Xızıda səyyar tibbi xidmət təşkil olunacaq
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə vətəndaşların tibbi xidmətə əlçatanlığının artırılması məqsədilə Xızı rayonunda səyyar tibbi xidmət həyata keçiriləcək.
"Report" xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.
Məlumata əsasən, həyata keçirilən işlərin tərkib hissəsi kimi TƏBİB-in tabeliyindəki Xızı Rayon Mərkəzi Xəstəxanasının həkimləri və tibbi personalının iştirakı ilə periodik olaraq rayonun Altıağac, Baxışlı, Giləzi, Ağdərə kimi kəndlərinin böyük və uşaq əhalisinin müayinələri təşkil olunacaq.
Bu məqsədlə yeni alınmış 2 ədəd xüsusi təchizatlı təcili tibbi yardım avtomobili ayrılıb və komplektləşdirilib.
Avtomobillər zəruri cihaz və avadanlıqlarla, eləcə də dərman preparatları ilə dəstləşdirilib. Pasiyentin vəziyyətinə nəzarət və reanimasiya tədbirləri üçün avtomobillər kardiomonitor, defibrilyator, elektrokardioqraf (EKQ), mobil süni tənəffüs cihazı, perfuziya və infuziya cihazları ilə də təchiz olunub.
Eyni zamanda diaqnostik müayinə və ilkin qiymətləndirmə üçün stetoskop, otoskop, oftalmoskop, spirometr də təmin olunub. Əlavə olaraq, görüntüləmə və dərin müayinə üçün mobil USM, mobil EXO və rəqəmsal DR sistemli mobil rentgen aparatı da mövcuddur.
Səyyar briqadaların tərkibinə Xızı Rayon Mərkəzi Xəstəxanasının və ailə sağlamlıq mərkəzlərinin pediatr, nevropatoloq, ginekoloq və terapevtləri daxil olacaq. Səyyar tibbi aksiyaların əsas məqsədi ucqar yaşayış məntəqələrində yaşayan vətəndaşlara keyfiyyətli tibbi xidmətin yerindəcə göstərilməsi, erkən diaqnostika və preventiv tədbirlərin gücləndirilməsidir.
Oxşar xəbərlər
Azərbaycana 5 ədəd tam elektrikli təcili yardım avtomobili gətiriləcək
TƏBİB bu il 80 ədəd təcili tibbi yardım avtomobili alıb
Yeni Klinikanın COP29 zamanı necə fəaliyyət göstərəcəyi müəyyənləşib
TƏBİB Füzulidə “Ürəyimiz Qarabağda döyünür!” layihəsi keçirəcək
Leyla Əliyevanın təşəbbüsü ilə “Gənc arıçı” layihəsi Xızıda keçiriləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













