"Bank Center Credit": Müsəlman auditoriya ənənəvi bankçılığa ehtiyatlı yanaşır
sizinxeber.az xəbər saytı

"Bank Center Credit": Müsəlman auditoriya ənənəvi bankçılığa ehtiyatlı yanaşır


Azərbaycanda İslam bankçılığı aktiv şəkildə inkişaf edir.

"Sizinxeber.az" xəbər verir ki, bunu Bakıda keçirilən X Beynəlxalq Maliyyə və Bankçılıq Sammitində Qazaxıstanın "Bank Center Credit" Əmanətlər Mərkəzinin rəhbəri Cavid İsayev bildirib.

"Biz iki ildir ki, islam bankçılığı üzərində düşünürük, araşdırma və tədqiqatlara xüsusi diqqət ayırmışıq. Bizim qurum 37 ildir ki, fəaliyyət göstərir, beynəlxalq reytinqlərə malikik və ölkənin ən qədim banklarından biriyik. Hazırda 3 milyondan çox müştəriyə xidmət göstəririk.

Bankımız geniş ekosistemə malikdir: investisiya və sığorta şirkətlərimiz, eləcə də gələcəkdə həm bazar üçün, həm də daxili istifadə üçün texnoloji həllər hazırlayan 1 000-dən çox tərtibatçının çalışdığı "BCC Hub" və digər strukturlarımız var.

İslam bankçılığına başlamazdan əvvəl apardığımız bazar araşdırması göstərdi ki, müsəlman auditoriya artıq ənənəvi bank brendlərinə ehtiyatlı yanaşır. Bu səbəbdən anladıq ki, bu auditoriya üçün tamamilə yeni bir brend yaratmaq lazımdır. Beləliklə, bankımızın bazasında yeni bir brend formalaşdırdıq və ona "Reza" adını verdik. Bu, bankdan ayrılmış (de-affiliate) struktur deyil - bank daxilində İslam pəncərəsi kimi fəaliyyət göstərir, lakin eyni zamanda ayrıca, tam funksional mobil tətbiq kimi təqdim olunacaq", - deyə o qeyd edib.

C.İsayevin sözlərinə görə, İslam bankçılığının Azərbaycanda tətbiqi üçün ən uyğun yanaşma "pəncərə" modelidir: "Qazaxıstanda İslam bankçılığının reallaşdırılması üçün 4 əsas variant mövcuddur: "Onlardan bəziləri Azərbaycan bazarı üçün uyğundur. Məsələn, "fatva" (şəriət uyğunlaşdırılması) yanaşmasında ənənəvi bank mövcud məhsulunu götürür, ona müəyyən məhdudiyyətlər tətbiq edir, xarici audit və şəriət uyğunluğu yoxlamasından keçirir və nəticədə həmin məhsulu İslam prinsiplərinə uyğunlaşdırılmış maliyyə alətinə çevirir. Biz iki il əvvəl ilkin olaraq məhz bu modeli seçmişdik. Lakin daha sonra yanaşmamıza yenidən baxdıq. Çünki yanvar ayında yeni qanun qəbul olundu, mart ayında qüvvəyə mindi. Hazırda biz "pəncərə" formatında İslam bank lisenziyası almağa hazırlaşırıq. Digər variantlar Astana Beynəlxalq Maliyyə Mərkəzi (AIFC) çərçivəsində tamhüquqlu İslam maliyyə lisenziyası əldə etmək və birbaşa tam İslam bankı kimi fəaliyyət göstərməkdir. Hər iki model daha yüksək xərclər və institusional hazırlıq tələb etdiyindən, praktiki baxımdan daha çətin görünür".

"İslam maliyyəsi istiqamətində biz bazara ilkin olaraq investisiya məhsulları ilə daxil olduq. Maraqlı məqam - apardığımız araşdırmalar göstərdi ki, müsəlman bazarında əsas ehtiyac klassik bank kartları və ya BNPL (indi al, sonra ödə) kimi məhsullara deyil. Əsas tələb "pulumu harada saxlayım?" sualına cavab verən baza maliyyə həllidir. Məhz bu səbəbdən biz Qazaxıstanda "Vardat əl-Həyat" ("Həyat çiçəyi") adlı ilk İslam investisiya fondunu yaratdıq. Bu layihə bazarda real tələbatın olduğunu göstərdi və bundan sonra biz məhsulun daha da inkişaf etdirilməsi və genişləndirilməsi istiqamətində işlərə başladıq", - deyə o qeyd edib.

Bundan başqa, qonaq deyib ki, İslam maliyyəsi üzrə yeni rəqəmsal platforma və təlim sistemi hazırlanır: "İslam maliyyəsi məhsulları Qazaxıstan bazarının formalaşdırdığı tələbatdır. Eyni zamanda bu, bizim strateji planımızdır - yəni hansı istiqamətlərə yönələcəyimiz, məhsul portfelinə nələri əlavə edəcəyimiz və hansı sahələri inkişaf etdirəcəyimiz müəyyən olunur. Təbii ki, burada marketinq və PR istiqaməti də mühüm rol oynayır. Ən vacib məqamlardan biri odur ki, biz bu məhsula sırf kommersiya layihəsi kimi deyil, daha çox etik, sosial dəyər yaradan təşəbbüs kimi yanaşırıq. Bu çərçivədə müəyyən maliyyə zərərinin ola biləcəyini normal qarşılayırıq. Xoşbəxtlikdən, direktorlar şuramız və idarə heyətimiz bu yanaşmanı tam dəstəkləyir. Biz İslam maliyyəsinin inkişafına ciddi investisiya edirik, bizim platformamızın mobil tətbiqinə bütün istifadəçilər üçün tam pulsuz və əlçatan olacaq, ehtimal ki, İslam maliyyəsi üzrə ilk onlayn təlim platforması inteqrasiya ediləcək. Bundan əlavə, Malayziyanın INCEIF institutu ilə birgə geniş bir podkast layihəsi hazırlayırıq. Bu kontent də hamı üçün açıq olacaq və İslam maliyyəsinin inkişafına töhfə verən maarifləndirici bir alət rolunu oynayacaq".

"Gələn il Azərbaycanda neo-İslam bankı formalaşa bilər. Ümid edirəm ki, gələn il Mərkəzi Asiyada yeni rəqəmsal maliyyə aktivləri platformamızla çıxış etdiyimiz zaman Azərbaycanda ilk neo-İslam bankının formalaşmasının şahidi olacağıq. "Open banking" (açıq bankçılıq) layihəsi bizim üçün təkcə İT təşəbbüsü deyil, həm də bankımızın fəlsəfəsidir. Biz rəqabətdən çəkinmədən, tam açıq şəkildə öz təcrübəmizi, məlumatlarımızı və analitik yanaşmalarımızı bölüşürük", - deyə Qazaxıstan olan mütəxəssis fikrini tamamlayıb.

Oxşar xəbərlər

Ruslan Atakişiyev: “Azərbaycanda sahibkarların 21 %-i bank xidmətlərindən istifadə etmirlər”
Taleh Kazımov: "İslam bankçılığı ilə bağlı bir bank müraciət edib"
AMB: Azərbaycanda agent bankçılığı modelinin tətbiqinə başlanılıb
"Bank of Baku"nun Müşahidə Şurasının sədri Elçin İsayev ABA-nı 35 illiyi münasibətilə təbrik edib
“Fitch” Mərkəzi Asiya və Azərbaycanda İslam maliyyələşdirməsinə dair vəziyyəti qiymətləndirib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər