Evren Alkaya: "Avropa çempionatında məqsəd ilk növbədə qrupdan çıxmaqdır"
sizinxeber.az xəbər saytı

Evren Alkaya: "Avropa çempionatında məqsəd ilk növbədə qrupdan çıxmaqdır"


Azərbaycanın 20 yaşadək qadınlardan ibarət basketbol millisi tarixində ilk dəfə iştirak edəcəyi Avropa çempionatının B divizionunda qrupdan çıxmağı hədəfləyib.

"Bunu "Report"a açıqlamasında yığmanın baş məşqçisi Evren Alkaya deyib.

Mütəxəssis, qitə birinciliyinin komanda üçün böyük təcrübə olacağını və turnirdə güclü rəqiblərin mübarizə aparacağını vurğulayıb:

"İlk dəfə qatılacağımız Avropa çempionatında çox güclü komandalar yarışacaqlar. Əslində qışda keçirdiyimiz seçmə mərhələ oyunları bu baxımdan bizim üçün çox önəmli idi. Qadın basketboluna uzun illərdir böyük investisiyalar qoyan ölkələrin komandaları ilə qarşılaşacağıq. Demək olar ki, yüksək liqa səviyyəsində çıxış edən basketbolçular bu turnirdə özlərini göstərəcəklər. Biz də mövsüm ərzində bu oyunlara hazırlaşmışıq. Xüsusilə 2007-2008-ci il təvəllüdlü basketbolçulardan ibarət heyətimiz turnirə çox ciddi hazırlaşıb. Rəqibləri də tam təhlil etmişik".

O, millinin turnirdəki əsas hədəflərindən danışıb:

"Qrupumuzda İrlandiya, Albaniya və Yunanıstan yer alıb. Hər bir oyun bizim üçün çox dəyərlidir. Əsas məqsədimiz Azərbaycanı, bayrağımızı ən yaxşı şəkildə təmsil etməkdir. Basketbolçularımız da bunun məsuliyyətini dərk edirlər. İlk hədəfimiz qrup mərhələsini uğurla başa vurmaqdır".

E.Alkaya hazırlıq prosesi və zədəli basketbolçular barədə də məlumat verib:

"Bu yarış üçün 2 təlim-məşq toplanışı keçirdik. Bunlardan biri Türkiyədə, digəri isə Belarusda baş tutdu. Komanda hazırlıq çərçivəsində 20-dən çox oyun keçirdi. Əlimizdən gələni etməyə çalışdıq. Son 1 ay ərzində 2 nəfər zədələndi. Oyunqurucularımızdan birinin əlində, digərinin isə belində problem var idi. Hazırda onların müalicəsi davam etdirilir. Turnirin startına cəmi bir neçə gün qalıb və inanıram ki, onlar tezliklə sağalıb oyunlarda iştirak edə biləcəklər".

Xatırladaq ki, Azərbaycan millisi Avropa çempionatının B divizionunun A qrupunda İrlandiya, Albaniya və Yunanıstan yığmaları ilə mübarizə aparacaq. Turnir iyulun 4-12-də Bolqarıstanın Samokov şəhərində təşkil olunacaq.

Oxşar xəbərlər

Evren Alkaya: "Basketbolçularımız rəqiblərlə başabaş mübarizə apara bilmirlər"
Evren Alkaya: "Azərbaycanı Avropa çempionatının B divizionunda ən yaxşı şəkildə təmsil etmək niyyətindəyik"
Evren Alkaya: "Komandalarımız Minskdə beynəlxalq təcrübə qazanmaq imkanı əldə etdi"
Azərbaycanın qadın basketbol millisi səfərdə Monteneqro yığmasına uduzub
Azərbaycan millisinin baş məşqçisi: “Avropa çempionatının oyunlarına gənc komanda ilə çıxacağıq"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər