Azərbaycan dopinqlə bağlı Fransada keçirilən beynəlxalq konfransda təmsil olunub
Azərbaycan Fransada dopinq maddələrinin əlçatanlığının məhdudlaşdırılmasına həsr olunmuş beynəlxalq konfransda təmsil olunub.
Bu barədə "Sizinxeber.az"a Azərbaycan Milli Antidopinq Agentliyindən (AMADA) məlumat verilib.
Avropa Şurası və Ümumdünya Antidopinq Agentliyinin (WADA) birgə təşkilatçılığı ilə Parisdəki "Stade Jean Bouin"də "Avropada dopinq maddələrinin əlçatanlığının məhdudlaşdırılması: Ortaq məsuliyyət" mövzusunda keçirilən beynəlxalq konfransda ölkəmizi AMADA-nın İcraçı direktoru Təhminə Tağı-zadənin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.
Konfransın əsas məqsədi dopinq maddələrinin idmanda və idmandankənar mühitdə, xüsusilə rekreativ idman, fitnes mərkəzləri və onlayn platformalar vasitəsilə yayılmasının qarşısının alınması üzrə mövcud çağırışları və mümkün həll yollarını müzakirə etmək olub.
Tədbirin proqramında dopinq maddələrinin əlçatanlığı ilə bağlı mövcud vəziyyətin qiymətləndirilməsi, həvəskar idmanda dopinq istifadəsinə təsir edən amillər, ictimai sağlamlıq riskləri, saxtalaşdırılmış və qeyri-qanuni məhsulların dövriyyəsi, hüquq-mühafizə orqanları ilə əməkdaşlıq, farmasevtik nəzarət, rəqəmsal platformaların məsuliyyəti və milli səviyyədə koordinasiya mexanizmləri kimi mövzular yer alıb.
Konfrans çərçivəsində Avropa Şurası, WADA, "İnterpol", UNESCO, Beynəlxalq Olimpiya Komitəsi, milli antidopinq təşkilatları, dərman vasitələri üzrə tənzimləyici qurumlar, hüquq-mühafizə orqanları, laboratoriyalar, gömrük strukturları və digər beynəlxalq tərəfdaşların nümayəndələri dopinq maddələrinin qanunsuz dövriyyəsinə qarşı daha səmərəli və əlaqələndirilmiş yanaşmalar barədə fikir mübadiləsi aparıblar.
Tədbirdə dopinq maddələrinin əlçatanlığının yalnız idman dürüstlüyünə deyil, həm də ictimai sağlamlığa, istehlakçı təhlükəsizliyinə və gənclərin sağlam həyat tərzinə təsir edən kompleks problem kimi qiymətləndirilməsinə xüsusi diqqət yönəldilib. Müzakirələr zamanı dopinq maddələrinin bəzən qida əlavələri, həyat tərzi məhsulları və ya performansı artıran vasitələr kimi təqdim olunmasının ciddi sağlamlıq riskləri yaratdığı vurğulanıb.
Konfransın ikinci hissəsində "Tələbin azaldılması və maarifləndirmə", "Keyfiyyət və təchizat nəzarəti, sağlamlığın qorunması", "Aşkarlanma və hüquq-mühafizə tədbirləri", eləcə də "Koordinasiya və idarəetmə" mövzuları üzrə interaktiv seminarlar təşkil olunub.
AMADA nümayəndə heyəti "Koordinasiya və idarəetmə" istiqaməti üzrə müzakirələrə qatılaraq, dopinq maddələrinin əlçatanlığının məhdudlaşdırılması üçün milli səviyyədə qurumlararası əməkdaşlığın, müvafiq dövlət orqanları arasında məlumat mübadiləsinin önəmi ilə bağlı fikir mübadiləsində iştirak edib.
Yekunda interaktiv seminarların nəticələri ümumiləşdirilib və dopinq maddələrinin yayılmasının qarşısının alınması üçün birgə məsuliyyət, davamlı əməkdaşlıq və çoxsektorlu yanaşmanın vacibliyi vurğulanıb.
Oxşar xəbərlər
AMADA rəsmiləri dopinq araşdırmaları üzrə beynəlxalq konfransda iştirak ediblər
AMADA beynəlxalq konfrans təşkil edəcək
Təhminə Tağı-zadə və Nicat Əmiraslanlı WADA-nın beynəlxalq antidopinq konfransında iştirak ediblər
AMADA-nın nümayəndə heyəti Ümumdünya Antidopinq Agentliyinin iclasında iştirak edib
AMADA rəsmisi Avropa Şurasının Antidopinq Konvensiyasının iclasında iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp dünyanı ŞOKA saldı: İran tamamilə təslim oldu!
-
Dubay şahzadəsinin azərbaycanlı keçmiş xanımı və üç qızı qaçırıldı
-
EBRD Qafqaz regionuna yeni rəhbər təyin edib
-
İranın futbol millisinə DÇ-2026-da iştirak üçün viza verilib
-
Küveyt İrana nota verib, diplomatlarını “persona-non grata” elan edib
-
Tramp: İran artıq nüvə silahı istehsal etməyəcəyinə razılaşıb
