
Moody’s: "Xalq Bank"ın əmanət portfelinin 54%-i 20 depozitara aiddir

Moody’s: "Xalq Bank"ın əmanət portfelinin 54%-i 20 depozitara aiddir
“Moody’s Ratings” beynəlxalq agentliyi “Xalq Bank” ASC-nin uzunmüddətli yerli və xarici valyutada depozit reytinqini “Ba3” səviyyəsində təsdiqləyib. Reytinq üzrə proqnoz "sabit" olaraq saxlanılıb.
“APA-Economics” xəbər verir ki, agentlik Bankın problemli kreditlərinin artmasına diqqət çəkib. Belə ki, 2023-cü ilin sonunda ümumi kredit portfelinin 5,3%-ni təşkil edən problemli kreditlərin payı 2024-cü ilin sonuna 5,9%-ə yüksəlib. Eyni zamanda, bu kreditlər üzrə yaradılan ehtiyatların təminat səviyyəsi 84%-dən 80%-ə enib.
“Moody’s” qeyd edir ki, Bankın problemli kreditlərinin artmasına baxmayaraq, Azərbaycandakı müsbət makroiqtisadi mühit bu göstəricinin 5-6% aralığında sabit saxlanmasına imkan verəcək.
2024-cü ildə Bank 66 milyon manat xalis mənfəət əldə edib. Bu göstərici aktivlərin gəlirliliyi baxımından (ROTA) 2,2% təşkil edib ki, bu da son 5 ilin orta göstəricisindən (1,5%) yüksəkdir. Mənfəətin artmasına əsasən 4,8%-lik faiz marjası və aşağı risk ehtiyatları səbəb olub.
Hesabat dövründə Bankın kapital mövqeyi də möhkəmlənib. Risk çəkili aktivlərə nisbətdə maddi əsas kapitalın payı 17,4%-ə çatıb. Lakin gələcəkdə dividend ödənişləri və aktivlərin artması bu göstəricinin bir qədər enməsinə səbəb ola bilər.
Moody’s eyni zamanda Bankın depozit portfelində yüksək konsentrasiya riskini də qeyd edib. Belə ki, ilk 20 depozitçi ümumi depozitlərin 54%-ni təşkil edir. Buna baxmayaraq, sabit müştəri bazası bu riski qismən kompensasiya edir.
Agentlik qeyd edib ki, Banka reytinq dəstəyi Azərbaycan hökumətinin potensial müdaxiləsi ehtimalı ilə bir pillə artırılıb. Hazırkı reytinq göstəricilərinə mənfi təsir yalnız aktiv risklərinin artması və ya dövlət dəstəyinin zəifləməsi fonunda baş verə bilər.
Xatırladaq ki, Bankın depozit portfelinin ümumi həcmi 1 yanvar 2025-ci il tarixinə 1 milyard 905,4 milyon manat təşkil edib.