Ermənistan kritik seçim qarşısında: sülh, yoxsa uçurum? – ŞƏRH
2026-cı ilin 7 iyun tarixində keçiriləcək parlament seçkiləri təkcə Ermənistanın daxili və xarici siyasi kursu deyil, həm də bütövlükdə regionun gələcək geosiyasi mənzərəsi və təhlükəsizlik arxitekturası baxımından vacib əhəmiyyət kəsb edir. Hakim "Vətəndaş müqaviləsi" partiyası seçkilərə Azərbaycanla sülh müqaviləsini imzalamaq, sərhədlərin delimitasiyasını tamamlamaq, dinc qonşuluğa nail olmaq, iqtisadi inteqrasiyanı təmin etmək kimi vədlərlə qoşulub.
Müxalifət, yəni rusiyayönlü revanşist qüvvələr isə Paşinyanı milli maraqları satmaqda ittiham edərək, Azərbaycanla sülh prosesinə, Ermənistanın qərbyönümlü siyasətinə qarşı çıxır, ölkəni Rusiyanın təsir dairəsində saxlamaq niyyətini açıq bəyan edir.
Buna görə də seçki nəticələrinin iki ssenari üzərində qurulacağını ehtimal etmək olar. Birinci halda sülh prosesi davam edir, Ermənistan konstitusiya dəyişikliyinə gedir, Azərbaycanla sülh müqaviləsini imzalayır, Cənubi Qafqaz regionunda sabitlik möhkəmlənir. İkinci halda isə region yenidən gərginlik ocağına çevrilir, sülh və sərhədlərin delimitasiya prosesi dayandırılır, regionun iqtisadi inteqrasiyası arxa plana keçir.
"Hansı tərəfə?" yox, "hansı gələcəyə?" səs vermək lazımdır
İstənilən cəmiyyət seçim edərkən ilk növbədə özünün gələcək rifahını və təhlükəsizliyini əsas tutmalıdır. İndiki halda isə Ermənistanın gələcək rifahı və təhlükəsizliyi Azərbaycanın formalaşdırdığı yeni regional nizama uyğun gəlib-gəlməyəcəyindən asılıdır.
Torpaqlarını Ermənistanın işğalından azad etmiş Azərbaycan faktiki olaraq İrəvanın özünü bu işğalçılıq siyasətinin girovluğundan qurtarıb. Paşinyan hökuməti bunu anlayır və ölkənin gələcəyinin Azərbaycan Prezidenti İlham Əliyevin müəllifi olduğu sülh gündəliyinin irəliləməsindən asılı olduğunu açıq etiraf edir.
Bundan sonra da İrəvanda hakimiyyətə gələn istənilən qüvvə anlamalıdır ki, yeni reallıqlarda Azərbaycanın milli maraqları, təhlükəsizlik şərtləri və regionun gələcəyinə dair baxışı nəzərə alınmadan Ermənistanın özünün maraqlarını və gələcək inkişafını təmin etmək mümkün olmayacaq.
Əslində seçkiqabağı təşviqat prosesi göstərir ki, mübarizəyə qatılmış bütün tərəflər bu reallığı etiraf etməsə də, dərk edir. Ermənistanda keçirilən debatlarda və aksiyalarda Ermənistan adından çox, Azərbaycanın və Prezident İlham Əliyevin adının çəkilməsi göstərir ki, erməni cəmiyyəti daxilən bir neçə cəbhəyə parçalansa da, dərk edir ki, İrəvanın gələcək taleyi Bakı ilə münasibətləri necə davam etdirəcəyindən birbaşa asılıdır.
Bununla belə, Ermənistanda son dövrlər keçirilən rəy sorğularından da anlamaq olur ki, revanşist əhvali-ruhiyyə heç də erməni cəmiyyətini tam tərk etməyib. Bu, həm əsrlərlə erməni xalqına təlqin edilən "Böyük Ermənistan", "ali irq", "türk düşmənçiliyi" ideyalarının beyinlərə hakim kəsilməsindən, həm də "məğlub tərəf" sindromundan irəli gəlir. Revanşist qüvvələri narahat edən də məhz bu xəstə təfəkkürün reallıq hissinə məğlub olmasıdır.
Hər bir halda, Ermənistandakı daxili siyasi mübarizədə hələ də Qarabağ kartından istifadə olunursa, deməli bu faktor regional sülhün gələcəyinə təhdiddir. Bu təhdidin tam və birdəfəlik aradan qaldırılması isə yalnız Azərbaycanın da tələb etdiyi kimi, Ermənistan Konstitusiyasına dəyişiklik etməklə mümkündür.
Bu gün Ermənistanda hakimiyyət uğrunda mübarizə aparan hər iki düşərgə öz mesajlarını aydın səsləndirir: Paşinyan tərəf "sülh" dediyi halda, müxalifət revanşist ideyaları körükləyir və ənənəvi "Qarabağ kartı" üzərindən manipulyasiya edir.
Hər iki halda geosiyasi qütblərin maraqları da özünü göstərməkdədir. Bölgədə özünün geosiyasi və iqtisadi maraqlarını təmin etmək istəyən ABŞ Paşinyanın "sülh düşərgəsi"nin, Ermənistan kimi forpostu itirmək istəməyən Rusiya isə revanşist qüvvələrin yanında yer alıb.
Avropayönümlü Paşinyan və Rusiyayönümlü Avropa
Paradoksal olan isə Avropanın mövqeyidir. Bir yandan Avropa qurumları qərbyönümlü Paşinyan hökumətini dəstəkləyir, Qarabağ və sülh mövzusunda isə Rusiyapərəst revanşist müxalifətin mövqeyini bölüşür.
Məsələn, bir yandan Rusiya Yessentuki şəhərində Qarabağda erməni separatçılığının rəmzi sayılan Tatik-Papik abidəsinin yeni nüsxəsini quraşdırır, digər yandan Avropa Parlamentində Azərbaycana qarşı qərəzli qətnamələrin qəbul edilir, İsveçrədə deputatları özünü deputat adlandıran Qarabağ separatçıları ilə görüşlər keçirir və s.
Bu tip davranışlar əslində bu dövlətlərin özlərinin nüfuzuna birbaşa zərbə deməkdir. Çünki həm Avropa, həm də Rusiya Azərbaycanın ərazi bütövlüyünü tanıyıb, Qarabağ və Şərqi Zəngəzurun işğalı illərində oradakı oyuncaq "erməni dövləti"ni heç vaxt tanımayıb. Öz imzaladıqları sənədləri marjinal maraqlara qurban verən bu güclər əslində beynəlxalq hüququn təməl prinsiplərini aşındırırlar.
Görünür, başqa dövlətlərin liderləri Avropa İttifaqının xoşuna gəlməyə çalışdığı bir vaxtda İlham Əliyevin Azərbaycanın milli maraqlarını prinsipial şəkildə müdafiə etməsi bu güclərin ikiüzlü siyasətini açıq şəkildə üzlərinə deməsi onları qıcıqlandırır. Məsələn, İrəvanda keçirilən Avropa Siyasi Birliyinin 8-ci Zirvə toplantısına videobağlantı ilə qoşulan Azərbaycan lideri Qərbin regionu yenidən müharibə və xaosa sürükləmək cəhdlərində aktiv iştirakını birbaşa üzlərinə bəyan etdi. Prezident İlham Əliyev məkandan, auditoriyadan və qarşısındakı güclərin miqyasından asılı olmayaraq, hər zaman yalnız və yalnız Azərbaycanın milli maraqlarını müdafiə edir, riyakar ssenariləri elə yerindəcə və sərt şəkildə darmadağın edir. Bu qətiyyət Ermənistana və onun xarici himayədarlarına aşkar bir mesajdır: Cənubi Qafqazda kənar diktə ilə deyil, yalnız Azərbaycanın şərtləri və bölgə dövlətlərinin maraqları ilə sülh mümkündür.
Ermənistanın qapamalı olduğu səhifələr
Azərbaycanın isə Ermənistanda hakimiyyətə gələcək qüvvələrdən öz gözləntiləri var. Bunlardan birincisi sülhün gələcəyini təminat altına almaq üçün Ermənistan Konstitusiyasından Azərbaycana qarşı ərazi iddialarının çıxarılmasıdır ki, Paşinyan da artıq seçkilərdən sonra bu dəyişikliyə gedəcəyinin anonsunu verib. Digər bir məsələ isə Qarabağ kartının əbədi olaraq ortadan qaldırılması, yəni Ermənistanda fəaliyyət göstərən qondarma Qarabağ institutunun bütün qalıqlarının hüquqi olaraq ləğv edilməsi ilə bağlıdır. Çünki separatizmin siyasi tör-töküntülərini qoruyub saxlamaq sülh gündəmi ilə heç bir halda uzlaşmır. Həm də bu təmizləmə əməliyyatı Ermənistan sərhədlərini də aşaraq digər ölkələrə də sirayət etməlidir. Rəsmi İrəvan öz diplomatik kanalları vasitəsilə beynəlxalq birliyə bəyan etməlidir ki, bu qondarma qurumların Ermənistan dövləti ilə heç bir hüquqi və siyasi bağı yoxdur və onların fəaliyyəti qanunsuzdur. Əgər İrəvan xaricdəki bu revanşist yuvaların qapadılması üçün addım atmırsa, deməli, gələcəkdə Azərbaycana qarşı istifadə etmək üçün bu kartı ehtiyatda saxlayır. Bakı isə bu yarımçıq ssenarilərə əsla imkan verməyəcək. Cənubi Qafqazda real sülhün bərqərar olması üçün separatizmin həm Ermənistandakı, həm də onun xaricindəki uzantıları tamamilə kökündən qazınmalıdır.
Hələlik isə Ermənistan cəmiyyəti "sülh, yoxsa savaş" seçimi qarşısındadır. Ermənistan tarixinin ən kritik dövrünü yaşayır və bu dövrdən necə çıxacağı onun öz seçimindən asılıdır.
Kamil Məmmədov
Oxşar xəbərlər
Alen Simonyan: İyunda keçiriləcək parlament seçkiləri sülh və mümkün müharibə arasında seçimdir
Ziyafət Əsgərov: Biz sülh müqaviləsini Paşinyanla yox, Ermənistan dövləti ilə bağlayırıq
Ermənistan XİN rəhbəri Bakı ilə sülh müqaviləsinin imzalanmasının əleyhdarlarını kəskin tənqid edib
Mirzoyan: Ermənistan Azərbaycanla sülh müqaviləsinin bağlanmasında maraqlıdır
Hakan Fidan: Azərbaycanla Ermənistan arasında sülh sazişinin tezliklə imzalanacağına ümid edirik
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanlıların olduğu gəmilər vuruldu: ölənlər var
-
Naxçıvan şəhərinin bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə olacaq
-
Qaradağda torpaq satışı qalmaqalı: Sabiq vəzifəli şəxslərinin məhkəmə istintaqı başladı
-
Zelenski Putinə görüş və danışıqlar müddətində atəşkəs təklif edib
-
Andoni İraola "Liverpul"a rəhbərlik etməyə başlayıb
-
Dəmir zavodu layihəsinin əsas mərhələlərindən biri uğurla tamamlanıb - FOTO
