həm sığortanın böyümə istiqamətləri, həm də sektorun inkişaf etdirəcəyi yeni sahələrdir. Biz sadəcə öz işimizi böyütməkdən danışmırıq. Ölkələrimizin gələcəyindən, inkişafın qarşısındakı maneələrin aradan qaldırılmasından danışırıq. Bu cür fəlakətlər cari kəsirin artmasına səbəb olur. Son nəticədə inflyasiya sürətlənir və ölkələrdə maliyyə sabitliyi pozulur. Bu sahədə atacağımız addımlar bütün bu risklərin sabitləşdirilməsinə xidmət edəcək".

Onun sözlərinə görə, türk dünyasında sığorta göstəriciləri vahid sistemdə toplanacaq: "Türk Dünyası Sığorta Birliyi çərçivəsində ortaq hesabatlılıq və konsolidə edilmiş statistikaların hazırlanması üzərində işləyirik. Bunun üçün ilk növbədə vahid məlumat bazasına sahib olmağımız lazımdır. Hazırda bu istiqamətdə müəyyən araşdırmaya başlamışıq, Azərbaycan Mərkəzi Bankı ilə birgə müzakirələr aparırıq. Məqsəd ortaq hesabatlılıq sisteminin və vahid məlumat bazasının yaradılmasıdır. Məsələn, sığorta haqları və ödənişləri, eləcə də digər əsas göstəricilər üzrə məlumatların bir araya gətirilməsi nəzərdə tutulur. Hər ölkə öz bazarının rəqəmlərini bilir. Lakin türk dünyası ölkələrinin bu məlumatları konsolidasiya etməsi və ümumi mənzərəni görməsi vacibdir".

"Məsələn, Türkiyə şirkətlərinin Azərbaycandakı sığorta fəaliyyəti və ya Azərbaycan şirkətlərinin Türkiyədəki fəaliyyəti ilə bağlı tam və sistemli məlumat bazası hələ formalaşmayıb. Son illərdə xüsusilə Azərbaycanı daha yaxından izləmək imkanımız olub. Azərbaycan həm sığorta, həm də digər maliyyə sektorlarında mühüm addımlar atır. Türkiyə də bu yenilikləri davamlı şəkildə izləyir. Hər il Azərbaycanda beynəlxalq forumlar təşkil olunur və biz də bu tədbirlərdə iştirak edirik. Eyni zamanda, Türkiyədə keçirilən panel müzakirələrində və konfranslarda Azərbaycan sığorta sektoru iştirak edir. Bu da iki ölkə arasında məlumat və təcrübə mübadiləsinin genişlənməsinə şərait yaradır", - deyə Ə.Yaşar əlavə edib.

Oxşar xəbərlər

Türk Dünyası Sığorta Birliyinin ilk konqresi Şuşada keçiriləcək
ASA: Türk Dünyası Sığorta Birliyi yenidən formalaşdırılır
Türkiyənin sığorta şirkətləri Azərbaycan bazarına qayıda bilər
Əhməd Yaşar: "Türk dünyasında sığortalanmanın səviyyəsi aşağı olaraq qalır"
Türkiyə Ali Təhsil Şurasının sədri: Ortaq universitet bütün türk dünyası üçün nümunə ola bilər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər