WUF13-də Pəncabda şəhər və kəndlərlə bağlı həyata keçirilən layihələr açıqlanıb
sizinxeber.az xəbər saytı

WUF13-də Pəncabda şəhər və kəndlərlə bağlı həyata keçirilən layihələr açıqlanıb


WUF13-də Pakistan İslam Respublikasının Pəncab əyalətində şəhər və kəndlərlə bağlı həyata keçirilən layihələr açıqlanıb.

APA xəbər verir ki, bu barədə Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13‑cü sessiyası (WUF13) çərçivəsində Liderlər sessiyasında Pakistan İslam Respublikasının Pəncab əyalətinin Baş naziri Məryəm Nəvaz Şərif bildirib.

“Prezident İlham Əliyev, mən sizə Pakistanın 130 milyondan artıq əhalisi olan Pəncab vilayətindən bir hekayə gətirmişəm. Mən Pəncabın ilk qadın Baş naziri vəzifəsinə and içəndə anlayırdım ki, sadəcə vəzifə qəbul etmirəm, məsuliyyət qəbul edirəm. Bu məsuliyyət ailəsi üçün su daşımaq məqsədilə kilometrlərlə yol gedən qadının, çirkli hava ilə nəfəs alan uşağın, təhlükəsizliksiz yaşayan ailələrin və vədləri deyil, ləyaqətli həyatı gözləyən vətəndaşların qarşısında idi. Məhz buna görə biz tarixi “Pəncab İqtisadi Reyestri” layihəsini başladıq. Bu, vilayət üzrə ilk dəfə həyata keçirilən qapı-qapı sosial-iqtisadi məlumat bazasıdır və bir prinsipə əsaslanır: heç kim diqqətdən kənarda qalmamalıdır. Çünki ölçülməyən problemi həll etmək mümkün deyil. İlk prioritetimiz mənzil təminatı oldu. Hökumətimizin əsas proqramlarından biri “Öz damın, öz evin” adlanır. Bu proqram sıfır faizli maliyyələşmə vasitəsilə dünyanın ən sürətli və ən böyük əlçatan mənzil təşəbbüslərindən birini həyata keçirir. Bir ildən də az müddətdə 160 mindən çox ailə mənzil dəstəyi alıb, 100 mindən artıq ailə isə yeni evlərini tamamlayaraq artıq oraya köçüb. Hər bir rəqəmin arxasında bir insan hekayəsi dayanır. Artıq övladlarının üstünə yağış dammayan bir ana, nəhayət, “bu mənim evimdir” deyə bilən bir ata. “Müasir kəndlər” proqramımız çərçivəsində Pəncab üzrə 2 mindən çox kənd transformasiya olunur. Bu layihələrə təmiz içməli su, kanalizasiya, drenaj sistemləri, asfalt yollar və günəş enerjisi infrastrukturu daxildir. Təmiz içməli suya çıxış Pəncab üzrə mənim üçün həm ictimai səhiyyə, həm də insan ləyaqəti baxımından əsas prioritetə çevrilib”, - Baş nazir qeyd edib.

Məryəm Nəvaz Şərif qeyd edib ki, ilk dəfə belə geniş miqyasda Pəncab həm şəhər, həm də kənd icmalarında yeni filtrasiya sistemləri vasitəsilə təmiz su infrastrukturunu genişləndirir: “Çünki heç bir qadın ailəsi üçün su daşımaq məqsədilə kilometrlərlə yol getməməlidir. Heç bir uşaq təhlükəli içməli su səbəbindən əziyyət çəkməməlidir. Çünki insan ləyaqəti coğrafiyadan asılı olmamalıdır. Kəndlər inkişaf etdikdə şəhərlər də güclənir. Kəndlərin inkişafı şəhərlərin dayanıqlılığı deməkdir. Pəncabda 2 milyard dollardan artıq dəyəri olan tarixi urban inkişaf proqramı həyata keçirilir. Bu proqram çərçivəsində yollar, drenaj sistemləri, kanalizasiya, su anbarları və şəhər dayanıqlılığı infrastrukturu yenidən qurulur. İlk dəfə olaraq “Möhtəşəm Pəncab” proqramı çərçivəsində turizm, mədəni irs və mədəni infrastrukturun genişmiqyaslı bərpası həyata keçirilir. 100-dən çox tarixi abidə, muzey, arxeoloji məkan, ekoturizm zonası və dini məkan yenidən qurulur, bərpa olunur və qorunur. Bu layihələr insanlarımızı tarix, kimlik və mədəniyyətlə yenidən bağlayır, şəhərlərimizi isə daha turizm yönümlü, inklüziv və qlobal əlaqələrə açıq edir. Pəncabın paytaxtı Lahor sanki açıq səma altında muzeydir və Pakistanın mədəni ürəyi hesab olunur. Lahor 2026 və 2027-ci illər üçün ekoturizm paytaxtı elan edilib. Eyni zamanda Şanxay Əməkdaşlıq Təşkilatı Lahoru əsas turizm və mədəniyyət mərkəzlərindən biri kimi tanıyıb. Əsas proqramlarımızdan biri olan “Təmiz Pəncab” proqramı çərçivəsində hər gün 150 mindən çox işçi bir neçə növbədə çalışır. Bu proqram dünyanın ən böyük bərk tullantı toplama layihələrindən biridir. Hazırda təşəbbüs daha da modernləşdirilir və tullantıların dəyərə çevrilməsi modelinə keçid həyata keçirilir. Bərk tullantılar tədricən təkrar emal, kompost və enerji istehsalı sistemlərinə yönləndiriləcək. Bu, ənənəvi sanitariya yanaşmasından dairəvi iqtisadiyyat modelinə keçidi ifadə edir. Beləliklə, şəhərlər yalnız təmiz saxlanılmır, həm də daha səmərəli, dayanıqlı və gələcəyə hazır şəkildə qurulur”.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Pakistanın Pəncab əyalətinin Baş nazirini qəbul edib
Pakistanın Pəncab əyalətinin Baş naziri WUF13-də iştirak üçün Azərbaycana gəlib
Prezident İlham Əliyev Pakistanın Pəncab əyalətinin Baş nazirini qəbul edib - YENİLƏNİB
Pəncabın Baş naziri: Azərbaycan Prezidentinin dayanıqlı inkişafla bağlı fikirlərini dinləmək ilhamverici oldu
Anar Quliyev: Liderlər sessiyası şəhərlərin gələcəyinə dair ortaq baxış formalaşdıracaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər