Elnur Bağırov: "Transmilli korporasiyaların güclənməsi rəqabət siyasətini yenidən formalaşdırır"
sizinxeber.az xəbər saytı

Elnur Bağırov: "Transmilli korporasiyaların güclənməsi rəqabət siyasətini yenidən formalaşdırır"


Rəqəmsal platformaların və beynəlxalq korporasiyaların getdikcə artan nüfuzu rəqabət siyasəti sahəsində yenilikçi yanaşmaların formalaşdırılmasını zəruri edir.

"Sizinxeber.az"un Şuşaya ezam edilmiş əməkdaşı xəbər verir ki, bunu Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırov "Türk Dövlətləri Təşkilatı ölkələrinin rəqabət qurumları rəhbərlərinin 3-cü iclası və Rəqabət Forumu" çərçivəsində təşkil olunan "TDT-nin hərəkətverici qüvvələrindən biri kimi rəqabət siyasətinin formalaşdırılması: regional əməkdaşlıq" mövzusundakı panel müzakirələrində bildirib.

Agentlik sədrinin sözlərinə görə, hazırkı dövrdə iri müəssisələr, rəqəmsal platformalar və transmilli korporasiyalar arasında çoxqatlı münasibətlər yaranır və belə şəraitdə rəqabət mühitinin mühafizəsi məqsədilə təkmilləşdirilmiş hüquqi bazanın qurulması böyük önəm daşıyır:

"Peşəkar rəqabət orqanlarının fəaliyyət göstərməsi, bu təsisatlar arasında informasiya mübadiləsinin həyata keçirilməsi və bazar monitorinqlərinin aparılması xüsusi aktuallıq kəsb edir. Həmin monitorinqlər əsasında hazırlanan iqtisadi analiz və qəbul edilən qərarlar regional koordinasiyanın təmin olunması üçün lazımi şərait yaradır. Transmilli korporasiyalar investisiya, texnologiya ötürülməsi, idarəetmə bilikləri və qlobal bazarlara çıxış imkanları baxımından ciddi üstünlüklər təqdim etsə də, onların daxili bazarlardakı fəaliyyəti yeni yaranan və yerli şirkətlər üçün müəyyən rəqabət təhdidləri də formalaşdıra bilər. Rəqabət qurumları olaraq biz yerli bazar subyektlərinin mənafelərinin müdafiəsini də diqqətdə saxlamalıyıq. Bu kontekstdə Türk Dövlətləri Təşkilatına daxil olan ölkələrin rəqabət strukturları arasında əməkdaşlığın dərinləşdirilməsi mühüm əhəmiyyət kəsb edir", - deyə o qeyd edib.

Oxşar xəbərlər

Elnur Bağırov: "Rəqabət siyasəti regional iqtisadi inteqrasiyanın əsas dəstək mexanizmlərindən biri olmalıdır"
Elnur Bağırov: "Türk dövlətləri rəqabət siyasətində koordinasiyanı gücləndirməlidir"
Şuşada TDT-nin rəqabət qurumları rəhbərlərinin 3-cü iclası və Rəqabət Forumu keçirilir
Merey Mukajan: "TDT-yə üzv ölkələr arasında iqtisadi-ticarət əlaqələri mövcud potensiala uyğun deyil"
Azərbaycan rəqabət sahəsində təcrübəsini beynəlxalq tədbirdə bölüşüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər