Kanadanın analitik mərkəzi: ABŞ Azərbaycana Xəzər regionunun enerji qapısı kimi önəm verir
sizinxeber.az xəbər saytı

Kanadanın analitik mərkəzi: ABŞ Azərbaycana Xəzər regionunun enerji qapısı kimi önəm verir


Birləşmiş Ştatlar və Azərbaycan dəyəri 8 milyard dollardan çox olan kommersiya sazişləri imzalayıb. Bununla yanaşı, Vaşinqton Azərbaycanın Mərkəzi Asiya və Xəzər regionunu Avropa və dünya bazarları ilə birləşdirən əsas tranzit enerji qovşağına çevrilməsi ilə bağlı daha geniş strateji təşəbbüs çərçivəsində ölkənin enerji sektorunda iştirakını dərinləşdirmək niyyətində olduğunu bəyan edib.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə Kanadanın aparıcı "QUATRO" analitik mərkəzinin məqaləsində deyilir.

Məqalə müəllifləri qeyd edirlər ki, ABŞ-nin dövlət katibinin köməkçisi Kaleb Orr tərəfindən təmsil olunduğu Bakı Enerji Həftəsi çərçivəsində imzalanmış sazişlər sabitliyi pozan münaqişələr fonunda həm Rusiyadan, həm də Fars körfəzindən yan keçən enerji dəhlizlərinin artan strateji əhəmiyyətini əks etdirir.

"ABŞ və Azərbaycan arasında enerji tərəfdaşlığının əsasını ABŞ-nin ən böyük neft-qaz şirkətlərinin iştirakı təşkil edir. "ExxonMobil" şirkəti ötən il Bakı Enerji Həftəsi zamanı yeni geoloji kəşfiyyat imkanlarına dair anlaşma memorandumu imzaladıqdan sonra mühüm tərəfdaş olaraq qalır. Öz növbəsində, "Chevron" Vaşinqtonun birbaşa dəstəyi ilə builki tədbir zamanı yeni kəşfiyyat sazişi imzalayıb. Bu şirkətlərin iştirakı ABŞ-nin Azərbaycanın karbohidrogen ehtiyatlarına kommersiya marağının yenidən canlandığını göstərir", - məqalədə bildirilir.

Müəlliflər qeyd edirlər ki, bəyanatın ən mühüm elementi Kaleb Orr tərəfindən səsləndirilən strateji konsepsiya olub. Onun sözlərinə görə, Vaşinqton Avropaya və dünyanın digər regionlarına enerji resurslarının tədarükü üçün Orta Dəhlizin mərkəzi qovşağı kimi Azərbaycanın rolunun gücləndirilməsinə kömək etmək niyyətindədir.

Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu kimi də tanınan Orta Dəhliz Rusiya və İrandan yan keçməklə Mərkəzi Asiya və Qafqazı Avropa ilə birləşdirən ticarət, nəqliyyat və enerji yoludur.

Ukraynadakı müharibənin Rusiyanın bir çox tranzit marşrutlarının işini pozması, Fars körfəzindəki münaqişənin isə Hörmüz boğazı və Qırmızı dəniz vasitəsilə dəniz daşımalarında fasilələrə səbəb olması nəticəsində onun strateji əhəmiyyəti kəskin şəkildə artıb", - məqalədə qeyd olunur.

ABŞ-nin Azərbaycana və Orta Dəhlizə olan marağının əsasında dayanan geosiyasi məntiq indiki şəraitdə olduqca inandırıcı görünür. Rusiyanın Ukraynaya hücumundan sonra Rusiya boru kəməri qazından asılılıqdan imtina edən və eyni zamanda Fars körfəzindəki münaqişə səbəbindən LNG və neft məhsullarının tədarükündə fasilələrlə üzləşən Avropanın nə Moskvadan, nə də Yaxın Şərqin qeyri-sabit dəniz yollarından asılı olmayan şaxələndirilmiş enerji mənbələrinə kəskin ehtiyacı var.

Xəzər dənizinin karbohidrogen ehtiyatlarına malik olan və Mərkəzi Asiyanın enerji resurslarını Avropa bazarları ilə birləşdirən marşrut üzərində strateji mövqe tutan Azərbaycan bu gün Avropanın enerji təhlükəsizliyini təmin etmək üçün məhz həmin zəruri alternativ tədarük yolunu təklif edir.

Oxşar xəbərlər

Kaleb Orr: ABŞ və Azərbaycan dəyəri 8 milyard dollardan çox olan kommersiya sazişləri imzalayıb
Kaleb Orr: Vaşinqton Bakı ilə enerji tərəfdaşlığının genişləndirilməsinə ümid edir
Biz Bakı ilə real nəticələr əldə etmək istəyirik - Orr
Kaleb Orr: Azərbaycan regionun enerji təhlükəsizliyində mühüm rol oynayır
Azərbaycanla ABŞ arasında enerji tərəfdaşlığının perspektivləri müzakirə edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər