Azərbaycan BMT-nin Qadınların Statusu Komissiyasının 69-cu sessiyasında təmsil olunur
sizinxeber.az xəbər saytı

Azərbaycan BMT-nin Qadınların Statusu Komissiyasının 69-cu sessiyasında təmsil olunur


BMT-nin Nyu-Yorkdakı Baş Qərargah binasında Pekin Bəyannaməsi və Fəaliyyət Platformasının (1995) icrası və qiymətləndirilməsinə həsr olunmuş Qadınların Statusu Komissiyasının (CSW69) 69-cu sessiyasının açılışı olub.

“Sizinxeber.az”un ABŞ bürosu xəbər verir ki, sessiyada BMT-yə üzv 193 ölkədən dövlət və hökumət nümayəndələri, BMT qurumları və ECOSOC-a akkreditə olunmuş qeyri-hökumət təşkilatları (QHT-lər) iştirak edir.

Sessiyada Azərbaycanı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovanın rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.

Sessiya çərçivəsində yüksək səviyyəli dəyirmi masa, həmçinin İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İslam Ölkələri üzrə Statistik, İqtisadi və Sosial Tədqiqat və Təlim Mərkəzi (SESRİC), BMT-də İslam Əməkdaşlıq Təşkilatının Daimi Nümayəndəliyi, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) birgə təşkilatçılığı ilə “Bakı iqlim koalisiyası - KOB-ların yaşıl keçidi: qadınların gücləndirilməsi” mövzusunda yan tədbir keçiriləcək.

CSW69-da Pekin Bəyannaməsi və Fəaliyyət Platformasının nəzərdən keçirilməsi də daxil olmaqla, dünyada gender bərabərliyi və qadınların səlahiyyətlərinin artırılmasına diqqət yetirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, bu il qlobal ictimaiyyət Dördüncü Dünya Qadınlar Konfransının və Pekin Bəyannaməsi və Fəaliyyət Platformasının (1995) qəbul edilməsinin 30-cu ildönümünü qeyd edir.

Qadınların Statusu Komissiyası (CSW) 21 iyun 1946-cı ildə Birləşmiş Millətlər Təşkilatının İqtisadi və Sosial Şurasının (ECOSOC) qərarı ilə Şuranın funksional komissiyalarından biri kimi yaradılıb.

BMT-nin ən mühüm orqanlarından biri olan CSW, qadın və kişi bərabərliyinin təmin edilməsi və qadınların gücləndirilməsi üçün qlobal səviyyədə fəaliyyət göstərməyi hədəfləyir.

Hər il mart ayında CSW iclasları ilk 3 gün yüksək səviyyəli iştirak, qalan günlər isə texniki işlər və müzakirələrlə müşayiət olunur. UN Women tərəfindən dəvət edilən bütün BMT-yə üzv və müşahidəçi ölkələrin hökumət nümayəndələri, BMT rəsmiləri və vətəndaş cəmiyyəti təşkilatlarının yüzlərlə iştirakçısı bu toplantılarda iştirak edir.

Oxşar xəbərlər

Bahar Muradova ŞƏT-in Qadınlar Forumunda iştirak edir
MSK və Dövlət Komitəsi Milli Məclisə seçkilərdə qadınların fəallığına dair müzakirə təşkil edib
Bahar Muradova: Azərbaycanda ibtidai təhsil alan qadınların göstəricisi 98 faiz təşkil edir
Muxtar Babayev İƏT rəsmisi ilə görüşüb
Dünya liderləri BMT-nin “Yüksək Səviyyəli Həftə“sində bir araya gələcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər