Azərbaycan növbəti 5 ildə IsDB ilə əməkdaşlıqda əsas prioritetləri müəyyənləşdirib
Azərbaycan növbəti 5 ildə İslam İnkişaf Bankı (IsDB) ilə əməkdaşlıqda əsas prioritetləri müəyyənləşdirib.
"Report" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən IsDB Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində təşkil olunmuş yekun mətbuat konfrasında bildirib.
Onun sözlərinə görə, Azərbaycan və IsDB Qrupu arasında 2027–2031-ci illəri əhatə edəcək yeni Üzv Ölkə Tərəfdaşlığı Strategiyası formalaşdırılıb: "Bu strategiya "Azərbaycan 2030: Sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" sənədində müəyyən edilmiş hədəflərlə, eləcə də IsDB Qrupunun 2026–2035-ci illəri əhatə edən 10 illik strateji çərçivəsi ilə tam uzlaşır. Sənəd əsas sektorlar üzrə layihələrin daha məqsədyönlü və yüksək təsirli şəkildə həyata keçirilməsinə imkan yaradır. Növbəti 5 ildə əməkdaşlığımız iqtisadiyyatın şaxələndirilməsi, insan kapitalına investisiyaların artırılması, taşıl və dayanıqlı infrastrukturun inkişafı, regional əlaqələndirmənin və konnektivliyin genişləndirilməsi kimi prioritet istiqamətlər üzrə inkişaf etdiriləcək".
Nazir əlavə edib ki, hazırda tərəflər su təchizatı və təmizlənməsi, dəmir yolu infrastrukturu, kənd təsərrüfatı, xüsusilə işğaldan azad edilmiş ərazilərin inkişafı, həmçinin Ələt Azad İqtisadi Zonası ilə bağlı bir sıra layihələr üzərində birgə çalışır: "Diqqətəlayiq layihələrdən biri IsDB Qrupunun Qarabağ Baş Suvarma Kanalı və Qız Qalası Su Anbarı layihələrinin maliyyələşdirilməsində iştirakıdır. Bu layihələrin Cəbrayıl və Füzuli rayonlarında, eləcə də ətraf ərazilərdə su idarəçiliyinin təkmilləşdirilməsinə və kənd təsərrüfatı məhsuldarlığının artırılmasına mühüm töhfə verəcəyi gözlənilir.
Eyni zamanda, Azərbaycanın Ərəb Koordinasiya Qrupu ilə əməkdaşlığının yenidən canlandırılmasında göstərdiyi dəstəyə görə bank rəhbərliyinə minnətdarlığımı ifadə etmək istərdim. IsDB Qrupu, OPEC Beynəlxalq İnkişaf Fondu, Səudiyyə İnkişaf Fondu, Küveyt Ərəb İqtisadi İnkişaf Fondu və Əbu-Dabi İnkişaf Fondunun birgə səyləri nəticəsində nəqliyyat, dəmir yolu və su təchizatı sahələrində çoxmilyardlıq layihələr paketinin icrası istiqamətində mühüm irəliləyiş əldə olunub. Dünən Prezident İlham Əliyevlə keçirilən görüş zamanı isə əməkdaşlığın daha da genişləndirilməsi üçün əlavə istiqamətlər müəyyənləşdirilib".
"Təşkilat komitəsinə, IsDB-nin peşəkar və fədakar heyətinə, könüllülərə, eləcə də Azərbaycanda bu tədbirin təşkilinə töhfə verən dövlət qurumlarına təşəkkürümü bildirirəm. İnanıram ki, bu toplantı təkcə bankla ikitərəfli münasibətlərimizdə deyil, həm də üzv dövlətlərlə iqtisadi əlaqələrimizin daha da möhkəmləndirilməsi baxımından mühüm mərhələ oldu. Həmçinin Bakıya gələrək müzakirələrimizdə iştirak edən və öz ölkələrini təmsil edən bütün həmkar rəhbərlərə minnətdarlığımı ifadə edirəm. Bankın strateji baxışına və rəhbərliyinin müəyyən etdiyi prioritetlərə uyğun olaraq, IsDB ilə əməkdaşlığımızı həm Azərbaycanda, həm də az inkişaf etmiş ölkələrə xüsusi diqqət yetirməklə üçüncü dövlətlərdə genişləndirməyi səbirsizliklə gözləyirik", - deyə M.Cabbarov vurğulayıb.
Oxşar xəbərlər
IsDB Qrupunun növbəti İllik Toplantılarına sədrlik Burkina-Fasoya ötürülüb
IsDB illik toplantısını 2026-cı ildə Azərbaycanda keçirəcək
Mikayıl Cabbarov: "İsDB ilə əməkdaşlıq Azərbaycanın inkişafında mühüm rol oynayıb"
Nazir: "IsDB ilə 640 milyon dollarlıq 11 layihə icra olunur"
IsDB-nin 2027-2031-ci illər üzrə yeni strategiyası Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinə yönələcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İlham Əliyev: "Bu gün yoxsulluğun və işsizliyin səviyyəsi təqribən 5 faiz təşkil edir"
-
Ağakərim Səmədzadə: "Azərbaycan ekoloji siyasəti iqtisadiyyatın bütün əsas sahələrinə inteqrasiya edir"
-
"İnter" Marko Palestra üçün "Atalanta"ya təklif göndərib
-
Basqalda şəhid övladlarının "Zəfər" intellektual yay düşərgəsi keçirilib
-
Taksi sürücülərinin qeydiyyatı zamanı məlumatların yoxlanılması avtomatlaşdırılır
-
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib - YENİLƏNİB-3
