Azərbaycanın şəhərsalma modeli: tarixi irsin qorunması ilə müasir inkişafın vəhdəti - TƏHLİL
sizinxeber.az xəbər saytı

Azərbaycanın şəhərsalma modeli: tarixi irsin qorunması ilə müasir inkişafın vəhdəti - TƏHLİL


Azərbaycan xalqının şəhəryaratma ənənəsi və tarixi yaddaşı

Azərbaycan torpaqlarında qədim yaşayış məskənləri, memarlıq məktəbləri və urbanizasiya ənənələri təkcə region üçün deyil, bütövlükdə dünya sivilizasiyası üçün mühüm əhəmiyyət daşıyır. Gəncə, Naxçıvan, Şamaxı, Qəbələ, Şəki kimi şəhərlər Azərbaycan xalqının əsrlər boyu formalaşdırdığı şəhərsalma mədəniyyətinin canlı nümunələridir.

Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) açılış mərasimində çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev də məhz bu tarixi irsə xüsusi diqqət çəkərək vurğuladı ki, Azərbaycanın qədim şəhərləri memarlıq və şəhərsalma ənənələrinin bu günədək qorunub saxlanıldığı nadir məkanlardandır. Prezidentin çıxışında qeyd etdiyi kimi, Şamaxıda yerləşən VIII əsrə aid məscid, Naxçıvandakı Möminə xatun türbəsi, Gəncənin tarixi siması, Şəki və Qəbələnin qədim abidələri Azərbaycan xalqının yalnız mədəni deyil, həm də urbanistik baxımdan yüksək inkişaf etmiş sivilizasiya yaratdığını göstərir.

Bu baxımdan Azərbaycan şəhərsalma ənənəsi sadəcə tikinti və memarlıq fəaliyyəti deyil. Bu, milli yaddaşın, dövlətçilik tarixinin və mədəni kimliyin qorunması deməkdir. Azərbaycanın şəhərləri əsrlər boyu ticarət yollarının, sivilizasiyaların və mədəniyyətlərin kəsişmə nöqtəsində yerləşib. Şərqlə Qərbin qovuşduğu məkan kimi ölkənin urbanistik sistemi də müxtəlif memarlıq üslublarının sintezindən formalaşıb.

XIX əsrdən başlayan yeni urbanizasiya mərhələsi

Azərbaycanda urbanizasiya prosesinin yeni mərhələsi XIX əsrin ikinci yarısından başlayıb. Xüsusilə Bakıda neft sənayesinin inkişafı şəhərsalma prosesinə ciddi təsir göstərib. Bu dövrdə Avropa memarlıq üslubu ilə Şərq memarlıq ənənələri arasında unikal sintez formalaşıb. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Bakıda İçərişəhərin qədim divarlarından çıxaraq bir neçə addım sonra tamamilə müasir urbanistik mühitə daxil olmaq mümkündür.

Bu, Azərbaycanın şəhərsalma fəlsəfəsinin əsas mahiyyətini təşkil edir: tarixi qorumaqla müasirləşmək. Əslində bu yanaşma son onilliklərdə dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilib. Tarixi irsin qorunması ilə müasir infrastrukturun yaradılması arasında balansın təmin olunması Azərbaycan modelinin əsas xüsusiyyətidir.

Bakının inkişafı bunun ən bariz nümunəsidir. Vaxtilə sənaye çirklənməsi ilə tanınan “Qara şəhər”in müasir “Ağ şəhər” layihəsinə çevrilməsi, Bakı bulvarının genişləndirilməsi, yeni parkların, ictimai məkanların yaradılması Azərbaycanın planlı urbanizasiya siyasətinin göstəricisidir. Son 20 ildə paytaxtda yüzlərlə ictimai məkanın yaradılması şəhər mühitinin insan yönümlü inkişaf konsepsiyasına əsaslandığını göstərir.

Bu gün Azərbaycanda şəhərsalma yalnız tikinti sektoru deyil, həm də ekoloji təhlükəsizlik, sosial rifah, nəqliyyat, mikromobillik və ictimai rahatlıq məsələlərini özündə birləşdirən kompleks inkişaf modelidir.

Strateji istiqamət

Azərbaycanda şəhərsalma siyasətinin sistemli və davamlı şəkildə həyata keçirilməsi birbaşa dövlət rəhbərliyinin diqqəti ilə bağlıdır. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva uzun illərdir bu sahəni strateji istiqamət kimi diqqət mərkəzində saxlayırlar.

Prezident İlham Əliyevin 2026-cı ili “Şəhərsalma və Memarlıq İli” elan etməsi də bu istiqamətdə dövlət siyasətinin miqyasını və əhəmiyyətini göstərir. Bu qərar təsadüfi deyil. Son illərdə Azərbaycanda həyata keçirilən layihələr göstərir ki, şəhərsalma dövlətin sosial, iqtisadi və humanitar siyasətinin mühüm tərkib hissəsinə çevrilib.

Bu siyasətin əsas prioritetləri sırasında müasir yaşayış komplekslərinin yaradılması, yaşıllıq zonalarının artırılması, nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi, tarixi abidələrin bərpası və regionların balanslı inkişafı dayanır.

Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən layihələr isə tarixi-mədəni irsin qorunması baxımından xüsusi əhəmiyyət daşıyır. Azərbaycanın müxtəlif bölgələrində tarixi abidələrin bərpası, dini və mədəni irsin qorunması şəhərsalma siyasətinin humanitar tərəfini gücləndirir.

Qarabağ və Şərqi Zəngəzur: dünyanın ən böyük yenidənqurma layihələrindən biri

İşğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və yenidənqurma işləri Azərbaycanın şəhərsalma modelinin ən mühüm və unikal istiqamətidir. Prezident İlham Əliyevin Forumdakı çıxışında da xüsusi vurğulandığı kimi, 30 illik işğal dövründə Qarabağ və Şərqi Zəngəzur tamamilə dağıdılıb. Ağdamın “Qafqazın Xirosiması” adlandırılması dağıntının miqyasını göstərən əsas faktorlardan biridir.

Lakin Azərbaycan dağıdılmış əraziləri qısa müddətdə dünyanın ən müasir urbanistik məkanlarından birinə çevirir. Bu gün həyata keçirilən Böyük Qayıdış Proqramı sadəcə məcburi köçkünlərin geri dönüşü deyil. Bu proqram yeni şəhərsalma modelinin formalaşdırılması deməkdir.

Artıq Ağdam, Şuşa, Zəngilan, Xankəndi və digər yaşayış məntəqələrinin baş planları hazırlanıb. Müasir yollar, tunellər, körpülər, hava limanları, sənaye zonaları, “ağıllı kənd” və “ağıllı şəhər” layihələri artıq reallığa çevrilir.

Cəmi beş il ərzində üç beynəlxalq hava limanının tikilməsi, yüzlərlə körpü və kilometrlərlə tunelin inşası Azərbaycanın bu istiqamətdəki imkanlarını nümayiş etdirir. Ən önəmlisi isə budur ki, bu layihələr yalnız fiziki infrastrukturun qurulmasına deyil, insanların doğma torpaqlarına təhlükəsiz və ləyaqətli şəkildə qayıdışına xidmət edir.

Bu gün artıq on minlərlə insan keçmiş işğal ərazilərində yaşayır, işləyir və təhsil alır. Bu isə şəhərsalmanın humanitar və sosial missiyasını ön plana çıxarır.

Azərbaycan qlobal dialoq və təhlükəsiz platforma kimi

Müasir dövrdə dünyada geosiyasi qarşıdurmaların, müharibələrin və humanitar böhranların artdığı bir şəraitdə Azərbaycanın beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etməsi xüsusi diqqət çəkir.

Bakıda COP29 və WUF13 kimi qlobal tədbirlərin keçirilməsi Azərbaycanın artıq beynəlxalq əməkdaşlıq və qlobal dialoq platformasına çevrildiyini göstərir. Prezident İlham Əliyevin forumda vurğuladığı kimi, 182 ölkədən 45 mindən çox iştirakçının Bakıya gəlməsi Azərbaycanın beynəlxalq nüfuzunun göstəricisidir.

Bu həm də onu göstərir ki, Azərbaycan regionda sabitlik və təhlükəsizlik məkanı kimi qəbul olunur. Dünyanın müxtəlif bölgələrində müharibələrin davam etdiyi, şəhərlərin dağıldığı bir dövrdə Azərbaycanın şəhərsalma, bərpa və dayanıqlı inkişaf məsələlərinin müzakirə olunduğu qlobal platformaya çevrilməsi xüsusi əhəmiyyət daşıyır.

Əslində, Azərbaycanın təqdim etdiyi model təkcə milli inkişaf konsepsiyası deyil. Bu model postmünaqişə dövründə şəhərlərin necə yenidən qurulması, tarixi irsin necə qorunması və müasir urbanistik inkişafın necə təmin olunması ilə bağlı beynəlxalq təcrübə nümunəsidir.

Yeni inkişaf modelinin əsas fəlsəfəsi

Prezident İlham Əliyevin çıxışında diqqət çəkən əsas məqamlardan biri şəhərsalmada “cəsarət və ehtiyatlılıq” arasında balansın qorunması ilə bağlı idi. Prezidentin Bakı Formula-1 yarışı ilə bağlı müqayisəsi əslində müasir urbanizasiya siyasətinin fəlsəfəsini ifadə edir.

Yəni inkişaf sürətli olmalıdır, lakin bu proses tarixi irsin məhv edilməsi hesabına baş verməməlidir. Azərbaycan modeli də məhz bu prinsipə əsaslanır. Burada həm müasirlik, həm milli kimlik, həm texnoloji yenilik, həm də tarixi yaddaş birlikdə qorunur.

Bu gün Azərbaycan şəhərsalma siyasəti ilə regionda yeni standartlar müəyyənləşdirir. Tarixi abidələrin bərpası, ekoloji layihələr, ağıllı şəhər konsepsiyası, yaşıl enerji zonalarının yaradılması və insan mərkəzli urbanizasiya siyasəti ölkənin gələcək inkişaf modelini formalaşdırır.

Bütün bunlar göstərir ki, Azərbaycan yalnız şəhərlər tikmir. Azərbaycan gələcəyin yaşayış fəlsəfəsini formalaşdırır.

Oxşar xəbərlər

Anar Quliyev: WUF13-ə ev sahibliyi Azərbaycan üçün böyük şərəf və ciddi məsuliyyətdir
WUF13 çərçivəsində TDT-nin şəhərsalma üzrə yüksəksəviyyəli dialoqu təşkil ediləcək
Anar Quliyev WUF13-ün milli koordinatoru təyin edilib
"Təzə Pir" məscidi ətrafındakı tarixi məhəllə abadlaşdırılaraq yenidən qurulacaq
Prezident İlham Əliyev: Ermənistan Azərbaycan xalqının əsrlər boyu öz dədə-baba torpaqlarında yaşaması faktını hər vəchlə danmağa çalışır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər