
Aİ Şurası Suriyanın keçid hökumətini dəstəkləmə öhdəliyini təsdiqləyib

Aİ Şurası Suriyanın keçid hökumətini dəstəkləmə öhdəliyini təsdiqləyib
Avropa İttifaqı Şurası bu gün Suriya xalqı ilə həmrəy olma və suriyalılar üçün daha yaxşı gələcəyin qurulmasına kömək edəcək dinc və inklüziv keçid prosesini dəstəkləmə öhdəliyini təsdiqləyib.
“Report” xəbər verir ki, bu barədə Aİ Şurasının mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Şura bu qərarı ilə keçid hökumətinin milli barışıq, hesabatlılıq, hüququn aliliyi, hakimiyyətin bölgüsü, eləcə də bütün suriyalılar üçün heç bir ayrı-seçkilik olmadan insan hüquqları və əsas azadlıqlar əsasında yeni Suriyanın qurulması öhdəliyini alqışlayır, ölkənin müxtəlifliyinin tam qorunması məsələsini önə çəkir.
Eyni zamanda, bütün ölkələrlə dinc münasibətlərin inkişaf etdiriləcəyinə və beynəlxalq hüququn tam şəkildə hörmət ediləcəyinə dair verilən bəyanatlar da müsbət qarşılanıb.
“Aİ keçid hökuməti ilə regional və çoxtərəfli platformalarda əməkdaşlıq etməyə hazırdır və bütün xarici tərəfləri istisnasız olaraq Suriyanın birliyi, müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə tam hörmət etməyə çağırır. Aİ hər hansı birtərəfli xarici hərbi əməliyyatları və mövcudluğu, eləcə də xarici informasiya manipulyasiyası və müdaxilə yolu ilə Suriyanın sabitliyini və dinc keçid perspektivlərini pozmaq cəhdlərini qətiyyətlə pisləyir”,-məlumatda qeyd edilib.
Vurğulanıb ki, Suriyanın keçidi və yenidən qurulması davamlı səylər tələb edir:
“Aİ bu məqsədlə keçid hökuməti və vətəndaş cəmiyyəti ilə əməkdaşlıq edir, regional və beynəlxalq tərəfdaşlarla sıx işləyir və beynəlxalq ictimaiyyəti siyasi və maliyyə dəstəyini gücləndirməyə, Suriyanın iqtisadi bərpasını asanlaşdırmağa çağırır. Aİ üzv dövlətləri ilə birlikdə son 14 ildə humanitar, inkişaf, iqtisadi və sabitləşdirmə yardımları üçün təxminən 37 milyard avro səfərbər edərək suriyalılara yardım göstərməkdə daim ön sırada olub. Ölkədə davam edən fəlakətli humanitar vəziyyətlə bağlı ciddi narahatlıq keçirən Avropa İttifaqı Suriya xalqına dəstək öhdəliyinə sadiq qalır”.
O da diqqətə çatdırılıb ki, Suriyanın inklüziv siyasi keçidini, eləcə də onun sürətli iqtisadi bərpasını dəstəkləmək məqsədi ilə Aİ son vaxtlarda Suriyaya qarşı bütün iqtisadi sanksiyaları ləğv edib, yalnız hesabatlılıq çağırışına uyğun olaraq Əsəd rejiminə aid və təhlükəsizliklə bağlı sanksiyaları saxlayıb:
“Paralel olaraq Aİ Suriyanın sahil bölgəsində və Dəməşq ətrafındakı digər ərazilərdə son geniş yayılmış zorakılığa cavab olaraq insan hüquqlarını pozanlara və Suriyada qeyri-sabitliyi və zorakılığı qızışdıranlara qarşı əlavə sanksiyalar tətbiq edib”.