Moskvadan uzaqlaşan İrəvan – Kremlin dəyişməyən təzyiq metodu - ŞƏRH
sizinxeber.az xəbər saytı

Moskvadan uzaqlaşan İrəvan – Kremlin dəyişməyən təzyiq metodu - ŞƏRH


Rusiya Ermənistanla münaqişəsini Avrasiya İqtisadi İttifaqı (Aİİ) müstəvisinə də daşıyıb.

Mayın 29-da Qazaxıstanın paytaxtı Astanada qurumun sammiti keçirilib. Tədbirdə Rusiya, Belarus, Qazaxıstan və Qırğızıstan liderləri - Vladimir Putin, Aleksandr Lukaşenko, Kasım-Jomart Tokayev və Sadır Japarov Ermənistanın Avropa İttifaqı ilə əməkdaşlığı genişləndirməsi fonunda yaranan vəziyyət haqqında birgə bəyanat imzalayıblar.

Kremlin yaydığı birgə bəyanatda liderlər Ermənistanda Aİ-yə üzvlük və ya Aİİ-də qalmaq barədə referendumun keçirilməsini dəstəkləyiblər: "Ermənistan Respublikasında mümkün qədər qısa müddətdə Avropa İttifaqına daxil olmaq və ya Avrasiya İqtisadi İttifaqının tərkibində qalmaqda davam etmək barədə ümumxalq referendumunun keçirilməsi zərurəti ilə bağlı mövqeyi bölüşürük".

Belə görünür, Kreml bu dəfə rəsmi İrəvana Ermənistanın üzv olduğu təşkilat vasitəsi ilə təzyiqləri artırır. Çünki İttifaqın üzvləri, o cümlədən RF ilə Ermənistan arasında ikitərəfli iqtisadi-ticarət, əməkdaşlığa dair müqavilələr də mövcuddur.

Ölkənin beynəlxalq təşkilatlara üzvlüyü Konstitusiya ilə tənzimlənir və heç bir beynəlxalq müqavilə (və heç bir təşkilat) Ermənistan Konstitusiyasına zidd ola bilməz. Suverenliyin bir hissəsinin fövqəldövlət beynəlxalq təşkilatlara ötürülməsi mövzusu olduğu halda üzvlük məsələsi yalnız ümumxalq referendumu yolu ilə həll edilir.

Referendum da, Ermənistanın Konstitusiyası ilə tənzimlənir. Bu siyasi kampaniyanı keçirmək üçün ölkə Prezidenti, Nazirlər Kabineti və deputatların azı 3/1-i, habelə 200 min vətəndaş təşəbbüslə çıxış edə bilər. İstənilə layihənin referenduma çıxarılması üçün parlament qərar qəbul etməlidir. Bundan sonra referendumu Ermənistan Prezidenti təyin edir. Odur ki, prosedurlara əsasən, referendum keçirmək təşəbbüsü və reallaşdırıılması yalnız Ermənistana məxsusdur.

Bu baxımdan Kremlin yaydığı bəyanat daha çox Moskvanın İrəvana təzyiqi, müəyyən mənada təhdididir. Çünki bəyanatın sonrakı abzasında bu açıq-aşkar görünür. Orada bildirilib ki, üzvlər 2026-cı ilin dekabrında Ali Avrasiya İqtisadi Şurasının iclasında Ermənistan Respublikasına münasibətdə Aİİ haqqında Müqavilənin qüvvəsinin dayandırılmasının mümkün nəticələri barədə məruzə etməsi haqqında qərar qəbul ediblər.

Birgə bəyanatda İrəvanın Aİ-yə inteqrasiyaya hazırlanmasının İttifaq dövlətlərinin iqtisadi təhlükəsizliyi üçün əhəmiyyətli risklər daşıdığı vurğulanıb.

Yeri gəlmişkən, onu da qeyd etmək lazımdır ki, üzv dövlətlər, o cümlədən RF-nin (Ukraynadakı müharibədən əvvəl) Avropa İttifaqı ilə əməkdaşlığı və s. əlaqələri mövcuddur. Bu perspektivdə tərəflər arasında daha geniş əlaqələrin yaranması üçün zəmin hazırlaya bilər.

Belə ehtimal etmək olar ki, mayın 29-da keçirilmiş zirvə toplantısının əsas mövzusu Ermənistanın Avropa İttifaqı ilə perspektiv münasibəti olub.

ABŞ Prezidenti Donald Tramp iyunun 7-də keçiriləcək parlament seçkilərində Nikol Paşinyanın yenidən seçilməsini dəstəkləyib: "Nikol Ermənistan və bütün Cənubi Qafqaz regionu üçün sülh və firavanlıq barədə mənim baxışlarımı tam bölüşür". O, ABŞ dövlət katibi Marko Rubionun bu yaxınlarda Ermənistana səfərini və bir sıra sazişlərin, o cümlədən birgə tranzit dəhlizi layihəsi (Zəngəzur dəhlizi) barədə razılaşmanın bağlanmasını xatırladaraq, onun "Cənubi Qafqazı dəyişdirəcək" və enerji şirkətlərinin Mərkəzi Asiyadan ABŞ-a qədər marşrutlara çıxışını təmin edəcəyini də vurğulayıb: "Bu səbəblərə görə Nikol iyunun 7-də yenidən seçilmə üçün mənim tam və mübahisəsiz dəstəyimə malikdir".

Bu açıqlama Astana sammitindən bir gün öncə yayılıb. Ona görə Kremlin Aİİ liderləri adından yaydığı birgə bəyanatı həm də Donald Trampın açıqlamasına və Marko Rubionun İrəvana səfərinə cavab da sayıla bilər.

Məsələ yalnız Ermənistana təzyiqdən getmir. Moskva oxşar addımları əvvəllər başqalarına qarşı da atıb.

Kreml ondan uzaqlaşanlara qarşı aşağıdakı ənənəvi təzyiq üsullarından istifadə edir:

- qarşı tərəfdən olan əmək miqrantların qovulması;

- qurduğu təşkilatlar MDB, KTMT və Aİİ;

- hərbi əməliyyatların keçirilməsi;

- qarşı tərəfin istehsal etdiyi məhsulların geri qaytarılması;

- Rusiya televiziyalarında həmin ölkəyə qarşı təbliğat aparılması və başqaları.

Bu istiqamətdə növbə Rusiya Prezidenti Vladimir Putinə də çatıb. O bildirib ki, Ermənistan Avropa İttifaqına üstünlük verəcəyi halda Moskva Aİİ çərçivəsində İrəvanla iqtisadi əməkdaşlığı əhəmiyyətli dərəcədə azaltmalı olacaq, enerji daşıyıcılarına tətbiq edilən güzəştlər Ermənistanın ittifaqa üzvlüyünün yeganə üstünlüyü deyil: "Rusiya kapitalının ölkə iqtisadiyyatındakı payı 86 %-dən çoxdur".

V. Putin əlavə edib ki, Ermənistanın Aİİ-dən mümkün çıxışı zamanı dəmir yolu daşımalarının tarifləri Rusiya daxili səviyyəsinə gətiriləcək, Ermənistan vətəndaşları üçün isə xarici ölkə vətəndaşları üçün nəzərdə tutulan ümumi miqrasiya qaydaları qüvvəyə minəcək və s.

Ermənistanın Baş naziri Nikol Paşinyan isə bildirib ki, ölkəsi Aİİ ilə Aİ arasında seçim qaçılmaz olana qədər işləməyə davam edəcək. O həmçinin dəqiqləşdirib ki, Ermənistan-Rusiya münasibətləri transformasiya mərhələsindədir: "Biz Aİİ-də işləyirik. Aİİ ilə Aİ arasında seçim qaçılmaz olana qədər işləməyə davam edəcəyik. Qərarı, təbii ki, Ermənistan xalqı referendum yolu ilə qəbul etməlidir".

Onun sözlərinə görə, ölkəsi Aİ-yə rəsmi olaraq üzvlüklə müraciət etməyibsə və ya üzvlüyə namizəd statusu almağa yaxın deyilsə, o halda referendum keçirmək məntiqsizdir: "Nəzəri seçimi referenduma qoymaq düzgün və əsaslı deyil".

Nikol Paşinyan qeyd edib ki, Ermənistan Rusiya ilə münasibətləri əhəmiyyətli dərəcədə inkişaf etdirir və ona əhəmiyyət verir: "Bu yeni reallıqlarda biz Rusiya ilə yeni münasibətlər qururuq".

Avropa İttifaqı hələ Ermənistanla münasibətlərinə dair real addım atmayıb. Bu baxımdan Aİİ liderlərinin tələsdikləri qənaətinə də gəlmək olar.

Əslində bütün olanlar Ermənistanın Aİİ, KTMT və MDB ilə münasibətləri aydınlaşdırmağa deyil, Rusiya ilə əlaqələri yenidən qurmağa yönəlib. Kreml isə rəsmi İrəvanın bu addımını az qala bəhs etdiyimiz qurumlara sayğısızlıq kimi qələmə verməyə cəhd göstərir.

Yaranan gərginlik Rusiyanın Ermənistandakı hərbi bazalarını yada salıb. Çünki Moskvanın Ermənistandakı mövcudluğunun və bunun davam etməsinin ən aşkar nümunəsi 102 saylı hərbi hissədir. RF Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu bildirib ki, məlum bazanın ləğv edilməsi üçün heç bir ilkin şərt yoxdur. Onun sözlərinə görə, baza fəaliyyət göstərir.

Yeri gəlmişkən, 102-ci hərbi baza 1995-ci ildən Ermənistan və Rusiya arasında dövlətlərarası müqavilə əsasında Gümrüdə yerləşdirilib. Baza MDB-nin Birləşmiş Hava Hücumundan Müdafiə sistemi çərçivəsində döyüş növbəsi çəkir və Cənubi Qafqazda RF-nin yeganə hərbi bazasıdır. 2010-cu ildə tərəflər müqavilənin müddətini 2044-cü ilədək uzadıblar. Baza S-300 kompleksləri ilə təchiz olunub və orada beş min nəfərlik şəxsi heyət xidmət edir.

Bu kimi hadisələr Rusiyanın Ermənistana bütün dinc vasitələrlə təzyiq etdiyini göstərir. O zaman daha bir vasitə hələ ehtiyatda qalır və belə bir sual yaranır - Moskva 102-ci bazanın imkanlarında Ermənistanda dəyişikliklər üçün yararlana bilər? Bu hərbi hissənin mandatına uyğun olmasa da Kreml dar məqamda onun təyinatını dəyişə bilər. Ukrayna hadisələri bunu təsdiqləyir. Çünki Rusiya qarşı tərəflə dinc, dialoq yolu ilə davrana bilmir. Bu onun münasibət qurmaq üsulu deyil. Vladimir Putinin Nikol Paşinyanı doğum günü münasibəti ilə təbriki də İrəvanın Moskvadanqaçma sürətini, yönünü dəyişməkdə çətinlik çəkər.

Ermənistana dinc, yaxud hərbi yolla təzyiqləri isə daha çox RF-nin ziyanına işləyir. Onun beynəlxalq nüfuzunu azaldır. Bu baxımdan Moskvanın beynəlxalq təşkilatlar vasitəsi ilə bu ölkəyə təsiri, təzyiqi səmərəsiz olacaq. Belə hallar yaxın gələcəkdə RF-nin təşəbbüsü və sponsorluğu ilə yaranmış, mövcud olan təşkilatların da tarixin səhnəsindən gedəcəyinə daha bir örnəkdir. Çünki nə Ukraynada müharibə, nə də Moldova da status-kvo uzun müddətə davam etməyəcək. Vaxtın uzanması isə Rusiyanın güclənməsi, etibarını artırması üçün vaxt itkisidir.

Oxşar xəbərlər

Aİİ liderləri Ermənistanda Aİ-yə qoşulmaqla bağlı referendum keçirilməsini dəstəkləyiblər
Tokayev və Putin dostluq və qonşuluq haqqında birgə bəyanat imzalayıblar
Rusiya hökuməti: Ermənistanın Avropa İttifaqı ilə ticarəti Avrasiya İqtisadi İttifaqından dəfələrlə azdır
Putin Ermənistanın Aİİ-dən çıxmasının nəticələrindən danışıb
Minskdə Aİİ liderlərinin məhdud tərkibdə görüşü başlayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər