Seymur Səfərli:  "Fermerlər üçün güzəştlər və kredit imkanları artırılacaq"
sizinxeber.az xəbər saytı

Seymur Səfərli: "Fermerlər üçün güzəştlər və kredit imkanları artırılacaq"


Azərbaycanda fermerlər üçün güzəştlər və kredit imkanları artırılacaq.

"Report"un Biləsuvara ezam olunmuş müxbiri xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında kənd təsərrüfatı nazirinin müavini Seymur Səfərli "Kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı" çərçivəsində keçirilən Şirvan-Salyan iqtisadi rayonu üzrə regional müşavirədə bildirib.

Onun sözlərinə görə, dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən iqtisadi islahatlar kənd təsərrüfatının inkişafına da mühüm töhfə verib: "Bu istiqamətdə işlər davam etdirilir və fermerlərin fəaliyyətini daha da stimullaşdırmaq məqsədilə yeni dəstək mexanizmlərinin, kredit və güzəşt alətlərinin tətbiqi nəzərdə tutulur. Bu güzəştlər texnika təminatı, emal müəssisələrinin yaradılması və yeni istehsal müəssisələrinin qurulması kimi sahələri əhatə edərək fermerlər üçün daha əlçatan olacaqdır. Ümumilikdə, aqrar sektor üzrə genişmiqyaslı dəstək və güzəşt mexanizmlərinin tətbiqi planlaşdırılır. Əsas hədəflərdən biri nazirlikdə fəaliyyət göstərən işçi qrupların gücləndirilməsidir. Məqsəd fermerlərlə daha yaxın təmasda olmaq, onların təkliflərini dinləmək, regionlarda mövcud problemləri müəyyənləşdirmək və həmin problemlərin həlli üçün müvafiq dövlət qurumları qarşısında təşəbbüslərlə çıxış etməkdir. Bu yanaşma kənd təsərrüfatı sahəsində problemlərin operativ həllinə və daha səmərəli idarəetməyə xidmət edir".

Bunda başqa, nazir müavini deyib ki, aqrar məhsulların keyfiyyətinin artırılması üçün yeni hədəflər müəyyənləşib: "Keyfiyyətin artırılması əsas prioritetlərdən biridir. Bu məqsədlə intensiv bağlar salınması, müasir təsərrüfatların yaradılması və fermerlərin bilik və bacarıqlarının artırılması vacib hesab olunur. Nəticədə məhsulun keyfiyyətinin yüksəldilməsi, onun sertifikatlaşdırılması və beynəlxalq bazarlara çıxış imkanlarının genişləndirilməsi hədəflənir. Eyni zamanda, soyuducu anbarların tutumunun genişləndirilməsi də planlaşdırılır. Dövlət başçısının imzaladığı sərəncamlara uyğun olaraq, artıq fermerlərə logistika dəstəyi göstərilir. İxrac edilən kənd təsərrüfatı məhsullarının logistika xərclərinin təxminən 70 %-ni dövlət qarşılayacaq".

Bundan başqa, onun sözlərinə görə, gənc və qadın fermerlər üçün də yeni dəstək mexanizmləri hazırlanır: "Dvlət proqramının əsas hədəflərindən biri bu sahəni fermerlər üçün daha gəlirli etməkdir. Gəlirlilik artdıqca gənclərin bu sahəyə marağı da yüksələcək və aqrar sektorun inkişafı sürətlənəcək. Eyni zamanda, gənc və qadın fermerlərin dəstəklənməsi istiqamətində də məqsədyönlü addımların atılması nəzərdə tutulur".

Oxşar xəbərlər

Nazir müavini: "Körfəz ölkələri ixracda prioritet bazar kimi önə çıxırlar"
Seymur Səfərli: "Aqrar sığortanın əhatə dairəsi artır"
Azərbaycanda yaylaq ehtiyatlarının məhdudluğu bəzi fermerlər üçün problemlər yaradır
Nazir müavini: "Şirvan–Salyan bölgəsində səmərəli suvarma və lazer hamarlama tətbiq ediləcək"
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər