Qalibafın mesajları Azərbaycana qarşı təxribatçı dairələrə verilən ən tutarlı cavabdır - RƏY
sizinxeber.az xəbər saytı

Qalibafın mesajları Azərbaycana qarşı təxribatçı dairələrə verilən ən tutarlı cavabdır - RƏY


İran İslam Şurası Məclisinin sədri Məhəmməd Baqir Qalibafın mesajları Azərbaycana qarşı təxribatçı dairələrə verilən ən tutarlı cavabdır.

Bunu Sizinxeber.az-ya açıqlamasında Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Ceyhun Məmmədov bildirib.

Deputat deyib ki, bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Məhəmməd Baqir Qalibafın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib: “İran İslam Şurası Məclisinin sədrinin qəbul zamanı səsləndirdiyi fikirlər isə təkcə diplomatik nəzakət ifadələri deyil, həm də İranın siyasi rəhbərliyinin Azərbaycanla münasibətlərə baxışını ortaya qoyan mühüm mesajlardır. Xüsusilə də son dövrlərdə İran daxilində bəzi radikal dini-hərbi qrupların, eləcə də ayrı-ayrı siyasətçilərin Azərbaycana qarşı qərəzli mövqelər nümayiş etdirməyə çalışdığı bir zamanda bu bəyanatlar xüsusi önəm daşıyır. İran Prezidenti Məsud Pezeşkianın və parlament sədri Məhəmməd Baqir Qalibafın Azərbaycanla bağlı səsləndirdikləri fikirlər əslində iki ölkə arasında dostluq və qarşılıqlı hörmət münasibətlərinin rəsmi Tehran tərəfindən dəstəkləndiyini açıq şəkildə nümayiş etdirir. Bəzən İran daxilində müəyyən dairələr tərəfindən Azərbaycana qarşı əsassız ittihamlar səsləndirilir, münasibətləri gərginləşdirməyə yönəlmiş açıqlamalar verilir. Lakin həm Məsud Pezeşkianın, həm də Məhəmməd Baqir Qalibafın son bəyanatları göstərir ki, bu yanaşmalar İran dövlətinin rəsmi mövqeyini əks etdirmir. Əksinə, İran rəhbərliyi Azərbaycanla mehriban qonşuluq, qarşılıqlı hörmət və əməkdaşlıq münasibətlərinin inkişafında maraqlıdır. Bu baxımdan onların dedikləri Azərbaycana qarşı təxribatçı fəaliyyət göstərən dairələrə verilən ən tutarlı cavablardan biridir”.

Azərbaycanın dəstəyinə görə minnətdarlığın ifadə olunması mühüm mesajdır

Ceyhun Məmmədov qeyd edib ki, İran parlamentinin sədrinin çıxışında xüsusi diqqət çəkən məqamlardan biri İranın son dövrdə yaşadığı çətin günlərdə Azərbaycan dövlətinin və xalqının nümayiş etdirdiyi həmrəyliyə görə minnətdarlığın ifadə olunmasıdır: “Azərbaycan hər zaman qonşu ölkələrlə münasibətlərdə humanizm, dostluq və qarşılıqlı dəstək prinsiplərini əsas götürüb. İranın üzləşdiyi çətinliklər dövründə də ölkəmiz bu mövqeyindən geri çəkilmədi. Azərbaycan dövləti və xalqı öz humanitar və mənəvi dəstəyini nümayiş etdirdi. Bu dəstəyin İran rəhbərliyi tərəfindən yüksək qiymətləndirilməsi və bunun açıq şəkildə ifadə olunması olduqca vacib məqamdır. İran parlamenti sədrinin Azərbaycan xalqına təşəkkür etməsi iki ölkə arasında formalaşmış dostluq münasibətlərinin göstəricisidir. Məhəmməd Baqir Qalibafın vurğuladığı kimi, çətin günlərdə göstərilən dəstək xalqların yaddaşında qalır. Məhz belə məqamlar dövlətlərarası münasibətlərin möhkəmlənməsinə xidmət edir və gələcək əməkdaşlıq üçün daha güclü etimad mühiti yaradır”.

Prezident İlham Əliyevin fəaliyyəti, Azərbaycanın mövqeyi yüksək qiymətləndirilib

Deputatın sözlərinə görə, İran tərəfinin Prezident İlham Əliyevin nümayiş etdirdiyi diqqət və həssaslığa görə təşəkkürünü ifadə etməsi də xüsusi əhəmiyyət daşıyır: “Azərbaycan Prezidenti İlham Əliyev İranın Bakıdakı səfirliyinə gedərək İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin və bir çox mülki şəxsin həlak olması ilə əlaqədar başsağlığı vermişdi. Bundan əlavə, Ayətullah Seyid Müctəba Hüseyni Xameneinin Ali Rəhbər vəzifəsinə seçilməsi münasibətilə təbrik məktubu göndərmişdi. Bunlar dövlətlərarası münasibətlərdə qarşılıqlı hörmətin və siyasi mədəniyyətin nümunəsidir. İran rəhbərliyinin bu addımları yüksək qiymətləndirməsi və Prezident İlham Əliyevə təşəkkürünü ifadə etməsi diqqətəlayiq məqamdır. Bu yanaşma Azərbaycanın regionda etibarlı tərəfdaş və məsuliyyətli dövlət kimi nüfuzunu bir daha təsdiqləyir”.

Ceyhun Məmmədov qeyd edib ki, Qalibafın çıxışında Azərbaycanın müharibə dövründə İranla mehriban qonşuluq münasibətlərinə sadiq qalmasının xüsusi vurğulanması da önəmli siyasi mesajdır: “Azərbaycan heç zaman qonşularının çətinliyindən siyasi məqsədlər üçün istifadə etməyə çalışmayıb. Əksinə, ölkəmiz həmişə humanitar prinsiplərə üstünlük verib. Müharibə dövründə də Azərbaycan İranla mehriban qonşuluq münasibətlərinə sadiq qaldı, humanitar dəstəyini əsirgəmədi və dost münasibətlərini nümayiş etdirdi. İran rəhbərliyinin bunu yüksək qiymətləndirməsi və Azərbaycan xalqının dəstəyinin İran xalqının yaddaşında əbədi qalacağını vurğulaması mühüm əhəmiyyət daşıyır. Bu cür açıqlamalar gələcəkdə münasibətlərin daha da möhkəmlənməsi üçün əlavə stimul yaradır”.

Sınaqdan çıxan dost

Deputat bildirib ki, Məhəmməd Baqir Qalibafın çıxışında diqqət çəkən digər mühüm məqamlardan biri müharibənin dost və düşməni tanımaq baxımından yaratdığı reallıqlarla bağlı fikirlərdir: “Tarix göstərir ki, çətin dövrlərdə dövlətlərin və xalqların həqiqi münasibəti daha aydın görünür. İran rəhbərliyinin də vurğuladığı kimi, müharibə dövrü bir çox həqiqətləri ortaya çıxardı. Bu proses göstərdi ki, müsəlman ölkələri arasında həmrəylik və əməkdaşlıq son dərəcə vacibdir. Eyni zamanda İran dostlarının kim olduğunu daha aydın şəkildə gördü. Bu kontekstdə Azərbaycanın dost ölkə kimi İranın yanında olması xüsusi qeyd olundu. Bu yanaşma region ölkələri arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Azərbaycan hər zaman qonşularına qarşı səmimi və prinsipial mövqe nümayiş etdirib. Bu gün İran rəhbərliyinin bunu açıq şəkildə etiraf etməsi və yüksək qiymətləndirməsi münasibətlərimizin gələcəyi üçün mühüm siyasi əsas yaradır”.

Nəqliyyat layihələri əməkdaşlığın yeni mərhələsini formalaşdırır

Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü hesab edir ki, Məhəmməd Baqir Qalibafın çıxışında iqtisadi əməkdaşlıq və nəqliyyat layihələrinin inkişafına dair fikirlər də xüsusi diqqətə layiqdir: “Azərbaycan və İran arasında iqtisadi əməkdaşlığın böyük potensialı mövcuddur. Son illərdə həyata keçirilən layihələr bu potensialın reallaşdırılması istiqamətində mühüm addımlardır. Ağbənd-Kəlalə körpüsünün tikintisinin başa çatdırılması bunun növbəti nümunəsidir. Bu layihə regionun nəqliyyat xəritəsində mühüm rol oynayacaq. İran ərazisindən keçən Araz dəhlizi də regional əməkdaşlığın güclənməsinə xidmət edəcək. Araz dəhlizi təkcə Azərbaycan və İran üçün deyil, bütövlükdə region üçün strateji əhəmiyyət daşıyan layihədir. Bu marşrut nəqliyyat imkanlarının genişlənməsinə, yükdaşımaların sürətlənməsinə və iqtisadi əlaqələrin inkişafına töhfə verəcək. İran tərəfinin bu layihələrin əhəmiyyətini xüsusi vurğulaması və məmnunluq ifadə etməsi gələcək əməkdaşlıq perspektivlərinə olan inamı göstərir”.

Azərbaycan-İran münasibətlərinin inkişafına verilən yüksək dəyər

Ceyhun Məmmədov vurğulayıb ki, Məhəmməd Baqir Qalibafın Bakıda səsləndirdiyi fikirlər ümumilikdə Azərbaycan-İran münasibətlərinin inkişafına verilən yüksək dəyərin göstəricisidir:

“Bu gün iki ölkə arasında siyasi dialoq genişlənir, iqtisadi əməkdaşlıq dərinləşir, qarşılıqlı etimad möhkəmlənir. Qalibafın açıqlamaları göstərir ki, İran rəhbərliyi Azərbaycanla münasibətlərin inkişafında maraqlıdır və bunu strateji istiqamət kimi qiymətləndirir. Eyni zamanda bu açıqlamalar Azərbaycana qarşı qərəzli mövqe sərgiləyən bəzi radikal dairələrin iddialarını tamamilə puça çıxarır. Azərbaycan və İran çətin günlərdə bir-birinin yanında olduqlarını nümayiş etdiriblər. Dostluq məhz belə məqamlarda özünü göstərir. Hesab edirəm ki, son görüşlər, verilən mesajlar və əldə olunan razılaşmalar Azərbaycan-İran münasibətlərinin gələcəkdə daha da dinamik inkişaf edəcəyindən xəbər verir. Bu münasibətlər həm iki ölkənin maraqlarına, həm də regionda sabitliyin və əməkdaşlığın möhkəmlənməsinə xidmət edəcək”.

Oxşar xəbərlər

Prezident İlham Əliyev İran İslam Şurası Məclisinin sədrini qəbul edib
Prezident İlham Əliyev İran İslam Şurası Məclisinin sədrini qəbul edib - YENİLƏNİB
Prezident İlham Əliyev Məhəmməd Baqer Qalibafın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
İlham Əliyev Qalibafa: Arzu edirəm ki, bölgədə heç bir müharibə olmasın
İlham Əliyev İran İslam Şurası Məclisi sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər