Vyanada Avropa Nəşriyyat Konqresində media sahəsində süni intellektin istifadəsi müzakirə olunur
sizinxeber.az xəbər saytı

Vyanada Avropa Nəşriyyat Konqresində media sahəsində süni intellektin istifadəsi müzakirə olunur


Vyanada (Avstriya) Avropa Nəşriyyat Konqresi öz işinə başlayıb.

"Report"un Konqresin işində iştirak edən əməkdaşı xəbər verir ki, tədbirin əsas müzakirə mövzularından biri süni intellektin inkişafı və onun jurnalistikada istifadəsidir.

Konqresdə Almaniyanın "Der Spiegel" jurnalının sabiq baş redaktoru Stefan Aust süni intellektin mediada tətbiqinə dair perspektivlər ilə bağlı öz fikirlərini bölüşüb.

Onun sözlərinə görə, süni intellekt artıq jurnalistlərin işini, ilk növbədə, məlumatların axtarışı və emalı sahəsində əhəmiyyətli dərəcədə asanlaşdırıb.

S.Aust qeyd edib ki, əvvəllər iri redaksiyalarda arxiv şöbələrinin əməkdaşlarının sayı 60-a çatırdısa, bu gün həmin işin böyük bir hissəsini süni intellekt yerinə yetirə bilir.

Bununla belə, S.Aust, jurnalist materiallarının yazılması üçün süni intellektdən istifadəyə qarşı çıxıb: "Süni intellektin köməyi ilə məlumat əldə etmək normaldır. Lakin məqalələri jurnalistlər özləri yazmalıdır".

Onun sözlərinə görə, süni intellekt tərəfindən yaradılmış kontenti aşkar edə bilən proqramlar mövcuddur, lakin əsas problem başqa məsələdir. S.Aust qeyd edib ki, süni intellekt artıq mövcud olan və tərkibində səhvlər ola biləcək məlumatlar əsasında işləyir, buna görə də jurnalistlər əldə etdikləri məlumatları müstəqil şəkildə yoxlamalıdırlar.

"Der Spiegel"in sabiq baş redaktoru həmçinin illüstrasiyaların yaradılmasında süni intellektdən istifadə barədə də danışıb. Onun fikrincə, texnologiyalar köməkçi vasitə kimi tətbiq edilə bilər, lakin vizual kontentin yaradılmasında əsas rolu insan faktoru oynamalıdır.

Çap mediasının inkişafından danışan S.Aust qeyd edib ki, qəzetlərin tirajlarının azalması ümumdünya tendensiyadır. Bununla belə, o, çap mətbuatının tamamilə yoxa çıxacağı fikri ilə razılaşmayıb.

S.Aust xatırladıb ki, "Der Spiegel" rəqəmsal istiqaməti inkişaf etdirməyə başlayan ilk nəşrlərdən biri olub: "Başlanğıcda materiallar pulsuz yayılırdı ki, bu da monetizasiya üçün çətinliklər yaradırdı, lakin sonradan nəşr rəqəmsal abunə satışının effektiv modelini qura bilib".

Tədbir çərçivəsində keçirilən müzakirələrdə "Bild", "BBC", "Trendscout", "ZEIT" kimi media resurslarının və digər aparıcı nəşrlərin nümayəndələri də iştirak ediblər.

Oxşar xəbərlər

Culiya Bekker: KİV süni intellekt tərəfindən yaradılan kontenti vurğulamağa borcludur
Azərbaycanda gömrük proseslərinin sürətləndirilməsi üçün süni intellekt tətbiq ediləcək
Hicran Hüseynova: Süni intellektin sürətlə yayılması əqli mülkiyyətlə bağlı suallar yaradır
Fariz Cəfərov: "Süni intellektin tətbiqinin genişlənməsi yeni ixtisasların yaranmasına səbəb olacaq"
Azərbaycan WEF ilə birgə enerji sahəsində süni intellektin tətbiqi layihəsini həyata keçirir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər