Tahir Mirkişili: "Daha dayanıqlı inkişaf modelinə ehtiyac var"
Azərbaycanın qeyri-neft-qaz sektorunda artım dinamikası daha dayanıqlı inkişaf modelinə ehtiyacı göstərir.
"Report" xəbər verir ki, bunu deputat Tahir Mirkişili Milli Məclisin növbədənkənar sessiyasının bu gün keçirilən iclasında - "2025-ci il dövlət büdcəsinin icrası haqqında" qanunun layihəsinin müzakirəsi zamanı bildirib.
"Ötən il ölkədə ümumi daxili məhsulun artımı 1,4 %, o cümlədən qeyri-neft-qaz sektorunda 2,7 % təşkil edib. Müqayisə üçün, 2024-cü ildə bu göstəricilər müvafiq olaraq 4,1 % və 6,2 % olub. İqtisadi siyasətdə yüksək artım tempi hər zaman inkişafın əsas göstəricisi deyil. Eyni zamanda aşağı artım tempi də zəif inkişaf demək deyil. Əsas məsələ artımın sürəti deyil, onun mənbəyi və keyfiyyətidir. Əgər iqtisadi artım məhsuldarlığın yüksəlməsi, texnologiyanın tətbiqi, ixracın şaxələnməsi və gəlirlərin artması ilə müşayiət olunursa, bu, dayanıqlı inkişaf deməkdir.
Bəzi hallarda yüksək artım kredit ekspansiyası və yaxud qeyri-dayanıqlı mənbələr hesabına formalaşa bilər ki, bu da uzunmüddətli baxımdan daha riskli modeldir. Diqqət çəkən əsas məqamlardan biri iqtisadi artımın dalğalı xarakter daşımasıdır. Xüsusilə qeyri-neft-qaz sektorunda ÜDM artımının qeyri-sabitliyi bu sahədə daha dərin təhlil, struktur səbəblərin aradan qaldırılmasını zəruri edir. Çünki belə dalğalanmalar investisiya mühitinə, məşğulluğa və büdcə gəlirlərinə təsir göstərə bilər", - deyə o qeyd edib.
Deputatın sözlərinə görə, ikinci mühüm məqam ondan ibarətdir ki, iqtisadi artımın əsas hissəsi nəqliyyat və ticarət sektorlarının payına düşüb: "Bu isə iqtisadi artımın daha geniş və diversifikasiya olunmuş baza üzərində formalaşmasına ehtiyac olduğunu göstərir. Xüsusilə yüksək əlavə dəyər yaradan sahələrdə sabit inkişafın təmin edilməsi vacibdir. Üçüncü məsələ nəticəyönümlü büdcə ilə bağlıdır. Hazırda xərclərin icrası barədə geniş hesabatlar təqdim olunur. Lakin hesab edirəm ki, bu xərclərin konkret hansı nəticələr yaratdığına dair ölçmə mexanizmlərini daha da gücləndirmək vacibdir. Büdcə idarəçiliyində növbəti mərhələ xərclərin icrasından nəticələrin qiymətləndirilməsinə keçid olmalıdır.
Dördüncü məsələ yerli büdcələrin maliyyə müstəqilliyinin artırılması ilə bağlıdır. Son günlər Şərqi Zəngəzur iqtisadi rayonunda keçirilən görüşlər də göstərir ki, işğaldan azad olunmuş ərazilərdə yaradılan xüsusi nümayəndəlik institutu effektiv fəaliyyət göstərir və müsbət nəticələr verir. Bu kontekstdə xüsusi nümayəndəlik institutunun daha dayanıqlı maliyyə əsasının formalaşdırılması üçün qanunvericilikdə təkmilləşdirmələrə ehtiyac var. Yerli institutların daha çevik işləməsi həm effektivliyi artırar, həm də dövlət büdcəsinin yükünü azalda bilər. Beynəlxalq təcrübədə yerli vergilər və müxtəlif ödənişlərdən (məsələn, "city tax") yerli büdcələrə yönəldilən modellər mövcuddur. Sonuncu məsələ inflyasiya ilə bağlıdır. Təhlillər göstərir ki, onun formalaşmasında həm xarici, həm də daxili amillərin təsiri mövcuddur. Bu isə hökumət və Azərbaycan Mərkəzi Bankı arasında koordinasiyanın daha da gücləndirilməsini zəruri edir".
Oxşar xəbərlər
Tahir Mirkişili: İqtisadi siyasətdə yüksək artım tempi hər zaman inkişaf göstəricisi sayılmır
AMB iqtisadi artım proqnozlarını yeniləyib
AMB neft-qaz sektorunda iqtisadi artım proqnozlarını açıqlayıb
Mikayıl Cabbarov: "2011-2023-cü illərdə orta illik iqtisadi artım 1,5 % olub"
IMF 2024-2025-ci illər üçün Azərbaycanda iqtisadi artım proqnozunu yaxşılaşdırıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Açılış niyə yayımlanmadı? - İTV-dən açıqlama
-
İranda partlayışlar qeydə alınıb
-
DİN: 5 tona yaxın narkotik vasitə və psixotrop tərkibli həb məhv edilib
-
“Azərbaycanın kənd təsərrüfatının inkişafında yeni prioritetlər” mövzusunda ictimai müzakirə keçirilib
-
Azərbaycanın U-17 və U-19 millilərinin Avropa çempionatının I mərhələsindəki rəqibləri bəlli olub
-
KİV: Ukrayna Kramatorskdakı zavodları ölkənin qərbinə köçürür
