ARAF-ın baş katibi “dünyanın ən yaxşı ənənəvi idman təşkilatı” mükafatına layiq görülmələrinə münasibət bildirib
sizinxeber.az xəbər saytı

ARAF-ın baş katibi “dünyanın ən yaxşı ənənəvi idman təşkilatı” mükafatına layiq görülmələrinə münasibət bildirib


Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) “dünyanın ən yaxşı ənənəvi idman təşkilatı” mükafatına layiq görülməsi bütövlükdə ölkəmizin ənənəvi atçılıq mədəniyyətinin beynəlxalq səviyyədə tanınmasının göstəricisidir.

Bunu "Report"a açıqlamasında ARAF-ın baş katibi Emil Seyidov deyib.

O, Sankt-Peterburqda keçirilən 7-ci Etnosport Forumunda ARAF-ın Dünya Etnoidman Birliyi tərəfindən “Ənənəvi İdman Təşkilatı” nominasiyası üzrə mükafata layiq görülməsinin onlar üçün böyük qürur və məsuliyyət olduğunu söyləyib:

"Son illərdə həm Etnoidman Kültür Festivalında, həm də İngiltərədə keçirilən ənənəvi atçılıq təqdimatlarında ölkəmizə olan maraq getdikcə artır. Bu tədbirlərdə federasiya olaraq daim geniş heyətlə iştirak edir, hər il proqramımıza yeni elementlər əlavə edərək təqdimatlarımızı daha da zənginləşdiririk. Bu il də həm Londonda, həm də Türkiyədə keçiriləcək tədbirlərə dəvət almışıq və iştirakla bağlı hazırlıq işləri davam etdirilir".

Baş katib əsas hədəflərdən də söz açıb:

"Federasiyanın əsas məqsədi Azərbaycan atçılıq ənənələrini beynəlxalq səviyyədə daha da tanıtmaq, gənc nəsildə bu irsə marağı artırmaq və müasir idman standartları çərçivəsində peşəkar yarışlarda iştirak edən idmançılarımızın sayını çoxaltmaqdır. Xüsusilə çövkən üzrə milli komandaların hazırlıq səviyyəsinin daha da yüksəldilməsi, regionlarda atçılığın inkişafı və yeni infrastruktur layihələrinin həyata keçirilməsi diqqət mərkəzindədir. Eyni zamanda, beynəlxalq əməkdaşlığın gücləndirilməsi və ölkəmizdə nüfuzlu beynəlxalq yarışların keçirilməsi də qarşıya qoyulan əsas məqsədlərdəndir".

Emil Seyidov 2025-ci ildə həm polo, həm də çövkən üzrə bir neçə böyük beynəlxalq turnirin planlaşdırıldığını və Azərbaycan millisinin bu yarışlarda iştirak edəcəyini söyləyib:

"Xüsusilə, iyunun 3–8-i aralığında keçiriləcək çövkən üzrə Avropa çempionatı böyük maraq doğurur. Bu yarış Beynəlxalq Çövkən Federasiyasının təşəbbüsü ilə keçiriləcək və Azərbaycan komandası orada iştirak edəcək. 2024-cü ildə millimiz dünya çempionu titulunu qazandı. İnanırıq ki, bu il də komandamız öz peşəkarlığı və hazırlığı sayəsində yüksək nəticələrə imza atacaq".

Oxşar xəbərlər

ARAF “Dünyanın ən yaxşı ənənəvi idman təşkilatı” mükafatına layiq görülüb
ARAF rəsmisi: "Dünya Kubokunda uğurlu çıxış Azərbaycanda polo ənənələrinin inkişaf etdiyini təsdiqləyir"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər