Ukrayna Baş nazirinin müavini: Azərbaycanla məhsuldar əməkdaşlığımız var, yeni layihələr üzərində çalışırıq - EKSKLÜZİV MÜSAHİBƏ
sizinxeber.az xəbər saytı

Ukrayna Baş nazirinin müavini: Azərbaycanla məhsuldar əməkdaşlığımız var, yeni layihələr üzərində çalışırıq - EKSKLÜZİV MÜSAHİBƏ


WUF13-də iştirak edən Ukrayna Baş nazirinin müavini, icmalar və ərazilərin inkişafı üzrə nazir Oleksiy Kulebanın Sizinxeber.az İnformasiya Agentliyinə müsahibəsi

Azərbaycandan olan dostlarımız bizə kömək edir, dəstək göstərirlər

Cənab nazir, WUF13-ün Ukrayna üçün əhəmiyyəti nədir?

Ümumdünya Şəhərsalma Forumuna ilk dəfədir qatılırıq. Əlbəttə, bu, Ukrayna üçün çox vacibdir, çünki biz müharibə davam etdiyi halda ölkəmizi transformasiya etməyə davam edirik və əlbəttə, bu, bizim üçün dünyaya Ukraynada nələrin baş verdiyini göstərmək üçün bir imkandır.

Təəssüf ki, dağıdılmış və ya zədələnmiş evlərimizi, obyektlərimizi göstəririk. Amma digər tərəfdən, biz göstərə bilirik ki, tək deyilik. Tərəfdaşlarımız, dostlarımız, o cümlədən Azərbaycandan olan dostlarımız bizə kömək edir, dəstək göstərirlər.

Məhz bunun sayəsində Ukraynanın bərpasında mühüm nəticələr əldə etmişik. Düşünürəm ki, bu rəqəmlər min sözdən daha çox şey deyir. Çünki Borodyanka kimi layihələrimiz var və orada bərpa üçün kompleks yanaşmadan istifadə edə bilirik.

Həmçinin Hansen Housing Initiative kimi layihələrimiz var. Bu, Ukraynaya 20 milyon dollardan çox vəsait ayıran amerikalı bir vətəndaşın təşəbbüsüdür. Biz Donetsk bölgəsindən və Ukraynanın digər bölgələrindən köçkün düşmüş insanlar üçün möhtəşəm yaşayış evləri inşa edirik.

Biz müxtəlif əməkdaşlıq imkanları axtarırıq

Azərbaycanın Qarabağdakı bərpa təcrübəsindən faydalanmağı planlaşdırırsınız?

— Əlbəttə, biz müxtəlif əməkdaşlıq imkanları axtarırıq. Yalnız bərpa sahəsində deyil, həm də infrastruktur və iqtisadi sahələrdə yeni layihələr üzərində çalışırıq.

Əgər Azərbaycanın bərpa təcrübəsinin Ukraynada tətbiqindən danışırıqsa, düşünürəm ki, bunlar fərqli bərpa növləridir. Çünki Ukraynada müharibə hələ də davam edir. Bu gün cənub bölgələrimizə, Odessa və digər şəhərlərə kütləvi dron hücumu olub. Buna görə də, təəssüf ki, bu vəziyyətləri müqayisə edə bilmərik.

Amma bizim məhsuldar əməkdaşlığımız var və əminəm ki, bu, gələcək əməkdaşlığımız üçün yalnız ilk addımdır.

Bizim əsas prioritetlərimizdən biri Ukraynaya investisiya yatırılması və maliyyənin cəlb edilməsidir

Ukraynanın bərpasına xarici investorların maraq səviyyəsi necədir?

— Heç bir dövlət vəsaiti, tərəfdaşlarımızın, dostlarımızın və müttəfiqlərimizin maliyyə dəstəyi belə bütün ehtiyacları tam şəkildə qarşılaya bilməz. Əlbəttə, bu baxımdan dövlət-özəl tərəfdaşlığı əsas məsələdir və hökumət olaraq bizim əsas prioritetlərimizdən biri Ukraynaya investisiya yatırılması və maliyyənin cəlb edilməsidir. Bu sahədə Çornomorsk limanının konsessiyası kimi çox yaxşı nümunələrimiz var. Keçən il bu konsessiya üçün hazırlıqlara başladıq və indi artıq yekun mərhələdəyik. Deyə bilərəm ki, dünyanın ən böyük şirkətləri bu prosesə qoşulub və bu da dünya şirkətlərinin Ukraynaya marağının nəticəsidir. Bu, bir növ şirkətlərin Ukraynaya investisiya qoymağa hazır olduqlarının göstəricisidir.

Bizim bütün təcrübəmiz və biliklərimiz dünya üçün çox faydalı olacaq

Ukraynanın WUF13-də dünyaya mesajı dir?

— Bizim mesajımız çox sadədir: Ukrayna yalnız müharibədən ibarət deyil. Ukrayna həm də infrastruktur və mənzil sahəsində dayanıqlılığın yeni lideridir. Çünki bizim bütün təcrübəmiz və biliklərimiz dünya üçün çox faydalı olacaq.

Oxşar xəbərlər

Baş nazirin müavini Kuleba: Azərbaycan Ukraynada bəzi obyektlərin yenidən qurulmasına kömək edir
İtaliyalı nazir müavini: Azərbaycan WUF13-ə uğurla ev sahibliyi edir
Gürcüstan XİN rəhbəri: Bakı yüksək səviyyəli konfransa ev sahibliyi edir
Komitə sədri: WUF13 beynəlxalq ictimaiyyətin Azərbaycana etimadının ifadəsidir
Oleksiy Kuleba Azərbaycanın İrpenin bərpasına verdiyi töhfəni yüksək qiymətləndirib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər