
Azərbaycanda rəqəmsal transformasiya və innovasiyalar üzrə forum keçiriləcək

Azərbaycanda rəqəmsal transformasiya və innovasiyalar üzrə forum keçiriləcək
Bu il Azərbaycanda rəqəmsal transformasiya və innovasiyalar üzrə forum keçirilməsi planlaşdırılır.
"Report" xəbər verir ki, bunu Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Biznes Şurasının 8-ci plenar sessiyası zamanı AQEM-in baş katibi Kayrat Sarıbay bildirib.
O vurğulayıb ki, Azərbaycan 2025-ci il üçün etimad tədbirləri çərçivəsində bir sıra vacib təşəbbüslər irəli sürüb: “Buraya nəqliyyat dəhlizlərinin rəqəmsallaşdırılması sahəsində bilik mübadiləsi üzrə konfrans, elektron ticarət vasitəsilə kiçik və orta biznesin ticarətdə iştirakının genişləndirilməsi üzrə tədbir, rəqəmsal transformasiya və innovasiyalar üzrə forum və AQEM-ə üzv ölkələrdən olan mütəxəssislər üçün kibertəhlükəsizlik üzrə təlim daxildir”.
K.Sarıbayın sözlərinə görə, rəqəmsal transformasiya artıq seçim deyil - bu, bir zərurətdir: "Məhdud texnologiya və rəqəmsal bacarıqlara çıxış kimi çağırışlar böyükdür. Lakin elektron ticarət və süni intellekt sahəsində imkanlar da bir o qədər böyükdür".