Uşaqların zərərli informasiyadan qorunması ilə bağlı hüquqi akt layihəsi müzakirə olunub - FOTO
sizinxeber.az xəbər saytı

Uşaqların zərərli informasiyadan qorunması ilə bağlı hüquqi akt layihəsi müzakirə olunub - FOTO


“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası qanununun layihəsinin ictimai müzakirəsi keçirilib.

APA xəbər verir ki, tədbirdə müvafiq dövlət orqanları (qurumları), media subyektləri və jurnalist təşkilatlarının səlahiyyətli nümayəndələri, həmçinin əlaqəli sahələr üzrə məsul şəxslər, rəqəmsal məzmun yaradıcıları və ekspertlər iştirak ediblər.

İctimai müzakirədə çıxış edən Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov bildirib ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanunda, eləcə də digər aidiyyəti normativ hüquqi aktlarda dəyişikliklər edilməsi barədə qanun layihəsi, uşaqların virtual məkanda təhlükəsizliyinin təmin edilməsinə, bütövlükdə isə milli rəqəmsal ekosistemin hüquqi tənzimlənməsinə yönəlib. O vurğulayıb ki, həm universal etik normalara, həm milli maraqlarımıza, həm də qabaqcıl beynəlxalq hüquqi standartlara tam cavab verən bu dəyişikliklər milli informasiya mühitinin sağlamlaşdırılmasına və gələcək nəsillərin qorunmasına mühüm töhfə verəcək.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin Sosial media ilə iş sektorunun müdiri Elmir Vəlizadə çıxışında müasir informasiya mühitində baş verən transformasiyalar, rəqəmsal platformaların cəmiyyət həyatına təsiri və bu sahədə hüquqi tənzimləmələrin əhəmiyyəti barədə fikirlərini bölüşüb. Qeyd olunub ki, informasiya təhlükəsizliyinin təmin edilməsi, vətəndaşların hüquqlarının qorunması və sağlam informasiya mühitinin formalaşdırılması istiqamətində qanunvericiliyin təkmilləşdirilməsi mühüm əhəmiyyət kəsb edir.

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəşad Həsənov çıxışında rəqəmsallaşmanın sürətlə genişləndiyi şəraitdə informasiya təhlükəsizliyi məsələlərinin aktuallığından bəhs edib. Bildirilib ki, rəqəmsal mühitdə istifadəçilərin hüquqlarının qorunması, məsuliyyətli davranışın təşviqi və təhlükəsiz informasiya ekosisteminin yaradılması istiqamətində ardıcıl tədbirlərin həyata keçirilməsi olduqca vacibdir.

Milli Kibertəhlükəsizlik Agentliyinin Əməkdaşlıq və kommunikasiya sektorunun müdiri Həvva Hüseynli təqdimatla çıxış edərək qanun layihəsində nəzərdə tutulan dəyişikliklərin əsas istiqamətləri barədə məlumat verib. Vurğulanıb ki, təklif olunan yeniliklər informasiya mühitində mövcud çağırışlara uyğun hüquqi mexanizmlərin təkmilləşdirilməsinə və rəqəmsal təhlükəsizliyin daha effektiv təmin olunmasına xidmət edir.

Ailə, Qadın və Uşaq məsələləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdir müavini Seymur Məmmədov çıxışında rəqəmsal mühitin uşaqlar üçün mühüm inkişaf imkanları yaratmaqla yanaşı, real həyatları üçün qlobal miqyasda ciddi təhlükə və risklərlə də müşayiət olunduğunu bildirib. Qeyd olunub ki, uşaqların təhlükəsiz informasiya mühitində inkişafının təmin edilməsi, onların zərərli məzmundan müdafiəsi və maarifləndirmə tədbirlərinin genişləndirilməsi xüsusi aktuallıq daşıyır.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Vəfa Yaqublu çıxışında təhsil mühitində informasiya təhlükəsizliyi üzrə biliklərin artırılması, müəllim və şagirdlərdə rəqəmsal risklərə qarşı düzgün davranış vərdişlərinin formalaşdırılmasının, media və informasiya savadlılığının inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. Bildirilib ki, xüsusilə gənclər arasında tənqidi düşüncə bacarıqlarının formalaşdırılması, təhlükəsiz rəqəmsal davranış vərdişlərinin aşılanması və maarifləndirici fəaliyyətlərin genişləndirilməsi bu istiqamətdə mühüm rol oynayır.

Səhiyyə Nazirliyinin Ana və uşaqların sağlamlığının qorunması sektorunun müdiri Aynurə Zeynalova çıxışında informasiya mühitinin uşaqların və yeniyetmələrin psixoloji rifahına təsirindən bəhs edib. Vurğulanıb ki, zərərli məzmunun mümkün təsirlərinin azaldılması, profilaktik tədbirlərin gücləndirilməsi və valideynlərin məlumatlandırılması sağlam inkişaf mühitinin formalaşdırılması baxımından vacibdir.

Ədliyyə Nazirliyinin Qanunvericilik baş idarəsinin Sosial normativ aktlar idarəsinin rəisi Aytən Məmmədova çıxışında qanun layihəsinin hüquqi aspektlərinə toxunub. Qeyd olunub ki, təklif edilən dəyişikliklər hüquqi tənzimləmələrin təkmilləşdirilməsinə, tətbiq mexanizmlərinin daha səmərəli qurulmasına və müasir informasiya mühitində yaranan çağırışlara adekvat cavab verilməsinə yönəlib.

İctimai müzakirə zamanı iştirakçılar tərəfindən qanun layihəsində nəzərdə tutulan dəyişikliklər ətrafında geniş və fəal fikir mübadiləsi aparılıb, müxtəlif yanaşmalar və mövqelər səsləndirilib, təkliflər irəli sürülüb. Tədbir çərçivəsində layihənin ayrı-ayrı müddəaları üzrə aktiv diskussiyalar keçirilib, iştirakçıları maraqlandıran məsələlər ətrafında ətraflı mülahizələr təqdim olunub, qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində konstruktiv yanaşmalar irəli sürülüb. Eyni zamanda, dəyişikliklərin mümkün təsirləri, tətbiqi mexanizmləri və gözlənilən nəticələri ilə bağlı baxışlar bölüşülərək peşəkar və səmərəli dialoq mühiti formalaşıb.

Oxşar xəbərlər

Elmir Vəlizadə: Uşaqların zərərli informasiyadan qorunması cəmiyyət üçün böyük əhəmiyyət daşıyır
Uşaqların zərərli informasiyadan qorunması ilə bağlı hüquqi akt layihəsi müzakirə olunub
Parlamentin növbədənkənar sessiyası çərçivəsində növbəti iclasın tarixi və gündəliyi məlum olub
Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi məlum olub
Milli Məclisin yaz sessiyası çərçivəsində ilk iclasının gündəliyi açıqlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər