Pakistanın səfiri: Sudan silah kimi istifadə etdiyinə görə beynəlxalq ictimaiyyəti Hindistana qarşı tədbir görməyə çağırırıq - MÜSAHİBƏ
Hindistanla Pakistan arasında baş verən son hadisələr, Pakistanın Azərbaycanla münasibətləri və digər məsələlər bu ölkənin Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Qasım Mohiuddinin "Report"a müsahibəsinin mövzuları olub:
- Cənab səfir, bir neçə gün əvvəl Cammu və Kəşmirin Pahalqam şəhəri ərazisində baş verən hadisə Hindistan və Pakistan arasında onsuz da xoş olmayan münasibətləri daha da gərginləşdirdi. Məsələnin detallarını bir də sizdən eşitmək istərdik.
- Pahalqamdakı faciəvi hadisə Hindistanın Pakistanı əsaslı araşdırma və sübut olmadan ittiham etməyə adətkar olmasının daha bir nümunəsidir. Pakistan Baş naziri Hindistana təklif etdi ki, Pakistan faciəvi hadisə ilə bağlı beynəlxalq, qərəzsiz araşdırmada iştirak etməyə hazırdır. Lakin Hindistan təklifimizə cavab verməyib. Pakistan bu əsassız ittihamları qətiyyətlə rədd edir. Belə tələsik reaksiyalar yalnız diqqəti Hindistanın daxili təhlükəsizlikdəki uğursuzluqlarından və qanunsuz işğal etdiyi Cammu və Kəşmirdə sürətlə pisləşən vəziyyətdən yayındırmağa xidmət edir. Pakistan həmişə münaqişələrin sülh yolu ilə həllini müdafiə edib və hesab edir ki, məsuliyyətin müəyyən edilməsindən əvvəl şəffaf, qərəzsiz araşdırma aparılmalıdır.
Hindistanın 7 may gecəsi Pakistan mülki əhalisinə qarşı həyata keçirdiyi qorxaq hücumlar nəticəsində qadın və uşaqlar həlak olub. Bir neçə məscidə də ziyan dəyib. Pakistan qüvvələri isə Hindistanın hücumlarına cavab olaraq 3 “Rafael”, 1 Su-30 və 1 MiQ-29 daxil olmaqla 5 Hindistan təyyarəsini vurub. Həmçinin bir neçə Hindistan PUA-sı məhv edilib. Xüsusilə vurğulamaq istəyirəm ki, Pakistan qüvvələri yalnız ölkəmizə qarşı təcavüz aktında iştirak edən hədəfləri nişan alıb və məhv edib. Hətta dünən səhər erkən saatlarda Pakistanın və azad Kəşmirin müxtəlif sektorlarında bir neçə Hindistan kəşfiyyat PUA-sı vurulub. Pakistan hökuməti tam aydın şəkildə bildirdi ki, beynəlxalq hüquqa əsasən, Pakistan Hindistanın davam edən təcavüzünə qətiyyətlə cavab vermək hüququnu özündə saxlayır. Bunun vaxtını, yerini və metodunu isə özümüz müəyyən edirik.
- Bu hücumun kim tərəfindən və hansı məqsədlə həyata keçirildiyini ehtimal edirsiniz?
- Pakistan spekulyasiya ilə məşğul olmur. Lakin bu hadisənin vaxtını və kontekstini sorğulamaq vacibdir. Tarixən Hindistan belə hadisələrdən ya hərbi gərginliyi artırmaq üçün bəhanə kimi, ya da xüsusilə seçki dövrlərində daxili siyasi böhranlardan diqqəti yayındırmaq məqsədilə istifadə edib. Hindistanın saxta bayraq əməliyyatlarına əl atması – 2016-cı ildə Uri və 2019-cu ildə Pulvama hadisələrində olduğu kimi – ilk deyil. Ona görə də Pakistan Pahalqam hadisəsinin qərəzsiz şəkildə araşdırılması üçün müstəqil beynəlxalq istintaqın aparılmasına çağırır.
- Hazırda mənbəyini Çindən götürən Hind çayının Pakistan istiqamətdən axınını bloklayıb. Çayın axınını bloklamaq və istiqamətini dəyişmək də başqa bir münaqişəyə təhrik deyilmi? Çünki tərəflər arasında imzalanan müqaviləyə əsasən, Hind çayının Pakistana çatmasının qarşısının alınması Hindistanın Pakistana müharibə elan etməsi kimi dəyərləndirilir. Bu təhdidlər fonunda Pakistanın mövqeyi nədən ibarətdir?
- Hindistanın Hind çayının axınını birtərəfli və qanunsuz şəkildə bloklamaq və ya dəyişdirmək cəhdi 1960-cı ildə Dünya Bankının vasitəçiliyi ilə imzalanmış və hüquqi cəhətdən bağlayıcı olan Hind Sular Müqaviləsinin kobud şəkildə pozulmasıdır. Bu müqavilə heç bir tərəfə onu birtərəfli qaydada dəyişdirmək və ya ləğv etmək hüququ vermir. Bu cür addımlar təkcə təxribat xarakteri daşımır, həm də müharibə aktı kimi qiymətləndirilə bilər. Pakistan bu pozuntunu çox ciddi qəbul edir və məsələni müvafiq beynəlxalq platformalarda qaldırır. Biz beynəlxalq ictimaiyyəti Hindistan sudan silah kimi istifadə etdiyinə görə ona qarşı tədbir görməyə çağırırıq. Bu addım regionda sabitliyi təhlükə altına salır və Hindistanın Pakistana qarşı sərhədyanı terrorizminin başqa bir formasıdır.
- Narendra Modi hökumət başçısı (Baş nazir) olandan Hindistanda islamofob siyasəti yürütdüyü bildirilir. Hindistandakı bu islamofob siyasətdə kənar təsirlərin də olduğunu düşünürsünüzmü?
- Baş nazir Narendra Modi hakimiyyətə gəldikdən sonra Hindistanda islamofobiya və Hindutva (hindus milliyyətçiliyi-red.) ideologiyasından qaynaqlanan ekstremizmin sistematik artımına şahid olduq. Bu, yalnız Hindistan daxilində müsəlmanlara qarşı zorakılıqlarla nəticələnməyib, həm də əksər müsəlman ölkələrinə qarşı aqressiv siyasət yürüdülməsinə səbəb olub. Hindistanın Ermənistanla dərinləşən hərbi əlaqələri Yeni Delhinin müsəlman həmrəyliyini zəiflətmək siyasətini daha da əks etdirir.
Pakistanın Azərbaycanla qardaşlığımız səbəbindən diplomatik olaraq tanımadığı bir ölkə olan Ermənistanla Hindistanın hərbi əlaqələrini dərinləşdirməsi Yeni Delhinin müsəlman həmrəyliyini sarsıtmaq siyasətini açıq şəkildə ortaya qoyur. Bu tendensiyalar Hindistanın anti-müsəlman kursunu təşviq edən xarici təsirlər barədə ciddi suallar doğurur. Ancaq qeyd etmək vacibdir ki, Hindistanda müsəlmanların sistematik və davam edən təqibi yalnız Modinin Baş nazir vəzifəsində olduğu dövrdə başlamayıb. Bu siyasətin kökləri onun Qucarat baş naziri olduğu dövrə gedib çıxır və bu da dini azlıqlara qarşı yönəlmiş siyasətdə narahatedici bir davamlılıq nümayiş etdirir.
- Beynəlxalq ictimaiyyətin, böyük güclərin və region ölkələrinin mövcud gərginliklə bağlı mövqeyi sizi qane edirmi?
- Pakistan beynəlxalq ictimaiyyət tərəfindən səsləndirilən narahatlıqları yüksək qiymətləndirir, lakin ümumilikdə daha çox səy göstərilməlidir. Bu cür ciddi təxribatlar qarşısında susqunluq və ya neytral mövqe təcavüzkarı cəsarətləndirə bilər. Hindistanda hakimiyyətdə olan bu qüvvələr region və dünya sülhü üçün təhlükə mənbəyidir. Biz Birləşmiş Millətlər Təşkilatını, BMT Təhlükəsizlik Şurasının daimi üzvlərini və regional tərəfdaşları Cənubi Asiyada gərginliyin daha da artmasının qarşısını almaq və sülhü qorumaq üçün fəal rol oynamağa çağırırıq. Nüvə toqquşması riski diqqətdən kənarda qala bilməz.
- Azərbaycan Kəşmir məsələsində Pakistanı hər zaman dəstəkləyib və bu dəstəyi beynəlxalq təşkilatlar da daxil olmaqla bütün platformalarda davam etdirəcəyini bildirib. Bu məsələdə Azərbaycandan, Türkiyədən, bütövlükdə İƏT ölkələrindən gözləntiniz nədən ibarətdir?
- Azərbaycana Cammu və Kəşmir məsələsi ilə bağlı prinsipial və davamlı dəstəyinə görə dərin minnətdarlığımızı bildiririk. İkitərəfli və İƏT də daxil olmaqla çoxtərəfli platformalarda ifadə edilən bu həmrəylik Kəşmir xalqı üçün güc mənbəyi olub. Pakistan ümid edir ki, Azərbaycan, Türkiyə və digər İƏT üzvləri Hindistanın qanunsuz işğal etdiyi Cammu və Kəşmirdə ədalət, beynəlxalq hüquq və məzlum Kəşmir xalqının hüquqları uğrunda səslərini qaldırmağa davam edəcəklər.
Foto: Zaur Mustafayev
Oxşar xəbərlər
Pakistan Kəşmirə hücumla bağlı beynəlxalq araşdırmaya çağırır
KİV: Hindistan və Pakistan hərbçiləri arasında atışma olub
İran XİN başçısı: Tehran Hindistan və Pakistan arasında gərginliyi azaltmaq istəyir
Pakistan XİN Hindistanın hərəkətlərini qınayıb və onun məsuliyyətə cəlb edilməsinə çağırıb
Hindistan hava məkanını Pakistan təyyarələri üçün bağlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
ADY-dən Bakı-Tiflis qatarı ilə bağlı açıqlama
-
Bakı–Tbilisi–Bakı sərnişin qatarlarının hərəkət cədvəli açıqlanıb
-
Dövlət Komitəsinin sədri: "İqtisadi canlanma azad olunmuş ərazilərin bərpasının vacib hissəsidir"
-
İlham Əliyev: "Yaxın Şərqdə baş verən hadisələr müəyyən dərəcədə hər kəsə təsir edir"
-
AK nümayəndəsi: Son onillikdə şəhərlərdə əhali sıxlığı ya artıb, ya da olduğu kimi qalıb
-
Vahid Hacıyev: Qarabağ və Şərqi Zəngəzur yaşıl enerji zonası kimi inkişaf etdirilir



