Azərbaycan-Belarus Hökumətlərarası Komissiyanın 16-cı iclası keçirilib
sizinxeber.az xəbər saytı

Azərbaycan-Belarus Hökumətlərarası Komissiyanın 16-cı iclası keçirilib


Azərbaycan-Belarus Hökumətlərarası Komissiyanın 16-cı iclası keçirilib.
Bu barədə Sizinxeber.az-ya Nazirlər Kabinetindən xəbər verilib.
Azərbaycan-Belarus Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq üzrə Komissiyasının 16-cı iclasında iştirak etmək məqsədilə Belarus Respublikasında rəsmi səfərdə olan Baş nazirin müavini Samir Şərifovun rəhbərlik etdiyi nümayəndə heyəti Minsk şəhərindəki Qələbə abidəsini ziyarət edib.
Belarusa səfər çərçivəsində Samir Şərifov Minskdə fəaliyyət göstərən Azərbaycan Ticarət Evi və Belarusun yerli məhsullarının nümayiş olunduğu “Perşı Regional Ticarət Mərkəzi” ilə tanış olub. Azərbaycan Ticarət Evində “Made in Azerbaijan” brendi altında təqdim olunan məhsullarla tanış olan Samir Şərifov bu platformanın Azərbaycan məhsullarının Belarus bazarında tanıdılması, ixrac imkanlarının genişləndirilməsi və işgüzar əlaqələrin inkişafında mühüm rol oynadığını vurğulayıb.
“Perşı” ticarət mərkəzində Belarusun müxtəlif regionlarında istehsal olunan məhsullara baxış keçirən Baş nazirin müavini yerli istehsalın təşviqi və ticarət infrastrukturunun inkişafı sahəsində təcrübə mübadiləsinin əhəmiyyətini qeyd edib.
Belarusun Nazirlər Kabinetində görüş zamanı Belarus Respublikasının Baş naziri Aleksandr Turçin bildirib ki, Azərbaycan-Belarus qarşılıqlı iqtisadi əməkdaşlığında sənaye kooperasiyası və yeni layihələr strateji “artım nöqtələri” kimi vacib rol oynayır. Aleksandr Turçin iki ölkə arasında uzunmüddətli və möhkəm tərəfdaşlıq münasibətlərinin olduğunu vurğulayıb və qarşılıqlı ticarət-iqtisadi əməkdaşlığın genişləndirilməsinin, yeni sənaye layihələrinin həyata keçirilməsinin qarşılıqlı fayda gətirəcəyini qeyd edib.
Aleksandr Turçin sənaye kooperasiyasında birgə istehsal sahələrinin, o cümlədən maşınqayırma, xüsusi və kommunal texnika, eləcə də digər məhsulların birgə istehsalının perspektivlərini yüksək qiymətləndirib.
Baş nazir əməkdaşlığın dərinləşdirilməsinin Belarus və Azərbaycan arasında ticarət dövriyyəsinin artmasına, qarşılıqlı investisiya layihələrinin genişlənməsinə və yeni birgə müəssisələrin yaradılmasına töhfə verəcəyini vurğulayıb. Bu çərçivədə tərəflər sənaye kooperasiya sahəsində yeni təşəbbüslərin irəli sürülməsi və praktiki layihələrin həyata keçirilməsi üçün qarşılıqlı işgüzar əlaqələrin möhkəmləndirilməsinin vacibliyini qeyd ediblər.
Daha sonra Minsk şəhərində Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 16-cı iclası keçirilib. İclasa Azərbaycan tərəfdən Baş nazirin müavini Samir Şərifov, Belarus tərəfindən isə Baş nazirin müavini Natalya Petkeviç rəhbərlik edib.
Forumda çıxış edən Belarus Respublikası Baş nazirinin müavini Natalya Petkeviç Azərbaycan və Belarus arasında münasibətlərin zamanın sınağından çıxmış dostluq və qarşılıqlı etimada əsaslandığını bildirib. O qeyd edib ki, dövlət başçıları tərəfindən qarşıya qoyulan ikitərəfli ticarət dövriyyəsinin 1 milyard ABŞ dollarına çatdırılması hədəfi ölkələr arasında əməkdaşlıq potensialının yüksək olduğunu göstərir.
Natalya Petkeviç sənaye kooperasiyası, birgə müəssisələrin yaradılması və kənd təsərrüfatı sahəsində əməkdaşlığın ikitərəfli münasibətlərin əsas inkişaf istiqamətlərindən olduğunu vurğulayıb. Forum çərçivəsində işgüzar dairələr arasında yeni tərəfdaşlıq imkanları və birgə investisiya layihələri də müzakirə olunub.
İclasda çıxış edən Samir Şərifov vurğulayıb ki, Azərbaycan-Belarus münasibətləri dövlət başçıları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko arasında formalaşmış qarşılıqlı etimad və yüksək səviyyəli siyasi dialoq əsasında uğurla inkişaf edir. O qeyd edib ki, Hökumətlərarası Komissiya iki ölkə arasında əməkdaşlığın genişləndirilməsində və əldə olunmuş razılaşmaların icrasının təmin edilməsində mühüm rol oynayır.
Samir Şərifov qeyd edib ki, qlobal iqtisadi çağırışlara baxmayaraq, Azərbaycan və Belarus arasında ticarət əlaqələri müsbət dinamika nümayiş etdirir. 2026-cı ilin ilk dörd ayı ərzində qarşılıqlı ticarət dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 11 faizdən çox artaraq 158 milyon ABŞ dollarına çatıb. Tərəflər ticarət dövriyyəsinin daha da artırılması, ixrac nomenklaturasının şaxələndirilməsi və investisiya əməkdaşlığının genişləndirilməsi üçün əlavə tədbirlərin həyata keçirilməsi barədə razılığa gəliblər. Samir Şərifov Belarusda fəaliyyət göstərən Azərbaycan Ticarət Evinin ikitərəfli ticarət əlaqələrinin inkişafında mühüm rol oynadığını qeyd edib. Bildirilib ki, bu platforma Azərbaycan məhsullarının Belarus bazarında təşviqinə, ixracın genişlənməsinə və biznes əlaqələrinin möhkəmlənməsinə əhəmiyyətli töhfə verir.
İclasda sənaye kooperasiyası əməkdaşlığın ən perspektivli istiqamətlərindən biri kimi qiymətləndirilib. Qeyd olunub ki, Gəncə Avtomobil Zavodu Belarusun aparıcı sənaye müəssisələri ilə əməkdaşlıq çərçivəsində traktor, yük avtomobili, kommunal və xüsusi texnika istehsalını uğurla davam etdirir.
Tərəflər həmçinin Azərbaycanda məişət texnikasının istehsalı, lift avadanlıqlarının yığılması, farmasevtika və baytarlıq preparatlarının istehsalı, eləcə də mineral gübrələrin hazırlanması sahələrində yeni birgə layihələrin həyata keçirilməsi imkanlarını müzakirə ediblər.
İclasda işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən birgə layihələr xüsusi diqqət mərkəzində olub. Ağdam rayonunun Qızıl Kəngərli kəndində Belarus tərəfinin iştirakı ilə həyata keçirilən aqroşəhərcik layihəsinin icrası yüksək qiymətləndirilib. Tərəflər layihənin növbəti mərhələlərinin vaxtında həyata keçirilməsi və aqrar-sənaye komplekslərinin yaradılması istiqamətində əməkdaşlığın davam etdirilməsi barədə razılığa gəliblər.
Kənd təsərrüfatı sahəsində əməkdaşlığın inkişafı, ərzaq təhlükəsizliyi, baytarlıq və fitosanitar nəzarət sistemləri arasında inteqrasiyanın gücləndirilməsi, kənd təsərrüfatı məhsullarının qarşılıqlı ixracının artırılması məsələləri də geniş müzakirə olunub.
Nəqliyyat və logistika sahəsində əməkdaşlığın inkişafı da iclasın əsas mövzularından biri olub. Qeyd edilib ki, 2026-cı ilin yanvar-aprel aylarında tranzit daşımalarının həcmi 63 faizdən çox artıb. Tərəflər yükdaşımaların rəqəmsallaşdırılması, elektron məlumat mübadiləsinin genişləndirilməsi və beynəlxalq nəqliyyat marşrutları üzrə əməkdaşlığın dərinləşdirilməsi istiqamətində birgə fəaliyyətin davam etdirilməsi barədə razılığa gəliblər.
Humanitar əməkdaşlıq sahəsində əldə olunmuş nəticələr də yüksək qiymətləndirilib. Mədəniyyət, təhsil, səhiyyə, gənclər siyasəti və idman sahələrində yeni əməkdaşlıq mexanizmlərinin yaradılması, mütəxəssis mübadiləsinin genişləndirilməsi və birgə layihələrin həyata keçirilməsi nəzərdə tutulur.
İclas çərçivəsində Azərbaycan-Belarus Hökumətlərarası Komissiyasının 16-cı iclasının yekun Protokolu, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi ilə Belarus Respublikası Milli Statistika Komitəsi arasında əməkdaşlığa dair Anlaşma Memorandumu, 2026–2030-cu illər üçün bədən tərbiyəsi və idman sahəsində əməkdaşlıq proqramı, Azərbaycan və Belarus Səhiyyə nazirlikləri arasında 2026–2027-ci illər üçün səhiyyə sahəsində əməkdaşlıq üzrə Yol Xəritəsi, Gəncə Avtomobil Zavodu ilə “POJSNAB” arasında yanğınsöndürmə texnikasının yığılmasına dair müqavilə imzalanıb.
İclasın yekununda tərəflər Azərbaycan-Belarus strateji tərəfdaşlığının möhkəmləndirilməsi, iqtisadi əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı maraq doğuran bütün istiqamətlər üzrə əlaqələrin inkişaf etdirilməsi istiqamətində birgə səylərin davam etdirilməsi barədə qətiyyətlərini bir daha təsdiqləyiblər.
Növbəti, 17-ci Azərbaycan-Belarus Hökumətlərarası Komissiyasının iclasının 2027-ci ildə Bakı şəhərində keçirilməsi barədə razılıq əldə olunub.

Oxşar xəbərlər

Belarus-Azərbaycan Hökumətlərarası Komissiyasının 16-cı iclası keçiriləcək
Azərbaycan-Belarus Hökumətlərarası Komissiyasının iclası keçiriləcək
İyunda Minskdə Azərbaycan-Belarus Hökumətlərarası Komissiyasının iclası keçiriləcək
Azərbaycan-Belarus iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın sədri dəyişib
Samir Şərifov: Belarusla ticarət dövriyyəsinin genişləndirilməsi üçün potensial var

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər