Assosiasiya sədri: Azərbaycanda aqrar sahədə yeni inkişaf mərhələsi başlayır
sizinxeber.az xəbər saytı

Assosiasiya sədri: Azərbaycanda aqrar sahədə yeni inkişaf mərhələsi başlayır


Azərbaycanın davamlı sosial-iqtisadi inkişaf strategiyasında aqrar sektor prioritet istiqamətlərdən biri kimi mühüm yer tutur.

Bunu Sizinxeber.az-ya Azərbaycan Taxıl İstehsalçıları və Emalçıları Assosiasiyasının (ATİEA) sədri Niyazi Əmirbəyov deyib.

O bildirib ki, Prezident İlham Əliyevin kənd təsərrüfatı sahəsinə həsr olunmuş müşavirədəki çıxışı və onun ardınca təsdiqlədiyi “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” ölkənin aqrar siyasətində yeni inkişaf mərhələsinin əsasını qoyur.

Niyazi Əmirbəyovun sözlərinə görə, yeni Dövlət Proqramı kənd təsərrüfatının müasir çağırışlara uyğun inkişafını təmin etməklə yanaşı, sahənin rəqabət qabiliyyətinin artırılmasını, yüksək əlavə dəyər yaradan intensiv təsərrüfatçılıq modelinə keçidin sürətləndirilməsini və yerli istehsal potensialının genişləndirilməsi vasitəsilə ölkənin ərzaq təhlükəsizliyinin daha da möhkəmləndirilməsini hədəfləyir.

Assosiasiya sədri qeyd edib ki, Dövlət Proqramı çərçivəsində əsas diqqət kənd təsərrüfatında yalnız istehsal həcmlərinin artırılmasına deyil, həm də keyfiyyət göstəricilərinin yüksəldilməsinə yönəldilib. Məhsuldarlığın artırılması, su və torpaq resurslarından daha səmərəli istifadə olunması, daxili və xarici bazarların tələblərinə uyğun dayanıqlı istehsal sisteminin qurulması əsas prioritetlər sırasındadır.

Niyazi Əmirbəyov vurğulayıb ki, müşavirədə səsləndirilən yanaşmalar yaxın illərdə aqrar sektorda innovasiya, texnologiya və elmi əsaslı idarəetmə prinsiplərinin daha geniş tətbiq ediləcəyini göstərir.

O diqqətə çatdırıb ki, taxılçılığın inkişafı və buğda üzrə özünütəminetmə səviyyəsinin artırılması qarşıya qoyulan əsas məqsədlərdəndir. İxtisaslaşmış rayonlarda həyata keçiriləcək tədbirlər nəticəsində 2030-cu ilədək buğda üzrə orta məhsuldarlığın 50 sentnerə çatdırılması nəzərdə tutulur.

ATİEA sədrinin fikrincə, bu məqsədə nail olmaq üçün müasir suvarma sistemlərinin tətbiqi, əkin sahələrinin daha səmərəli becərilməsi və torpaq resurslarının bərpası istiqamətində tədbirlər gücləndiriləcək. Eyni zamanda, taxıl silolarının tikintisi və təchizat zəncirinin təkmilləşdirilməsi məhsul itkilərinin azaldılmasına, fermerlərin bazarlara çıxış imkanlarının genişlənməsinə və sahədə əlavə dəyərin artırılmasına xidmət edəcək.

“Ənənəvi təsərrüfatçılıqdan müasir və texnoloji istehsal modelinə keçidi təmin edən bu genişmiqyaslı proqram regionlarda iqtisadi fəallığın artmasına, yeni məşğulluq imkanlarının yaranmasına və kənd yerlərinin sosial rifahının yüksəlməsinə mühüm töhfə verəcək. Yeni Dövlət Proqramı ölkənin torpaq, su və insan kapitalı potensialının daha səmərəli istifadəsinə şərait yaradaraq dayanıqlı iqtisadi inkişaf üçün mühüm strateji yol xəritəsi rolunu oynayacaq”, – assosiasiya sədri əlavə edib.

Oxşar xəbərlər

Deputat: Kənd təsərrüfatı keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyur
Azərbaycanda aqrar informasiya-məsləhət sistemi formalaşdırılacaq
“Azərsun Holdinq” Türkiyədə təhsil alan 20 tələbəyə dəstək olub
İqtisadi Şuranın aqrar sahənin inkişafına həsr olunmuş iclası keçirilib
Tahir Rzayev: Kənd təsərrüfatı strateji və milli təhlükəsizlik baxımından xüsusi əhəmiyyəti daşıyır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər