Emin Hüseynov: Ağdam, Füzuli və Xocavənd yaxın illərdə müasir aqrar mərkəzlərə çevriləcək
sizinxeber.az xəbər saytı

Emin Hüseynov: Ağdam, Füzuli və Xocavənd yaxın illərdə müasir aqrar mərkəzlərə çevriləcək


Qarabağ iqtisadi rayonunda həyata keçirilən bərpa və yenidənqurma işləri kənd təsərrüfatının inkişafı üçün möhkəm baza yaradır.

Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov Zəngilanda “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın müzakirəsinə həsr olunmuş regional müşavirədə deyib.

Emin Hüseynov qeyd edib ki, Ağdam, Füzuli və Xocavənd rayonlarında yaradılan yeni yol, enerji, su təsərrüfatı və logistika infrastrukturu regionun aqrar potensialının reallaşdırılmasına imkan verir. Onun sözlərinə görə, qarşıdakı əsas hədəf ənənəvi kənd təsərrüfatından daha çox innovativ, ixracyönümlü və yüksək məhsuldarlıqlı aqrar modelin formalaşdırılmasıdır.
Çıxışda bildirilib ki, Ağdam rayonu geniş torpaq ehtiyatları ilə taxılçılıq, heyvandarlıq və bağçılıq üçün əlverişli imkanlara malikdir. Füzuli rayonu isə logistika və nəqliyyat üstünlükləri, o cümlədən beynəlxalq hava limanı və yeni dəhlizlər vasitəsilə aqroemal və ixrac imkanlarını genişləndirir. Xocavənd rayonunda isə üzümçülük, meyvəçilik və arıçılıq kimi sahələrin inkişafı üçün böyük potensial mövcuddur.
Xüsusi nümayəndə vurğulayıb ki, regionda aqrar siyasətin əsas istiqaməti suya qənaət edən texnologiyalar, ağıllı suvarma sistemləri və rəqəmsal idarəetmə həllərinin tətbiqidir. Eyni zamanda, istehsaldan emala, saxlanmadan ixraca qədər tam dəyər zəncirinin formalaşdırılması prioritet hesab olunur.
Onun sözlərinə görə, Ağdam, Füzuli və Xocavənd üzrə ümumilikdə 95 min hektardan artıq əkinəyararlı torpaq sahəsi mövcuddur və bu sahələrin bir hissəsi artıq sakinlərin istifadəsinə verilib, digər hissəsi isə investisiya layihələri üçün nəzərdə tutulur.
Emin Hüseynov əlavə edib ki, hazırda investorlar üçün ayrılmış torpaq fondunun təxminən yarısı hələ istifadəyə cəlb olunmayıb ki, bu da yeni aqrar layihələr üçün geniş imkanlar yaradır.
Çıxışda həmçinin aqrar sahədə risklərin idarə olunması, yanğın təhlükəsizliyi, bitki və heyvan xəstəliklərinə qarşı mübarizə və koordinasiyalı tədbirlərin gücləndirilməsinin vacibliyi də qeyd edilib.
Sonda bildirilib ki, dövlət və özəl sektorun birgə fəaliyyəti nəticəsində Ağdam, Füzuli və Xocavənd yaxın illərdə Azərbaycanın əsas aqrar və aqroemal mərkəzlərindən birinə çevriləcək.

Oxşar xəbərlər

Xüsusi nümayəndə: Qarabağ və Şərqi Zəngəzur ümumi su balansımıza tam inteqrasiya olunur
Aqrar sahədə Dövlət Proqramı çərçivəsində Zəngilanda müşavirə keçirilir - FOTO
Aqrar sahədə yeni Dövlət Proqramının müzakirəsinə həsr olunmuş regional müşavirələrə start verilir
Mərkəz direktoru: Aqrar sahədə Dövlət Proqramı 5 prioritet, 16 fəaliyyət istiqamətindən ibarətdir
Aqrar sahədə Dövlət Proqramı çərçivəsində İsmayıllıda Dağlıq Şirvan iqtisadi rayonu üzrə regional müşavirə keçirilir - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər