Tahir Mirkişili: Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığı regionun təhlükəsizlik və iqtisadi inkişaf modelinə çevrilir
sizinxeber.az xəbər saytı

Tahir Mirkişili: Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığı regionun təhlükəsizlik və iqtisadi inkişaf modelinə çevrilir


“İlham Əliyevin Gürcüstana səfəri münasibətlərdə yeni mərhələ açdı”

Azərbaycanla Gürcüstan arasında münasibətlər artıq klassik qonşuluq münasibətlərindən daha yüksək mərhələyə yüksələrək strateji tərəfdaşlıq modelinə çevrilib.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili Sizinxeber.az-ya açıqlamasında deyib ki, xüsusilə Azərbaycan Prezidenti İlham Əliyevun bu ilin aprel ayında Gürcüstana həyata keçirdiyi dövlət səfəri iki ölkə arasında əməkdaşlığın yeni mərhələsinin əsasını qoyub: “Prezident İlham Əliyevin Gürcüstana dövlət səfəri münasibətlərin strateji xarakterini bir daha nümayiş etdirdi. Həmin səfər zamanı verilən mesajlar, keçirilən görüşlər və əldə olunan razılaşmalar göstərdi ki, Bakı və Tbilisi regionun gələcəyini birlikdə planlaşdıran iki etibarlı tərəfdaşdır. Bu gün artıq Azərbaycan-Gürcüstan münasibətləri yalnız ikitərəfli əməkdaşlıq deyil, həm də regional təhlükəsizlik, enerji təminatı, logistika və beynəlxalq bağlantılar baxımından xüsusi əhəmiyyət daşıyır”.

Deputat qeyd edib ki, Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Gürcüstanın Baş nazir İrakli Kobaxidzenin Azərbaycana səfəri və imzalanan sənədlər strateji tərəfdaşlığın daha da dərinləşdirildiyini göstərir:

“Azərbaycan və Gürcüstan hökumətləri arasında imzalanan Birgə Kommünike iqtisadiyyat, enerji, nəqliyyat və bağlantı sahələrində yeni mərhələnin başlanğıcıdır. Burada diqqət çəkən əsas məqam ondan ibarətdir ki, hər iki ölkə regionu Avropa ilə Asiya arasında əsas bağlantı habına çevirmək istiqamətində ortaq siyasi iradə nümayiş etdirir”.

Azərbaycan-Türkiyə-Gürcüstan əməkdaşlığı regionun geosiyasi sütunudur

Tahir Mirkişili bildirib ki, Azərbaycan-Gürcüstan münasibətlərini ayrıca qiymətləndirmək çətindir, çünki bu əməkdaşlıq uzun illərdir Azərbaycan-Türkiyə-Gürcüstan üçtərəfli platformasının mühüm hissəsidir:

“Azərbaycan-Türkiyə-Gürcüstan əməkdaşlıq modeli regionun ən uğurlu çoxtərəfli tərəfdaşlıq nümunələrindən biridir. Bu razılaşmanın mahiyyəti ondan ibarətdir ki, üç dövlət regional təhlükəsizliyi, enerji marşrutlarını, nəqliyyat dəhlizlərini və iqtisadi inteqrasiyanı birlikdə təmin edir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars kimi layihələr təkcə iqtisadi deyil, həm də geosiyasi əhəmiyyətə malikdir. Bu əməkdaşlıq modeli regionda sabitliyin qorunmasında mühüm rol oynayır. Bu gün dünyada çoxsaylı münaqişələr, enerji böhranları və geosiyasi qarşıdurmalar yaşanır. Belə bir şəraitdə Azərbaycan, Gürcüstan və Türkiyə arasında formalaşan əməkdaşlıq platforması region üçün təhlükəsizlik zəmanətinə çevrilib. Əslində bu əməkdaşlıq Avrasiyanın yeni iqtisadi xəritəsini formalaşdırır”.

Azərbaycan Gürcüstanın enerji təhlükəsizliyinin əsas təminatçısıdır

Deputat vurğulayıb ki, Gürcüstanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın rolu əvəzsizdir:

“Bu gün Gürcüstanın enerji təhlükəsizliyinin əsas təminatçısı Azərbaycandır. Xüsusilə dünyada enerji qiymətlərinin sürətlə dəyişdiyi, təbii qaz və elektrik enerjisi ilə bağlı ciddi böhranların yaşandığı bir vaxtda Gürcüstanda sosial və iqtisadi sabitliyin qorunması Azərbaycanın həyata keçirdiyi enerji siyasəti sayəsində mümkün olur. Sosial qaz müqaviləsinin 20 il müddətinə uzadılması Azərbaycan-Gürcüstan münasibətlərinin strateji xarakterini açıq şəkildə göstərir. İrakli Kobaxidzenin də dediyi kimi, növbəti 20 il ərzində Gürcüstana təbii qaz sosial tariflə təchiz olunacaq. Bu, sıradan kommersiya münasibəti deyil. Bu, strateji tərəfdaşlıq, dostluq və qarşılıqlı etimad nümunəsidir. Azərbaycan region ölkələrinin enerji təhlükəsizliyinə töhfə verən məsuliyyətli dövlətdir”.

Onun sözlərinə görə, Gürcüstan ərazisi üzərindən Azərbaycan qazının beynəlxalq bazarlara nəqli həm Bakı, həm Tbilisi, həm də Avropa üçün böyük əhəmiyyət daşıyır:

“İmzalanmış sənədlər göstərir ki, Azərbaycan təkcə enerji ixrac edən ölkə deyil, eyni zamanda regionun enerji təhlükəsizliyinin memarıdır. Bu gün Avropanın enerji təhlükəsizliyi məsələsində Azərbaycanın rolu sürətlə artır”.

Ermənistan da faydalanır

Tahir Mirkişili bildirib ki, Azərbaycanın regional enerji siyasətindən Ermənistan da faydalanır: “Bu gün Ermənistan daxilində yanacaq qiymətlərinin kəskin artmaması və bazarda nisbi sabitliyin qorunması regionda Azərbaycanın formalaşdırdığı enerji və logistika imkanları ilə bağlıdır. Ermənistan istəsə də, istəməsə də, regionda yaranan iqtisadi sabitlikdən faydalanır. Əslində Ermənistanın daxili bazarında enerji və yanacaq qiymətlərinin müəyyən səviyyədə sabit qalmasına görə də Azərbaycan faktorunu nəzərə almaq lazımdır”.

Deputat hesab edir ki, Ermənistan regionda yaranan yeni reallıqları düzgün qiymətləndirməlidir:

“Əgər Ermənistan regionda əməkdaşlıq və kommunikasiyaların açılması siyasətinə qoşularsa, bundan daha çox fayda əldə edə bilər. Azərbaycan regionda qarşıdurma deyil, əməkdaşlıq mühiti formalaşdırmağa çalışır”.

Bakı-Tbilisi-Bakı qatarının bərpası iqtisadi və humanitar baxımdan vacibdir

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Bakı-Tbilisi-Bakı marşrutu üzrə gündəlik sərnişin qatarlarının fəaliyyətinin bərpasını da mühüm hadisə kimi qiymətləndirib:

“Mayın 26-dan etibarən Bakı-Tbilisi-Bakı marşrutu üzrə sərnişin qatarlarının altı illik fasilədən sonra yenidən fəaliyyətə başlaması çox mühüm hadisədir. Bu qərar təkcə nəqliyyat məsələsi deyil. Bu, insanlar arasında münasibətlərin güclənməsi, turizmin inkişafı, iqtisadi aktivliyin artması və regionun inteqrasiyası baxımından mühüm addımdır. Dəmir yolu əlaqələrinin bərpası həm də regionun tranzit imkanlarını genişləndirəcək. Bakı-Tbilisi-Qars layihəsinin tam gücü ilə işləməsi Orta Dəhlizin imkanlarını daha da artıracaq. Gürcüstan və Azərbaycan arasında yaradılacaq birgə müəssisə isə dəmir yolu idarəçiliyində koordinasiyanı gücləndirəcək. Bu layihələr nəticəsində regionun yük və sərnişin daşımaları baxımından strateji əhəmiyyəti daha da artacaq”.

Onun sözlərinə görə, Bakı-Tbilisi-Bakı qatarının fəaliyyətinin bərpası turizm sektoruna da ciddi töhfə verəcək:

“Azərbaycan və Gürcüstan xalqları arasında tarixi dostluq münasibətləri mövcuddur. Qatar əlaqəsinin bərpası turist axınını artıracaq, biznes əlaqələrini genişləndirəcək və insanlar arasında təmasları gücləndirəcək”.

Azərbaycan regionun sabitlik və inkişaf mərkəzinə çevrilib

Tahir Mirkişili hesab edir ki, son illərdə Azərbaycanın həyata keçirdiyi siyasət nəticəsində ölkə regionun əsas iqtisadi və geosiyasi mərkəzlərindən birinə çevrilib:

“Bu gün Azərbaycan regionda enerji təhlükəsizliyi, nəqliyyat-logistika bağlantıları və iqtisadi əməkdaşlıq baxımından aparıcı ölkədir. Gürcüstanla münasibətlərin inkişafı da bunu bir daha sübut edir. Ən vacib məqam isə odur ki, Azərbaycan bütün bu layihələri qarşılıqlı fayda və regional əməkdaşlıq prinsipləri əsasında həyata keçirir”.

Deputat qeyd edib ki, Bakı artıq yalnız Cənubi Qafqazın deyil, bütövlükdə Avrasiya məkanının əsas diplomatik və iqtisadi platformalarından birinə çevrilməkdədir:

“Bakıda beynəlxalq tədbirlərin keçirilməsi, qlobal forumların təşkil olunması, region ölkələri arasında strateji qərarların məhz burada qəbul edilməsi Azərbaycanın artan nüfuzunun göstəricisidir. Azərbaycan bu gün sabitlik, əməkdaşlıq və inkişaf modelini təşviq edən ölkə kimi çıxış edir”.

Oxşar xəbərlər

Yan Cin: Azərbaycanla Çin arasında siyasi münasibətlər çox yüksək səviyyədədir
Tbilisidə Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələri müzakirə edilib
Mixeil Kavelaşvili: Gürcüstan və Azərbaycan strateji dostluğu və əməkdaşlığı nümunəvidir
Azərbaycan və Gürcüstan liderlərinin müzakirə edəcəyi məsələlər açıqlanıb
Azərbaycan ilə ABŞ arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər