Baş katib: "AQEM ölkələri nəqliyyat dəhlizlərinin rəqəmsallaşdırılmasını müzakirə etmək istəyir"
Baş katib: "AQEM ölkələri nəqliyyat dəhlizlərinin rəqəmsallaşdırılmasını müzakirə etmək istəyir"
Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) çərçivəsində nəqliyyat dəhlizlərinin rəqəmsallaşdırılması üzrə konfransın və təşkilat ölkələrinin liman təşkilatlarının konfransının keçirilməsi planlaşdırılır.
“Report” xəbər verir ki, bu barədə AQEM-in baş katibi Kayrat Sarıbay Bakıda keçirilən müşavirənin Biznes Şurasının 8-ci plenar sessiyasında bildirib.
Onun sözlərinə görə, 2025-2027-ci illər üçün nəqliyyat dəhlizləri üzrə konseptual sənəd yenilənib və Qazaxıstan xüsusi işçi qrupunda müzakirə olunan Dayanıqlı Qarşılıqlı Əlaqə Şurasının yaradılması təşəbbüsünü irəli sürüb.
K.Sarıbay qeyd edib ki, bu gün keçiriləcək biznes forumda AQEM ölkələrinin əsas iqtisadi tendensiyalarını, imkanlarını və uğur hekayələrini ehtiva edən yeni elektron toplu təqdim olunacaq.
"Bu, kiçik və orta biznesin dayanıqlı inkişafına can atanlar üçün faydalı alət olacaq. Həmçinin AQEM-in transformasiyasındakı irəliləyişi də qeyd etmək lazımdır, xüsusilə də Qazaxıstanın irəli sürdüyü və Azərbaycanın dəstəklədiyi AQEM Maliyyə Sammiti daimi platforma kimi müzakirə olunur", - baş katib bildirib.