Ümumdünya Ətraf Mühit Günü çərçivəsində Xəzər dənizinin problemləri müzakirə olunub
sizinxeber.az xəbər saytı

Ümumdünya Ətraf Mühit Günü çərçivəsində Xəzər dənizinin problemləri müzakirə olunub


Ümumdünya Ətraf Mühit Günü (WED) çərçivəsində "Xəzər dənizi dönüş nöqtəsində: dəniz səviyyəsinin azalması və regional fəaliyyət üzrə elm-siyasət dialoqu" adlı sessiya keçirilib.

"Sizinxeber.az" xəbər verir ki, rusiyalı tədqiqatçı Elena Ostrovskaya iqlim üzrə tədqiqatların yaxın illərdə Xəzər dənizində su səviyyəsinin azalmasının davam edəcəyini göstərdiyini söyləyib.

Onun sözlərinə görə, Xəzər dənizinin səviyyəsinin dəyişməsi təbii prosesdir və tarix boyu bu hal dəfələrlə baş verib:

"Müxtəlif dövrlərdə su səviyyəsinin həm artması, həm də azalması müşahidə olunub. Stansiyalarda aparılan ölçmələr göstərir ki, son 200 illik dövrdə də su səviyyəsində enmələr və qalxmalar qeydə alınıb".

İqlim dəyişmələri üzrə ekspert Rövşən Abbasov bildirib ki, Xəzər dənizinin səviyyəsi aşağı düşür, səbəb çay axınlarından asılı olmasıdır:

"Çayların axını dəyişdikcə dənizin səviyyəsi də dəyişir. Son yüz il ərzində dənizin səviyyəsi ciddi şəkildə tərəddüd edib. Lakin 1995-ci ildən sonra dənizin səviyyəsində azalma müşahidə olunur. Bu azalma Xəzər hövzəsində baş verən müxtəlif amillərlə əlaqədardır. Əsas səbəb çaylardan gələn suyun azalmasıdır".

Onun sözlərinə görə, Xəzərdə suyun səviyyəsinin enməsinin əsas səbəbləri temperaturun yüksəlməsi və yağıntıların azalmasıdır:

"Bundan əlavə, suya tələbat da artır. Məlum olduğu kimi, Xəzərə daxil olan suyun böyük hissəsi Rusiya ərazisindən, xüsusilə Volqa çayından gəlir. Rusiya ərazisindəki su anbarlarının ümumi sahəsi 30 min kvadratkilometrə çatır. Bu isə daha çox buxarlanma və su itkiləri deməkdir. Bu məsələ ilə bağlı tədbirlər görülməlidir. Eyni zamanda, iqlim dəyişikliyinin təsirləri güclənir və suvarılan torpaq sahələrinin həcmi həm Rusiyada, həm də digər ölkələrdə, o cümlədən Azərbaycanda artır. Bu da su ehtiyatlarına əlavə təzyiq yaradır".

Lids Universitetinin müəllimi Simon Qudman qeyd edib ki, Xəzər dənizinin səviyyəsinin enməsi potensial olaraq faciəvi nəticələr verə bilər:

"Dəniz səviyyəsinin 5 metr enməsi halında mövcud 15 ekoloji və bioloji cəhətdən əhəmiyyətli ərazilərin 7-si öz sahəsinin 50 faizdən çoxunu itirə bilər, onlardan 4-ü isə tamamilə yox ola bilər. Dəniz səviyyəsi 10 metr enərsə, beş belə ərazi tamamilə itəcək, həmçinin Xəzərin şimal hissəsinə məxsus dörd unikal ekoregion da yox olmaq təhlükəsi ilə üzləşəcək".

İDEA İctimai Birliyinin Xəzər dənizi üzrə tədqiqatlar eksperti Elnur Səfərov vurğulayıb ki, meteoroloji stansiyaların əhatə dairəsi olduqca məhduddur:

"Xəzərdə baş verən dəyişiklikləri tam anlamaq üçün məlumatlar kifayət etmir. Müvafiq qanunvericilik mövcuddur, həm Rusiya, həm də Azərbaycan tərəfindən fərqli yanaşmalar tətbiq olunur. Bəzən bu yanaşmalar arasında fikir ayrılıqları da yaranır. Bununla yanaşı, peyk müşahidələri mövcuddur və daha dəqiq nəticələr əldə etmək üçün müxtəlif mənbələrdən gələn məlumatların inteqrasiyası vacibdir".

Ümumdünya Səhiyyə Təşkilatının iqlim və sağlamlıq üzrə xüsusi nümayəndəsi Robb Butler diqqətə çatdırıb ki, Xəzər dənizinin durumu birbaşa onun ətrafında yaşayan bütün insanların və canlıların vəziyyətinə təsir göstərir:

"Hazırda dəniz səviyyəsinin azalmasının həm su həcminin, həm də suyun keyfiyyətinin dəyişməsinin insan sağlamlığına təsiri ilə bağlı sistemli şəkildə toplanmış və qiymətləndirilmiş məlumatlarımız yoxdur. Məhz buna görə də İDEA İctimai Birliyi və Səhiyyə Nazirliyi, eləcə də səhiyyə naziri Teymur Musayev ilə ətraf mühitə və insan sağlamlığına təsirlərin sistemli şəkildə qiymətləndirilməsi istiqamətində müzakirələrə başlamışıq".

Rusiyanın Təbii Sərvətlər və Ətraf Mühit Nazirliyinin Beynəlxalq Əməkdaşlıq və İqlim Dəyişikliyi Departamentinin şöbə müdiri Natalia Tretyakova bildirib ki, Xəzərin əsas xüsusiyyətlərindən biri su səviyyəsinin dəyişkən olmasıdır:

"Bu, hüquqi sənədlərdə də öz əksini tapıb. Biz hesab edirik ki, dəniz hamımıza məxsusdur və məsələlər üzrə məsləhətləşmələr ədalətli və şəffaf formada aparılmalıdır. Məlumat mübadiləsi nə qədər əhatəli olsa, qiymətləndirmələr də bir o qədər düzgün olar. Etibarlı məlumatlar əsasında adaptiv tədbirlər görülə bilər və ekstremal su səviyyəsi dəyişiklikləri zamanı həyata keçirilən fəaliyyətlər daha effektiv olar. İkitərəfli sazişlərlə yanaşı, hidrometeoroloji monitorinq, canlı dəniz resurslarının qorunması və elmi əməkdaşlıq sahələrində də fəaliyyət mövcuddur".

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin (SİMDNX) şöbə müdiri Rafiq Verdiyev təhlillərin keçən il temperatur artımının baş verdiyini göstərdiyini söyləyib:

"Temperaturun artması buxarlanma və çay axınlarının azalması təbii olaraq Xəzər dənizi səviyyəsinin enməsinə gətirib çıxarır. Vəziyyət yaxşı deyil. Azərbaycanda, məsələn, sahil zonamızda ekoloji problem, biomüxtəliflik problemi, həmçinin sənaye problemləri görürük. Məsələn, gəmilər sahilə, dənizkənarı ərazilərə yaxınlaşa bilmir və bu da müəyyən çətinliklər yaradır. Dəniz səviyyəsinin bir neçə metr enməsi daha da mürəkkəb vəziyyətə gətirib çıxara bilər. Vəziyyət ondan ibarətdir ki, biz təsir altındayıq. Biz iqlim dəyişikliyindən, dəniz səviyyəsinin enməsindən təsirlənirik".

Oxşar xəbərlər

Nazir müavini: Xəzərin səviyyəsinin azalması beynəlxalq gündəmdə daha çox yer tutur
Xidmət rəhbəri: Xəzər dənizinin səviyyəsi növbəti 10-15 ildə azalacaq
Alim-okeanoloq: Xəzər dənizinin səviyyəsinin daha da aşağı düşməsi balıqçılıq üçün fəlakət deməkdir
Ağakərim Səmədzadə: Xəzərin səviyyəsinin aşağı düşməsi ciddi ekoloji təhlükəyə çevrilib
Roland Prays: Xəzər dənizinin səviyyəsinin azalması sahilyanı ölkələrin iqtisadiyyatına mənfi təsir göstərir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər