Şirli Keyns: Transatlantik qul ticarəti ən böyük cinayətlərdəndir – YENİLƏNİB-3
sizinxeber.az xəbər saytı

Şirli Keyns: Transatlantik qul ticarəti ən böyük cinayətlərdəndir – YENİLƏNİB-3


Köləlik və transatlantik qul ticarəti bəşəriyyətə qarşı törədilmiş ən böyük cinayətlərdən biridir.

"Report" AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Aruba Milli Köləlik İrsi Platformasının prezidenti Şirli Keyns Bakı Təşəbbüs Qrupu (BTQ) tərəfindən Vaşinqtonda Konqres binasında keçirilən "Qayıdış hüququ və öz müqəddəratını təyinetmə: ikili standartlar və selektiv yanaşmalar" mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Niderland BMT-də bu məsələ ilə bağlı keçirilən səsvermədə Aruba, Kurasao və Sent-Martinlə məsləhətləşmədə bitərəf qalıb.

"Əgər bizim səsimiz bu qədər mühüm məsələlərdə eşidilmirsə, o zaman Niderland necə Krallıqdan danışa bilər? Bizim tarixi travmalarımızla bağlı məsələlərdə belə söz haqqımız yoxdur. Mən bunu beynəlxalq hüququn seçici şəkildə tətbiq olunması hesab edirəm. Bu gün bizim keçmişimiz, ağrılarımız və tariximiz haqqında araşdırmaları əsasən Niderland institutları aparır",- o bildirib.

Bu gün müstəmləkəçilik keçmişdə öyrədildiyi formada görünmür, bəzən konstitusiyalar, nəzarət mexanizmləri, maliyyə nəzarəti və "muxtariyyət" kimi səslənən anlayışların arxasında gizlənir.

"Report" AZƏRTAC-a istinadən xəbər verir ki, bunu "One SXM" təşkilatının katibi, Sent-Martin hökumətinin keçmiş müşaviri Alston Lourens Bakı Təşəbbüs Qrupu (BTQ) tərəfindən Vaşinqtonda Konqres binasında keçirilən "Qayıdış hüququ və öz müqəddəratını təyinetmə: ikili standartlar və selektiv yanaşmalar" mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.

O bildirib ki, Karib dənizində yerləşən Sent-Martin adası bunun bariz nümunəsidir.

"Ada iki hissəyə bölünüb və iki fərqli müstəmləkə idarəçiliyinin təsiri altındadır. Buna baxmayaraq, burada yaşayan insanlar öz birliklərini, ortaq kimliklərini və ortaq gələcəklərini qoruyurlar. Bu gün də beynəlxalq münasibətlərə kim nəzarət edir? Krallıq. Son qərarı kim verir? Krallıq. Yerli hökumətlər isə yalnız müəyyən həddə qədər sərbəst hərəkət edə bilir. Əgər insanlar öz gələcəklərini təzyiq, asılılıq və qorxu olmadan müəyyən edə bilmirlərsə, bu tam öz müqəddəratını təyinetmə deyil. Muxtariyyət azadlıq demək deyil. Müxtəlif bayraqlar və hüquqi sistemlər ola bilər, amma məntiq eynidir: kiçik xalqlara yalnız böyük güc icazə verdiyi qədər öz işlərini idarə edə bilir",- o bildirib.

XX əsr boyu - 1905-ci ildən başlayaraq, 1991-ci ilə qədər qərbi azərbaycanlılar öz dədə-baba yurdlarından didərgin salınıblar.

"Report" AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Bakı Təşəbbüs Qrupunun (BTQ) icraçı direktoru Abbas Abbasov Vaşinqtonda Konqres binasında keçirilən "Qayıdış hüququ və öz müqəddəratını təyinetmə: ikili standartlar və selektiv yanaşmalar" mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, mövzunun müəyyən qüvvələr tərəfindən beynəlxalq ictimaiyyətə hələ də kifayət qədər düzgün çatdırılmasına imkan verilmir.

"Bakı Təşəbbüs Qrupu olaraq digər vətəndaş cəmiyyəti institutlarına, beynəlxalq təşkilatlara, beynəlxalq institutlara çağırış edərək bildiririk ki, 1991-ci ilə qədər davam edən etnik təmizləmə siyasəti ilə bağlı aidiyyəti qüvvələr və təşkilatlar beynəlxalq təşkilatlar qarşısında cavab versinlər", - o əlavə edib.

ABŞ-nin paytaxtı Vaşinqton şəhərində, Konqres binasında Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə "Qayıdış hüququ və öz müqəddəratını təyinetmə: ikili standartlar və selektiv yanaşmalar" mövzusunda beynəlxalq konfrans keçirilir.

"Report" AZƏRTAC-a istinadən xəbər verir ki, bu, azərbaycanlıların Ermənistan tərəfindən etnik təmizləməyə məruz qalmasına dair ABŞ Konqresində keçirilən ilk belə tədbirdir.

Konfransda qaçqınların və milli azlıqların hüquqlarının müdafiəsi sahəsində ixtisaslaşmış ekspertlər, insan hüquqları müdafiəçiləri, beynəlxalq hüquq üzrə mütəxəssislər, etnik mənsubiyyətinə görə zorakılıq, ayrı-seçkilik və təqiblərə məruz qalmış diaspor təşkilatlarının nümayəndələri, vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri və zərərçəkmiş icmaların nümayəndələri iştirak edir.

Tədbir iştirakçıları etnik təmizləmə siyasəti nəticəsində Ermənistan ərazisindəki tarixi torpaqlarından zorla qovulmuş yüz minlərlə azərbaycanlının nümunəsində fundamental hüquqlarının – öz tarixi torpaqlarına təhlükəsiz, könüllü və ləyaqətli şəkildə qayıdış hüququnun tanınmasının beynəlxalq təşkilatların diqqət mərkəzində daim saxlanılması məsələsini müzakirə edəcəklər.

Ermənistanda qalan Azərbaycan xalqına məxsus mədəni, dini və tarixi irsin, o cümlədən toponimlərin, məscidlərin, qəbiristanlıqların, ziyarətgahların və digər abidələrin sistemli şəkildə dağıdılması, təhqir olunması və mənimsənilməsi faktlarına beynəlxalq hüquq müstəvisində hüquqi qiymət verilməsi, qeyd olunan pozuntuların BMT və onun aidiyyəti strukturları çərçivəsində beynəlxalq hesabatlılıq və monitorinq mexanizmlərinə çıxarılması, yerində araşdırılması və sənədləşdirilməsi, bu məqsədlə faktaraşdırıcı missiyaların cəlb olunması, eləcə də xüsusi məruzəçilər və digər beynəlxalq mandat sahibləri səviyyəsində araşdırma və hesabatlılıq mexanizmlərinin işlənib hazırlanması imkanları ətrafında fikir mübadiləsi aparılacaq.

Tədbirdə, həmçinin müstəmləkəçilikdən əziyyət çəkən xalqların öz müqəddəratını təyinetmə hüququnun həyata keçirilməsi, xüsusilə, koloniyaların BMT-nin Dekolonizasiya edilməli olan Özünüidarəetməyən Ərazilər siyahısına salınmasının BMT-nin gündəliyinə salınması məsələləri ətrafında müzakirələr aparılacaq.

Oxşar xəbərlər

BTQ Qərbi Azərbaycanda aparılan etnik təmizləmə ilə bağlı Vaşinqtonda çağırış edib - YENİLƏNİB
Konqres binasında azərbaycanlıların Ermənistanda etnik təmizləməyə məruz qalmasına dair beynəlxalq konfrans keçirilir
Vaşinqtonda Qərbi azərbaycanlıların qayıdış hüququna həsr olunan beynəlxalq konfrans keçiriləcək
Cavid Vəliyev: Bəzi dövlətlər beynəlxalq hüquq məsələsində ikili standartları təbliğ edir
Niderland Boneyra adası ilə bağlı müstəmləkə siyasətindən əl çəkməlidir -BƏYANAT

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər