Mixael Salmoni: "Pulun gələcəyi rəqəmsal tokenlərdədir"
Pulun özü artıq rəqəmsal aktivə çevrilir və bu proses qlobal maliyyə sisteminin gələcəyini yenidən formalaşdırır.
"Sizinxeber.az" xəbər verir ki, bunu "Payments Innovation" konsaltinq şirkətinin baş icraçı direktoru (CEO) Mixael Salmoni (Michael Salmony) "X Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti"ndə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, hazırda maliyyə sektorunda ən çox diqqət çəkən istiqamətlərdən biri pulun tokenləşdirilməsidir. Bu model pul və digər aktivlərin blokçeyn texnologiyası üzərində rəqəmsal tokenlərə çevrilməsini nəzərdə tutur və beynəlxalq ödənişlərin həyata keçirilmə qaydasını dəyişmək potensialına malikdir.
"Tokenləşdirmə ilə hələ tanış olmayanlar üçün bunu pulun rəqəmsal formaya salınması kimi izah etmək olar. Dəyər elə bir tokenə çevrilir ki, onun daxilində dollar, avro və ya digər valyutanın qarşılığı əks olunur. Bu token saxtalaşdırıla, dəyişdirilə və ya kopyalana bilmir. Daha sonra internet üzərindən dünyanın istənilən nöqtəsinə ötürülür və qarşı tərəf onu yenidən istədiyi valyutaya çevirə bilir", - deyə o bildirib.
M.Salmoni qeyd edib ki, ənənəvi beynəlxalq pul köçürmələri uzun illərdir müxbir bankçılıq sistemi, RTGS platformaları və SWIFT şəbəkəsi vasitəsilə həyata keçirilir. Tokenləşdirmə isə bu prosesə alternativ olaraq daha sürətli, daha ucuz və daha şəffaf mexanizm təqdim edir.
"Bu texnologiyanın əsas vədi ondan ibarətdir ki, pulu və ya hər hansı aktivi rəqəmsal paketə çevirərək onu e-poçt göndərirmiş kimi dünyanın istənilən nöqtəsinə çatdırmaq mümkündür. Nəticədə əməliyyatlar birbaşa, ani və aşağı xərclərlə həyata keçirilir. Xüsusilə transsərhəd ödənişlərdə bu yanaşma ənənəvi sistemlərlə müqayisədə əhəmiyyətli üstünlüklər yaradır", - o vurğulayıb.
Ekspertin sözlərinə görə, bu model həm böyük imkanlar, həm də yeni suallar yaradır. Çünki dəyərin birbaşa "peer-to-peer" formatında ötürülməsi banklar və digər vasitəçi institutların gələcək roluna dair müzakirələri aktuallaşdırır.
"Əgər insanlar telefonlarını bir-birinə yaxınlaşdırmaqla birbaşa pul köçürə bilirlərsə, bankların funksiyası necə dəyişəcək? Bu institutlar tamamilə yox olmayacaq, lakin onların fəaliyyət modeli ciddi transformasiyaya məruz qalacaq. Çünki tokenləşdirmə dəyərin ötürülməsi üçün daha effektiv və birbaşa mexanizm təqdim edir", – deyə M.Salmoni bildirib.
Onun sözlərinə görə, tokenləşdirmə artıq təkcə ödənişlər sahəsi ilə məhdudlaşmır. Daşınmaz əmlakın fraksiyalaşdırılması, karbon kreditləri, qızıl və digər aktivlərin rəqəmsallaşdırılması kimi layihələr sürətlə genişlənir.
M.Salmoni əlavə edib ki, texnologiyanın sürətli inkişafı fonunda tokenləşdirilmiş pullar artıq qlobal tənzimləmə mərhələsinə daxil olur.
"Bu sahə getdikcə daha çox tənzimlənir, lisenziyalaşdırılır və KYC ("müştərini tanı") prosedurlarına cəlb edilir. Bu gün artıq stabilkoinlər, tokenləşdirilmiş depozitlər, kommersiya bank pulları və hətta Mərkəzi bank pullarının tokenləşdirilmiş formaları meydana çıxır", – o qeyd edib.
Konsaltinq şirkətinin CEO-su vurğulayıb ki, bu proses dünya üzrə tənzimləyici qurumların diqqət mərkəzindədir: "İstənilən şəxsin sərbəst şəkildə dünyanın istənilən nöqtəsinə dollar və ya digər valyutaları göndərməsi müəyyən risklər yaradır. Buna görə də müxtəlif ölkələr bu sahə üzrə hüquqi çərçivə formalaşdırmağa çalışırlar. Avropa İttifaqı MiCA (Markets in Crypto-Assets) tənzimləməsi ilə bu istiqamətdə mühüm addım atıb, ABŞ-da isə Genius Act üzərində iş aparılır. Ümumilikdə, qlobal miqyasda tokenləşdirilmiş maliyyə sisteminin qaydalarının müəyyənləşdirilməsi prosesi sürətlə davam edir".
Oxşar xəbərlər
"Payments Innovation": İnsanların kriptovalyuta əsaslı aktivlərə ehtiyatlı yanaşması başa düşüləndir
SWIFT rəsmisi: "Qlobal ödəniş ekosistemi yeni transformasiya mərhələsindədir"
Tramp: Ukrayna pulun hara getdiyini izah etməlidir və ya qaytarmalıdır
ABA: "Rəqəmsal transformasiya Türk dövlətlərinin maliyyə inteqrasiyasını gücləndirir"
ABŞ-də Bitkoinin Strateji Ehtiyatı yaradılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Axşam içki içmisinizsə, səhər avtomobil idarə etdiyinizə görə cərimə oluna bilərsinizmi?
-
SON DƏQİQƏ! Bu bankda maaş kartlarından pul tutulmasına başlanıldı
-
ABA "Ticarət şəbəkələrinin inkişafı" ilə Anlaşma Memorandumu imzalayıb
-
Britaniya süni intellekt üçün superkompüterin yaradılmasına 1 milyard dollar yatırım edir
-
Litva və Azərbaycan XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib
-
XİN: Azərbaycan–Gürcüstan strateji tərəfdaşlığının hazırkı vəziyyəti müzakirə edilib - YENİLƏNİB
