Nazir: "Uruqvay modul mənzil proqramında Azərbaycan şirkətlərinin iştirakını nəzərdən keçirməyə hazırdır" - MÜSAHİBƏ
Müasir urbanizasiya dövlətlərdən şəhərlərin sürətli böyüməsi ilə ekosistemlərin qorunması arasında balans tapmağı tələb edir. Uruqvay bu gün "yaşıl" tikinti prinsiplərinin, enerji səmərəli texnologiyaların və ərazilərin ağıllı planlaşdırılmasının tətbiqinə görə Latın Amerikası regionunda liderlik edir. Mənzil fondunun genişmiqyaslı modernləşdirilməsi və inklüziv şəhər mühitinin yaradılması ölkənin dayanıqlı inkişafının əsas hərəkətverici qüvvələrinə çevrilir.
Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində "Report"a müsahibəsində Uruqvayın mənzil tikintisi və ərazi planlaşdırması naziri Tamara Paseyro ekotexnologiyaların kütləvi tikintiyə tətbiqi, mənzil çatışmazlığının aradan qaldırılması strategiyaları, eləcə də Uruqvayın öz şəhərlərini iqlim çağırışlarına necə uyğunlaşdırması barədə danışıb.
Həmin müsahibəni oxucularımıza təqdim edirik:
- Azərbaycan hazırda "ağıllı şəhərlər" və "ağıllı kəndlər"in yaradılması üzrə irimiqyaslı layihələr həyata keçirir. Uruqvay şəhərsalma planlaşdırılmasının rəqəmsal transformasiyası və enerji səmərəli mənzillərin tikintisi sahəsində hansı praktiki təcrübəsini Azərbaycanla bölüşə bilər?
- Uruqvayda biz hazırda ölkəmizin üzləşdiyi aktual bir məsələnin həlli ilə məşğuluq - bu, informasiya problemidir: onun toplanmasında necə irəliləyərik və bu məlumatları necə rəqəmsal formata keçirərik. Biz planlaşdırmanı təmin etmək və idarəetməyə dəstək olmaq üçün nəzərdə tutulmuş geoməkan məlumatlarına əsaslanan ərazi rəsədxanasının yaradılması üzərində işləyirik. Məhz bu istiqamət fəal təcrübə mübadiləsi üçün açıq olduğumuz sahədir.
Enerji səmərəli mənzillərə gəldikdə isə Uruqvayın Mənzil İnşaatı Nazirliyində ixtisaslaşdırılmış texniki reqlament fəaliyyət göstərir, onun vəzifəsi tikdiyimiz bütün obyektlərin enerji səmərəliliyini təmin etməkdir. Belə standartların tətbiqi nəinki ekoloji yükü azaldır, həm də uzunmüddətli perspektivdə vətəndaşların kommunal xidmətlər üzrə xərclərini əhəmiyyətli dərəcədə azaltmağa imkan verir. Hesab edirəm ki, bu sahədə də dövlətlərimiz məhsuldar əməkdaşlıq qura bilər, çünki Azərbaycanın texnoloji yanaşmalarının və Uruqvayın normativ-hüquqi bazasının birləşdirilməsi qarşılıqlı fayda təmin etməyə qadirdir.
- Uruqvayın Mənzil Tikintisi Nazirliyi ilə Azərbaycanın Dövlət Şəhərsalma və Arxitektura Komitəsi arasında əməkdaşlıq memorandumunun imzalanması nəzərdənda perspektiv görürsünüzmü?
- Şübhəsiz ki, biz Azərbaycanla təcrübə mübadiləsində maraqlıyıq. Məncə, Ümumdünya Şəhərsalma Forumunun əsas vəzifəsi məhz bundan ibarətdir - tikinti təcrübəsini təkmilləşdirmək üçün toplanmış biliklərə, nailiyyətlərə, o cümlədən həm müsbət nəticələrə, həm də yol verilmiş səhvlərə çıxışı təmin etmək. Bununla əlaqədar olaraq biz, şübhəsiz ki, ikitərəfli təcrübə mübadiləsini - bu halda məhz Azərbaycan tərəfi ilə - davam etdirmək əzmindəyik. Gələcəkdə belə bir qarşılıqlı fəaliyyətin rəsmi sazişin bağlanmasına çevrilə biləcəyini də istisna etmək olmaz.
- Məlumdur ki, sizin rəhbərliyiniz altında Uruqvay sosial cəhətdən həssas əhali qrupları üçün nəzərdə tutulmuş asan quraşdırılan və mobil yaşayış modullarının istehsalı üzrə tenderlər hazırlayır. Uruqvay bu proqramların həyata keçirilməsi üçün Azərbaycan tikinti şirkətlərinin iştirakı və ya Azərbaycandan investisiyaların cəlb edilməsi perspektivini nəzərdən keçirirmi?
- Uruqvayda biz bu yaxınlarda hökumətin bütün qarşıdan gələn fəaliyyət dövrü üçün işimizin istiqamətini müəyyən edən mənzil və yaşayış mühiti sahəsində beşillik planın hazırlığını başa çatdırmışıq. Onun hazırlanması zamanı biz aydın şəkildə dərk edirdik ki, nazirlik olaraq vətəndaşların həyat keyfiyyətinin yüksəldilməsinə yönəlmiş sistemli siyasətlərə malikik: bu, qeyri-rəsmi yaşayış məskənlərində vəziyyətin yaxşılaşdırılmasına, hazırda xüsusilə həssas vəziyyətdə olan əhali təbəqələrinin dəstəklənməsinə yönəlmiş tədbirlər və təşəbbüslər kompleksidir. Bunlar təkcə bilavasitə mənzil şəraitini deyil, bütövlükdə ətraf yaşayış mühitini təkmilləşdirən sistemli siyasətlərdir.
Bununla yanaşı, biz başa düşürük ki, dövlətin bütün bu tədbirləri həyata keçirməsini gözləyə bilməyən başqa bir vətəndaş kateqoriyası da mövcuddur. Məhz buna görə də elə bu gün biz uşaqlara və yeniyetmələrə xüsusi diqqət yetirməklə, su basmış zonalarda son dərəcə qeyri-qənaətbəxş məişət şəraitində yaşayan ailələr üçün operativ həllər təklif edirik. Bunun üçün biz modul konstruksiyalardan istifadə edirik. Yanaşmanın mahiyyəti bilavasitə yerindəcə hazır modullar: mətbəx blokları, sanitar qovşaqlar, yataq və yaşayış otaqları vasitəsilə mənzil şəraitinin yaxşılaşdırılmasından ibarətdir. Bu, ailələrə yekun köçürülməni gözləyərkən öz həyat səviyyəsini əhəmiyyətli dərəcədə yüksəltmək imkanı verir.
Uruqvay yaşayış məntəqələrinin abadlaşdırılması üzrə bu cür işləri artıq həyata keçirir. Bu zaman istifadə olunan materiallara dayanıqlı inkişaf sahəsində sərt tələblər irəli sürülür, "yaşıl mənzil" konsepsiyası isə layihəyə fəal şəkildə inteqrasiya olunur. Bununla əlaqədar olaraq, əgər Azərbaycan inşaat şirkətlərinin məhsulları bizim dayanıqlılıq standartlarımıza cavab verərsə, biz onların kommersiya təkliflərini məmnuniyyətlə nəzərdən keçirərik. İnvestisiyalara gəldikdə isə, hesab edirəm ki, istənilən dövlət öz sosial layihələrini həyata keçirmək üçün yeni kapital axınını həmişə alqışlayır.
- Uruqvay ekoloji cəhətdən dayanıqlı məskunlaşmaya üstünlük verir. Hazırda ölkənizdə tikinti materiallarının ekoloji təmizliyinə və mənzillərin "yaşıl" standartlarına dair hansı tələblər tətbiq olunur və Bakıda keçirilən COP29 iqlim sammitinin irsindən sonra Azərbaycanla mümkün birgə təşəbbüslər müzakirə olunubmu?
- Düzünü desəm, indiyə qədər bu sahədə Azərbaycanla birgə təşəbbüs nəzərdən keçirilməyib. Lakin, əvvəllər də qeyd etdiyim kimi, biz bu cür əməkdaşlığa açığıq. Dayanıqlı inkişaf meyarları və məhsulların, xüsusən də mənzillərin keyfiyyət standartları bizim üçün birinci dərəcəli əhəmiyyət kəsb edir və Uruqvay bu sahədə olduqca sərt normalara riayət edir.
Ölkədə kifayət qədər ciddi texniki reqlament mövcuddur, dövlət tenderlərində iştirak edən bütün şirkətlər üçün ona uyğunluq məcburidir. Sözsüz ki, biz "yaşıl mənzil" konsepsiyasının təşviqi üçün də maksimum səy göstəririk - hazırda bu istiqamət aktiv formalaşma mərhələsindədir. Uruqvay 2010-cu ildən başlayaraq taxta ev tikintisi sahəsində təcrübə toplayıb. Hazırkı idarəetmə dövründə biz taxtadan ev tikintisinin inkişafını davam etdirməyi, həmçinin artan mənzil tələbatına cavab olaraq digər qeyri-ənənəvi tikinti texnologiyalarını da mənimsəməyi planlaşdırırıq. Bununla belə, düşünürəm ki, Azərbaycan tərəfindən konkret təkliflər daxil olarsa, biz onları məmnuniyyətlə öyrənəcəyik və həqiqətən də əhəmiyyətli nəticələr əldə edə biləcəyik.
Oxşar xəbərlər
Misirin mənzil tikintisi naziri WUF13-də iştirak edəcək
WUF13 çərçivəsində 2026-cı il üçün Dünya Şəhərləri Hesabatı təqdim olunub
Malayziya WUF13-də öz AP-UAP Platformasını təqdim edəcək
Keniya WUF13 sammitində Afrikadakı mənzil böhranını müzakirəyə çıxaracaq
Nazir: Anqola dayanıqlı şəhər inkişafı üçün mənzil proqramlarını genişləndirir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Atalıq məzuniyyətinə çıxan kişilərə nə qədər pul veriləcək?
-
ADY-dən Bakı-Tiflis qatarı ilə bağlı açıqlama
-
Lamiyə Əl Səud: Mənzil təhlükəsizlik və sabitliyin təmin edilməsi üçün başlanğıc nöqtədir
-
Anjela Makeyeva İlham Əliyevə və Azərbaycan hökumətinə təşəkkür edib
-
Keniyalı qonaq: "WUF13 Dayanıqlı İnkişaf Məqsədlərinə çatmaq üçün mühüm platformadır"
-
AK nümayəndəsi: Son onillikdə şəhərlərdə əhali sıxlığı ya artıb, ya da olduğu kimi qalıb
