Mikayıl Cabbarov və IsDB-nin prezidenti Bakının bankın İllik Toplantılarına hazırlıq səviyyəsini qiymətləndiriblər
sizinxeber.az xəbər saytı

Mikayıl Cabbarov və IsDB-nin prezidenti Bakının bankın İllik Toplantılarına hazırlıq səviyyəsini qiymətləndiriblər


Azərbaycan 16–19 iyun tarixlərində Bakıda "Davamlı rifah naminə regional inteqrasiya" mövzusu altında keçiriləcək İslam İnkişaf Bankı (IsDB) Qrupunun İllik Toplantılarına hazırlıq işlərini yekunlaşdırır.

"Report"un təşkilatçılara istinadən verdiyi məlumata görə, Azərbaycanın iqtisadiyyat naziri və IsDB İdarəçilər Şurasının sədri Mikayıl Cabbarov İslam İnkişaf Bankı Qrupunun prezidenti Məhəmməd Əl-Casser ilə birlikdə Bakı Konqres Mərkəzini ziyarət edərək son hazırlıq işləri ilə tanış olub. Səfər çərçivəsində onlar təşkilat komitəsinin üzvləri ilə görüşüb və bankın 57 üzv ölkəsindən gələcək nümayəndə heyətlərini qəbul etməyə hazırlıq səviyyəsini qiymətləndiriblər.

Gözlənilir ki, İllik Toplantılarda maliyyə, iqtisadiyyat, beynəlxalq inkişaf və planlaşdırma nazirləri, beynəlxalq maliyyə institutlarının, tərəfdaş təşkilatların və özəl sektorun nümayəndələri iştirak edəcəklər. Tədbirdə üzv ölkələrin qarşısında duran əsas sosial-iqtisadi çağırışlar, əməkdaşlığın prioritet istiqamətləri və onların həlli yolları müzakirə olunacaq.

Forumun proqramına İdarəçilər Şurasının iclasları, İdarəçilərin Dialoqu, IsDB Qrupunun prezidenti ilə "fireside chat" formatında görüş, IsDB Özəl Sektor Forumu, Çoxtərəfli İnkişaf Banklarının Biznes İmkanları Forumu, Ərəb Koordinasiya Qrupunun Özəl Sektor Sessiyası, həmçinin yüksəksəviyyəli dəyirmi masalar, sərgilər və təcrübə mübadiləsi tədbirləri daxildir.

Müzakirələrin əsas mövzuları sırasında islam maliyyəsi, ticarət və nəqliyyat əlaqələrinin genişləndirilməsi, gənclərin məşğulluğu, iqlim dəyişikliklərinə davamlılığın artırılması, rəqəmsal transformasiya, süni intellekt, sukuk bazarının inkişafı, innovasiyalar, səhiyyə təhlükəsizliyi və sosial müdafiə sistemlərinin təkmilləşdirilməsi yer alacaq.

Azərbaycan İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına ikinci dəfə ev sahibliyi edir. Təşkilatçıların fikrincə, bu, ölkə ilə IsDB arasında yüksək səviyyəli əməkdaşlığın göstəricisi olmaqla yanaşı, regional inteqrasiyanın, qarşılıqlı əlaqələrin və davamlı inkişafın təşviqinə yönəlmiş ümumi öhdəliyi də əks etdirir.

Oxşar xəbərlər

IsDB qrupunun Bakıdakı keçiriləcək illik toplantılarına hazırlıq müzakirə edilib
Azərbaycan və IsDB strateji tərəfdaşlıq məsələlərini müzakirə edib
Məhəmməd Süleyman əl-Casir Xankəndiyə səfər edəcək
İslam İnkişaf Bankının prezidenti Azərbaycana səfər edəcək
İslam İnkişaf Bankı Qrupunun sədri Füzulidə məktəblərlə tanış olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər