Umayra Tağıyeva: Azərbaycan meteoroloji sistemin modernləşdirilməsinə ciddi investisiyalar yatırıb
sizinxeber.az xəbər saytı

Umayra Tağıyeva: Azərbaycan meteoroloji sistemin modernləşdirilməsinə ciddi investisiyalar yatırıb


Bu gün dünya üçqat planetar böhranla üz-üzədir. Bunlar iqlim dəyişikliyi, biomüxtəlifliyin itirilməsi və çirklənmədir.

Sizinxeber.az xəbər verir ki, bunu Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13‑cü sessiyası (WUF13) çərçivəsində “Erkən xəbərdarlıqlar və davamlı şəhərlər” adlı tədbirdə ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva deyib.

O qeyd edib ki, bu problemlər birlikdə ekosistemləri, insanların rifahını, dayanıqlı inkişafı, şəhər və icmalarımızın dayanıqlığını təhdid edir: “Şəhərlərin iqlim dəyişikliyindən necə təsirləndiyi ilə bağlı çoxlu hekayələr danışılıb, paylaşılıb və ya biz bunların şahidi olmuşuq. Azərbaycan da müxtəlif ekoloji problemlər və iqlimlə bağlı təhlükələrlə qarşılaşıb. İqlim dəyişikliyi ilə əlaqəli risklərə və fəlakətlərə qarşı şəhərlərdə daha güclü və dayanıqlı infrastrukturun qurulması iqlim dayanıqlılığı üçün həyati əhəmiyyət daşıyır və bu, erkən xəbərdarlıq sistemləri vasitəsilə mümkündür”.

Umayra Tağıyeva bildirib ki, Azərbaycanın Milli Adaptasiya Planına və Böyük Qayıdış Proqramına uyğun olaraq, 2030-cu ilə qədər erkən xəbərdarlıq sisteminin modernləşdirilməsi və azad edilmiş ərazilərdə çoxriskli erkən xəbərdarlıq sisteminin yaradılması iqlim dayanıqlılığı üçün mühüm adaptasiya tədbiri kimi müəyyən edilib: “Hökumət milli meteoroloji sistemin modernləşdirilməsinə ciddi investisiyalar edib. Son beş ildə sistemlərin 73%-i artıq avtomatlaşdırılıb və müasir texnologiyalarla təchiz olunub. Lakin bu, erkən xəbərdarlıq sisteminin yalnız ilk mərhələsidir. Hələ nail olunmalı bir sıra digər hədəflər var. 2030-cu ilə qədər modernləşmənin tamamlanması üçün müasir proqnozlaşdırma, verifikasiya sistemləri, lokal ədədi hava proqnozlaşdırma modelləri, sektorlara uyğun iqlim analizləri tələb olunur”.

Oxşar xəbərlər

Umayra Tağıyeva: Azərbaycan İqlim Dəyişikliyi və Şəhərlər üzrə Xüsusi Hesabatla bağlı qərarın hazırlanmasında fəal iştirak edib
Umayra Tağıyeva: Son 25 ildə Bakıda istilik dalğaları 14 dəfə artıb
Umayra Tağıyeva: İqlim dəyişikliyi məsələsi Azərbaycan üçün prioritetdir
Umayra Tağıyeva: COP-a sədrliyimiz çərçivəsində iqlim maliyyəsi üzrə razılaşma əldə olunmalıdır
Umayra Tağıyeva: Azərbaycanda istilik dalğaları artıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər