Azərbaycanda kredit faizlərinin subsidiyalaşdırılması və ƏDV-hesablarındakı vəsaitlərin istifadəsi genişləndiriləcək
sizinxeber.az xəbər saytı

Azərbaycanda kredit faizlərinin subsidiyalaşdırılması və ƏDV-hesablarındakı vəsaitlərin istifadəsi genişləndiriləcək


Azərbaycanda bank kreditlərinin faizlərinin subsidiyalaşdırılması mexanizminin genişləndirilməsi nəzərdə tutulur.

"Sizinxeber.az" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov ITV və AZƏRTAC-a müsahibəsində bildirib.

"Bu bizim üçün yeni alət deyil. Biz bundan ilk dəfə geniş şəkildə COVID pandemiyası dövründə istifadə etdik və bu öz nəticələrini verdi. Bu gün də biz yenə də bu alətin genişləndirilməsinə qayıtmışıq. Onun yalnız işğaldan azad olunmuş ərazilərdə və ya seçilmiş sahələrdə deyil, daha geniş tətbiq edilməsini istəyirik.

Qeyd etmək istədiyim ikinci məsələ logistika və nəqliyyat xərclərinin qarşılanmasına, yaxud azaldılmasına və sabitləşməsinə yönəlmiş tədbirlərdir. Biz hazırda onlara fəal şəkildə baxırıq.

Üçüncü və hazırda müvafiq diskussiyalarda olan məsələyə dair hələ qərar qəbul edilməyib, lakin ümid edirik ki, bu, uğurla başa çatacaq. Bütün müəssisələrin – vergiödəyicilərimizin əlavə dəyər vergisi (ƏDV) hesabları var. Ölkəmizdə müvafiq qanunvericilik mexanizminə əsasən ƏDV- hesabları ayrıdır, xüsusi hesablardır. Biz həmin hesablarda olan vəsaitlərdən dövlətə olan digər ödənişlər, xüsusilə də sosial sığorta ödənişləri üçün istifadə imkanını nəzərdən keçiririk. Bu alətlər tətbiq edildiyi halda, təbii olaraq sahibkarın əlavə maliyyə vəsaitinə olan ehtiyacı azalır, yaxud əksinə, imkanları genişlənir. Sahibkar da onu daha fəal şəkildə biznesin böyüməsinə yönəldə bilər", - nazir qeyd edib.

M.Cabbarov mövcud və uğurla istifadə olunan digər alət kimi investisiya təşviqi mexanizmlərini vurğulayıb: "Burada dövlət tərəfindən müəyyənləşdirilmiş prioritet sahələrdə sərmayə qoyuluşu həyata keçirildiyi təqdirdə sahibkarlara bir sıra vergi və gömrük idxal güzəştləri verilir. Həmçinin bilirsiniz ki, bir sıra ərazilərimizdə, o cümlədən işğaldan azad olunmuş ərazilərdə və Naxçıvan Muxtar Respublikasında geniş vergi azadolmaları paketi tətbiq edilir. Onu da qeyd etmək istəyirəm ki, Azərbaycan Biznesinin İnkişafı Fondunun xətti ilə istifadə olunan alətlərimizdən biri də sahibkarlara güzəştli kreditlərin verilməsidir. Təbii olaraq, biz onu bazarın tam tələbatı həcmində təmin edə bilmirik, amma bu, kifayət qədər yüksək rəqəmdir".

Nazir xatırladıb ki, hər il bu şəkildə 200 milyon manatdan çox kredit verilir. Həmin kreditlər böyük layihələrə deyil, daha çox kiçik və orta sahibkarlara təqdim edilir. Böyük layihələrə gəldikdə, dövlət sərmayəçi qismində, minoritar payçı kimi öz kapital riskini qəbul edir və bu alətdən də fəal istifadə edilir, M.Cabbarov deyib

Oxşar xəbərlər

Azad edilmiş ərazilərdən ixrac edilən məhsullara 100 % logistika subsidiyası tətbiq ediləcək
Aqrar sahədə kredit faizlərinin subsidiyalaşdırılması ilə bağlı banklara məlumat veriləcək
İşğaldan azad edilmiş ərazilərdə sosial sığorta haqlarının subsidiyalaşdırılması nəzərdə tutulur
Nazir: "Naxçıvanın ölkə iqtisadiyyatında payı artır"
Azərbaycan azad edilmiş ərazilərindəki layihələrə indiyədək 24 milyon manatadək güzəştli kredit ayrılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər